Yuxarı

Qarabağla bağlı sentyabr gözləntisi

Qarabağla bağlı sentyabr gözləntisi

Həmsədrlər yeni plan təklif edir?

Qabil Hüseynli: "Hansısa yeni təkliflərə ehtiyac yoxdur”

Arzu Nağıyev: "Top Ermənistan tərəfdədir, biz onlardan cavab gözləyirik”

Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında bir neçə gün əvvəl baş vermiş növbəti qarşıdurmadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni gəlişmələr var. Erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə  təxribatçı hücumlarından sonra Ermənistanı yenidən danışıqlar masasına qaytaran ATƏT-in Minsk qrupu yeni həll planı olduğu rəyini formalaşdırır. Aktivləşən həmsədrlərin bu addımı Alxanlı təxribatından sonra Azərbaycanın işğalçıya qarşı hərbi əməliyyatları bərpa etmək ehtimalının qarşısına keçmək cəhdi kimi görünsə də, müəyyən diplomatik səviyyələrdə artıq yeni plan üzərində yaxın vaxtlarda danışıqların başlayacağı gözlənilir.  

Rusiya və Ermənistan KİV-ləri yeni planda münaqişə tərəflərini razı salacaq təkliflərin olduğunu və bunun iyulun 14-də iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşündə müzakirə ediləcəyini yazır. Ehtimallara görə, bu, münaqişənin 3 mərhələdə həllini nəzərdə tutur ki, Azərbaycan uzun müddətdir bununla bağlı gedən müzakirələrdə öz mövqeyini açıqlayıb. Yeni variantda hansı təkliflərin yer aldığı məlum olmasa da sentyabr ayınadək bununla bağlı həmsədrlər səviyyəsində açıqlamanın veriləcəyi də ehtimallar arasındadır. 

Həmsədrlərin yeni planı

Üçmərhələli həll planının Minsk qrupu həmsədrləri tərəfindən hazırlandığı bildirilir. Təkliflərin münaqişə tərəflərinə - Azərbaycan və Ermənistana göndərildiyi vurğulanır. Qeyd olunur ki, nəzərdən keçirilən təkliflər sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan arasında yüksək diplomatik səviyyədə müzakirə ediləcək. Bundan sonra prezidentlər səviyyəsində görüşün keçiriləcyi də həmsədrlərin ictimaiyyətə çatdırmaq istədiyi mesajlar arasındadır. 

"Yeni təkliflərə ehtiyac yoxdur”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə mövzu ilə bağlı bildirib ki, mərhələli həll planı oturuşmuş və bütün nüanslar nəzərə alınmaqla hazırlanmış variantdır. Politoloq qeyd edib ki, bu plana görə Qarabağ ətrafında yerləşən rayonlar mərhələli formada Azərbaycana qaytarılır:

"Ermənistan bu məsələdə "3+2+2” variantına üstünlük verir. Azərbaycan isə "5+2” variantını dəstəkləyir. Beləliklə, Azərbaycan sonuncu rayon azad olunduqdan sonra da Dağlıq Qarabağın statusunun müəyyən olunmasına üstünlük verir. Müzakirələrdə də bu şərtləri irəli sürür. Ermənistan "paket” həll planını da gündəmə gətirir, bu, ətraf rayonların qaytarılması ilə eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur və buna görə də mərhələli həll planını rədd edir. Amma belə məsələləri "paket” formasında həll etmək mümkün deyil. İlk növbədə Qarabağ ətrafındakı 5 rayon işğaldan azad edilməlidir, sonrakı mərhələdə isə 2 rayon qaytarılmalıdır. Bundan sonra Qarabağın statusu və "Laçın dəhlizi” məsələləri müzakirəyə çıxarılmalıdır. Yəni, bunlar sınanılmış variantlardır və buna hansısa yeni maddələrin, təkliflərin əlavə edilməsinə ehtiyac yoxdur”.

"Həmsədrlər böyük nailiyyət əldə etdilər”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə indiki şəraitdə substansiv və mərhələli danışıqların davam etdirilməsinin vacibliyini deyib. O hesab edir ki, həmin mərhələli danışıqlarda qaranlıq qalan məqamlar müzakirə olunmalı və ümumi rəy ortaya qoyulduqdan sonra qərar açıqlanmalıdır: "Lakin bütün hallarda ilk növbədə işğalçı qoşunlar Qarabağ ərazisindən çıxarılmalıdır. 

Bundan sonra münaqişə mərhələli şəkildə həll edilməlidir. Ümumiyyətlə, Ermənistan hakimiyyəti danışıqlar prosesindən qaçırdı, qoyulan suallara da cavab vermək istəmirdi. Son 20 ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gördükləri ən böyük iş Alxanlı hadisəsindən sonra verdikləri bəyanat idi və bundan sonra Ermənistanı danışıqlar masasına qaytarmaqdır. Bu, böyük nailiyyət kimi qeyd edilməlidir. Top Ermənistan tərəfdədir, biz onlardan cavab gözləyirik”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları