Yuxarı

AXCP xalqa müraciət etdi

AXCP xalqa müraciət etdi

"Sizi yenidən AXCP ətrafında səfərbər olmağa səsləyirik”

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 28-ci ildönümü qeyd ediləcək. Bu münasibətlə Azərbaycan Xalq Cəbhəsi Partiyası xalqa və cəbhəçilərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir:

"Əziz həmvətənlər!

Dəyərli cəbhəçilər!

Milli Azadlıq Hərəkatını yönləndirən və müstəqil Azərbaycan dövlətinin qurulması üçün formalaşan, çətin, lakin çox şərəfli bir tarix yazan Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasından 28 il keçir. AXC 16 iyul 1989-cu ildə Bakıda gizli konfrans zamanı təsis edildi və Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy sədr seçildi. Bununla da AXC Milli Azadlıq Hərəkatını istiqamətləndirən əsas qüvvəyə çevrildi. AXC-nin məqsədi Azərbaycan xalqını əsarətdən xilas edərək, istismarçı güclərin sümürgəçiliyindən ona nicat verməklə, bütövlükdə keçmişdən bəri zaman-zaman işğal olunmuş torpaqlarımızı geri qaytarıb bütöv Azərbaycan yaratmaq olub.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar hadisəsi və dirçəliş, siyasi hakimiyyət və çevriliş) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqedə olub. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC-nin  bazası əsasında təşkilatlanıblar.

AXC-nin varisi hazırda Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Partiya 1989-cu ildə siyasi hərəkat kimi yaradılan Azərbaycan Xalq Cəbhəsinin hüquqi varisidir.

Azərbaycanda 1992-ci ildə "Siyasi partiyalar haqqında” Qanun qəbul edildikdən sonra AXC məcburi qaydada 1995-ci ildə partiyaya çevrildi.

AXC Azərbaycan xalqına müstəqillik bəxş etdiyi kimi demokratiya bəxş etmiş ilk təşkilatdır. 1992-ci ildə Azərbaycan tarixində ilk dəfə demokratik qaydada prezident seçkiləri keçirildi və AXC sədri Əbülfəz Elçibəy xalqın istəyilə prezident seçildi. Elçibəyin bir illik iqtidarı dövründə ölkəmiz böyük nailiyyətlər əldə etdi. Əbülfəz Elçibəy rus qoşunlarını Azərbaycandan çıxartdı, milli valyutamız dövriyyəyə buraxıldı, ilk dəfə test imtahanları ilə ali məktəblərə qəbul başladı, xarici ölkələr və böyük neft şirkətlərilə neft danışıqları aparıldı.

AXC-nin bir illik iqitdarı və Əbülfəz Elçibəyin prezidentliyi dövründə böyük işlər görüldü, millətin kimliyi özünə qaytarıldı. 1993-cü ilin iyun ayında Surət Hüseynov xarici havadarlarının diktəsi ilə silahlı qiyam qaldırdı və AXC iqtidarını, Əbülfəz Elçibəyi hakimiyyətdən qiyamla devirdi. AXC-nin iqtidarda təmsil olunan komandasının naşılığı və bacarıqsızlığı Elçibəyi meydanda tək qoydu. Elə bir vəziyyət yarandı ki, ölkədə vətəndaş müharibəsi gözlənilirdi, Azərbaycanın müstəqilliyi təhlükədə idi. Son anda belə Elçibəy dövrün ən böyük gedişini etdi və Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bununla da Azərbaycanın müstəqilliyini bir daha qorumuş oldu. Əgər həmin zamanlarda hakimiyyət Surət Hüseynov və onu dəstəkləyən qüvvələrin əlinə keçsəydi, bu gün Azərbaycanın müstəqilliyindən danışa bilməzdik. Lakin Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu və bu gün Azərbaycan müstəqil dövlətdir.

Zaman-zaman daxildən xəyanətlərə tuş gələn, müxtəlif təzyiqlərə məruz qalan AXCP bütün çətinliklərə baxmayaraq, öz varlığını, siyasi mübarizəsini, əzmini qoruyub saxlaya bilib. Xarici qüvvələrlə yanaşı AXCP-nin daxilində də zaman-zaman dağıdıcı rol alan qüvvələr olub. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd” birliyi AXCP-nin zəifləməsində, siyasi səhnədən sıxışdırılmasında hansısa xarici qüvvədən az rol oynamayıb. Bu adamın məqsədi müxalifəti zəiflətmək, siyasi səhnədə iflas etmək idi və indi də bu fəaliyyətini davam etdirir. Buna nail olmaq üçün isə ilk işi də AXCP-də təfriqəçilik yaratmaq, bu təşkilatdakı fədakar insanları üz-üzə qoymaq, onları zəiflədib, yorub partiyadan uzaqlaşdırmaqla əslində partiyanı zəiflətmək və tarixi missiyasını ləkələmək olub. Amma dəyərli cəbhəçilər, fədakar insanlar buna imkan vermədilər. 2015-ci ilin oktyabrında AXCP toparlandı, Qurultayını keçirdi və Əli Kərimlini partiyadan uzaqlaşdırdı.

Bu gün AXCP-yə Əbülfəz Elçibəy ideyalarının davamçısı, Məhəmməd Əmin Rəsulzadə məfkurəsinin icrası və həyata keçirilməsi uğrunda bütün səylərini səfərbər etmiş Razi Nurullayev rəhbərlik edir.

Əbülfəz Elçibəyin siyasi yolunu davam etdirən AXCP hal-hazırda da öz fəaliyyətini xalqın rifahı, tərəqqisi, demokratik cəmiyyət quruculuğu, ölkənin inkişafı, Qarabağ probleminin həlli və digər problemlərin aradan qaldırılması yolunda istər verdiyi təkliflər paketi ilə, istərsə də hüquqi və siyasi müstəvidə mümkün olan bütün vasitələrlə davam etdirir.

Əziz həmvətənlər!

Dəyərli cəbhəçilər!

Biz həmin dövrdəki xalq əzminin, xalq ruhunun indi də yaşamasını istəyirik. Azərbaycan Xalq Cəbhəsinin varisi  AXCP olaraq, xalqın təəssübünü çəkən, xalqın aqibətini düşünən, tarixi torpaqlarının bərpasını tələb edən, Qarabağ probleminin Vahid Qərar Şurası yaradılaraq, xalqın vahid rəyi nəticəsində həll yolunu göstərən, xalqın ağır və ağrılı sosial problemlərdən xilas olması üçün real təkliflər verən siyasi yol tutmuş Elçibəy davamçıları olaraq sizi bu mübarək tarixi hadisənin ildönümü münasibəti ilə təbrik edirik!

Bu tarixi hərəkat xalqımızın qanlı və şanlı tarixində yeni bir səhifə açdı. Bu, həm də bir oyanış hərəkatına çevrildi və böyüdü. Sadəcə xarici düşmənlər və daxildə müxtəlif imperiyaların əlaltısı olan şəxslər AXC hakimiyyətini devirdilər. Bununla da millətin ali məqsədlərini yarıda qoymağa nail oldular. Yarıda qalmış böyük amalların indi həyata keçirilməsi üçün Siz əziz xalqımızın rəyinə, hərəkətliliyinə böyük ehtiyac var. Elçibəyin yarımçıq qalmış böyük amalları indi Sizin, bizim vasitəmizlə həyata keçməlidir.

Biz Sizi yenidən AXCP ətrafında səfərbər olmağa səsləyirik. Bu partiya Sizin, yəni xalqın Cəbhəsi, xalqın partiyası, xalqın tribunasıdır.

Xalqımızın birliyi və xoşbəxtliyi bizim ali məramımızdır. Bütövlüyümüz gələcək amalımızdır.
Tarixi yazan, yaradan və yaşadan - Siz, əziz xalqımızın, dəyərli cəbhəçilərin günü mübarək olsun!

Cebhe.info





Həftənin ən çox oxunanları