Yuxarı

Siyasət yolunu çaşdıranlar

Siyasət yolunu çaşdıranlar

Əli Kərimli, Arif Hacılı üçün siyasət özünə gün ağlamaqdır, xalqın gününə ağlamaq yox

"İşğal edilmiş Azərbaycan ərazilərini kim - hansı dövlətin ordusu azad etməlidir?” sualı hər kəsi düşündürməyə başlayıb. Əlbəttə, bəziləri bu sualın qəribəliyini, bəziləri də kor-koranə öz mülahizələri əsasında çıxardıqları nəticəsini düşünür.Nə qədər qəribə görünsə də insanlarda çaşqınlıq yaradan bu şəxs Müsavat Partiyasının başqanı Arif Hacılıdır.

Arif Hacılı bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ATƏT-in fəaliyyətsizliyini tənqid etməsinə münasibət bildirib və işğal altında olan Azərbaycan ərazilərinin türk ordusunun azad etməli olduğunu deyib: "Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir. Sayın cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT i "Avropada olan bir örgüt” adlandırır, Beynəlxalq Amnistiya Təşkilatının nümayəndələrini həbs etdirir, niyə Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə ordusuna əmr vermir?Niyə və kimdən çəkinir?”.

Ərdoğana başqan məsləhəti

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir və ölkəmizin müttəfiqidir.Ərazilərimizin işğal olunmasına görə Ermənistanla sərhədlərini bağlayıb və bütün istiqamətlərdə münasibətlərini dondurub.Müharibə vəziyyətində Azərbaycana maddi, texniki və hərbi yardım edəcəyini deyən ilk dövlət də Türkiyə olub. Amma Türkiyənin bu dost və qardaşlıq münasibətindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir və bu əraziləri azad etmək öz ordumuzun vəzifəsidir. Türkiyə bu mübarizədə ancaq Azərbaycana mənəvi dəstək verə bilər və burada savaşa başlayan ilk tərəf də Azərbaycan olmalıdır.Əgər işğal ərazilərinin azad olunması üçün Türkiyə Ermənistana müharibə elan etsə, bu, prosesləri tamam başqa məcraya yönəldəcək.Ən azı bununla Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə qarşılaşmalı olacaq.Türkiyə NATO üzvüdür və bu qurum qarşısında da öz üzərinə götürdüyü öhdəlikləri var. İndi Türkiyə Ermənistana müharibə elan edib Qarabağı azad etməyə cəhd etsə, nə baş verəcək?Hər halda Arif Hacılı bunu bilməmiş olmaz.

"Demokrat”dan demokratlara öyüd-nəsihət

Özlərinə umac ova bilməyib, başqalarına əriştə kəsənlərin siyahısı Arif Hacılı ilə başlamayıb və onunla bitmir.Bir dəfə də ənənəvi müxalifətin digər nümayəndəsi - "Yurd” təşkilatının sədri Əli Kərimli Ukrayna xalqına müraciət edərək onlara məsləhət vermişdi. Ukrayna da öz demokratik ənənələri olan, potensial Avropa İttifaqı və NATO üzvü, bir neçə dəfə də yürütdüyü siyasətdən narazı qaldığı üçün hakimiyyətlərini inqilabla dəyişən, ərazisi 603.62 km2 və əhalisinin sayı 50 milyona yaxın olan bir  ölkədir. Rusiyanın bütün təzyiqlərinə baxmayaraq, Avropa və NATO-ya inteqrasiya siyasətindən imtina etməyən Ukraynanın daxilində kifayət qədər müxalifət də var və bu müxalifət siyasət meydanında heç də Əli Kərimlidən az peşəkar deyil. İndi də Əli Kərimli - vaxtilə hakimiyyətin təyinatı ilə Milli Məclisdə deputat mandatı alaraq, bütün müxalifətçilik, demokratiya ənənələrinə xəyanət etmiş bir adam qalxıb ukraynalılara, o xalqa ki, ağla qaranı yaxşı seçə bilir- səsinin eşidilmədiyi tribunadan məsləhətlər verir.  

Gün ağlamaq, gününə ağlamaq

İndi sual oluna bilər ki, Azərbaycan torpaqlarını kim azad etməlidir, yaxud, özünə umac ova bilməyən siyasətçi başqasına əriştə kəsə bilərmi? Əlbəttə, ukraynalılara, Ərdoğana məsləhət vermək daha asandır, nəinki daxildə müxalifətçilik oyunu oynayıb gün sovurmaq.Amma görünən budur ki, ölkəsinin xalqı tərəfindən heç bir dəstəyə ümid etməyən Əli Kərimli, Arif Hacılı və digəriləri siyasətdə qalmağın yolunun bu məsləhətlərdən keçdiyini düşünürlər.Siyasət onlar üçün özünə gün ağlamaqdır, xalqın gününə ağlamaq yox.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları