Yuxarı

Azərbaycan-Avropa danışıqlarında yeni məqamlar

Azərbaycan-Avropa danışıqlarında yeni məqamlar

Ələsgər Məmmədli: "Hökumət yalnız bir şərti qəbul edir”

Noyabr ayında Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin sammiti keçiriləcək.Avropa Birliyi Azərbaycana sözügedən proqram üzrə öhdəlikləri yerinə yetirmək üçün xüsusi tərəfdaşlıq sazişi imzalamağı təklif edir.Artıq bu istiqamətdə danışıqlar başlanıb.Saziş layihəsinə həmçinin, Avropa Birliyinə üzvlük haqqında Assosiasiya Sazişinin şərtlərinin yenidən müzakirəsi daxildir.Xatırladaq ki, Azərbaycanla 2015-ci ildə Assosiasiya Sazişinə qoşulmaqdan imtina etmiş və bu mövqeyini ölkənin milli təhlükəsizliyinin müdafiəsinin vacibliyi ilə əsaslandırmışdı.

Bəziləri hesab edir ki, sazişə qoşulacağı təqdirdə Azərbaycanda da Ukraynadakı hadisələr baş verə bilər.Lakin Azərbaycan Avrasiya İttifaqına daxil olmadığından Qərbin analoji təzyiqlərilə üzləşmədi.İkinci amil Ukraynanın coğrafi mövqeyi ilə bağlıdır.Azərbaycandan fərqli olaraq, Ukraynanın Avrasiya İqtisadi Birlyinə daxil olması Şərqi Avropanın Təhlükəsizlik sistemi və NATO-nun şərqə doğru genişlənməsi proqramına təhdid yaradırdı.Təbii ki, Azərbaycan Assosiasiya Sazişini dəstəkləsə, Rusiyanın təzyiqləri ilə üzləşəcəyi istisna olunmur.Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olduğunu nəzərə alsaq, Azərbaycana qarşı təzyiqlər özünü daha çox münaqişə zonasında göstərə bilər. Ancaq 2016-cı ilin aprel ayında baş verən "dörd günlük müharibə” göstərdi ki, Ermənistan nəinki Azərbaycana qalib gəlmək iqtidarında deyil, hətta Rusiya işğal olunmuş ərazilərdə status-kvoya nəzarəti itirə bilər. Hadisələrin sonrakı inkişafı və ortaya çıxan informasiyalar rəsmi Bakının Assosiasiya Sazişindən iqtisadi və siyasi islahatlardan yayınmaq məqsədilə imtina etdiyini sübuta yetirdi.Azərbaycan sazişə birbaşa qoşulmasa da sənəddə əks olunan müxtəlif öhdəlikləri ayrılıqda mərhələli şəkildə həyata keçirə bilər.Məsələn, Ermənistan analoji üsuldan istifadə etmək barədə Avropa Birliyi ilə razılaşma əldə edib.Rusiya isə milli və regional təhlükəsizlik maraqlarına zidd olmayan digər sahələr üzrə islahatların təmin olunmasına etiraz etmir.

Azərbaycanın da qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, ticarət sahəsində rəqabətliliyin təmin edilməsi, Avropa Birliyi ölkələri ilə azad ticarət imkanlarının artırılması, insan hüquqları, media azadlığı, seçki sistemi və digər sahələr üzrə mərhələli islahatları həyata keçirmək imkanları hələ qalır. Əgər Avropa Birliyi ilə aparılan danışıqlar müsbət nəticə verərsə, Azərbaycan noyabr ayında tərəfdaşlıq sazişini imzalaya bilər.

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Azərbaycan Avropa Birliyi ilə danışıqları bərpa edib. Lakin ekspert müzakirələrin asan keçmədiyini deyir: "Hökumətin şərtlərin hamısını qəbul edəcəyinə mən əmin deyiləm. Əslində, hökumət yalnız bir istiqamətdə-iqtisadi əməkdaşlıqda maraqlı görünür.İnsan hüquqularının qorunması, vətəndaş cəmiyyətinin nəzarət prosesinə qoşulması, hüququn üstünlüyündə maraqlı deyil.Ona görə də danışıqlar noyabr ayına qədər davam edəcək.Ancaq noyabr ayında saziş imzalanmaya da bilər”.

Ələsgər Məmmədli onu da bildirdi ki, Assosiasiya Sazişi üzrə media azadlığı sahəsində də Azərbaycanın qarşısında bir sıra öhdəliklər qoyulur. İndiki şəraitdə həmin öhdəliklərin yerinə yetirilməsi nə qədər zəruri olsa da reallaşacağına ümid çox azdır: 

"Həmin şərtlərə görə, Avropa standarlarına uyğun olaraq mediaya hər hansı müdaxilənin olmaması, dövlət mediasının tədricən özəlləşdirilməsi və ictimailəşdirilməsi, kütləvi informasiya vasitələrinə hüquqi mühitin yaradılması, təzyiqlərin aradan qaldırılması, informasiya azadlığının təmin olunması, KİV-in iqtisadi dayanıqlığının təşkili yollarının açılması, reklam bazarının sərbəst fəaliyyəti və medianın bu bazara çıxışına şərait yaradılması üzrə öhdəliklərə əməl edilməlidir. Eyni zamanda, medianın hökumətə ictimai nəzarət funksiyasını da itirməməlidir.Çünki hökumətin nəzarəti şəffaf olmadan və medianın ona nəzarəti təmin edilmədən demokratik cəmiyyət qurmaq mümkün deyil.Lakin Azərbaycan hökuməti iqtisadi əməkdaşlıqdan başqa digər təklifləri müzakirə etmək istəmir.Amma Avropa Birliyi də iqtisadi əməkdaşlıqdan başqa digər təklifləri yox saymaq fikrində deyil.Ona görə də çox güman ki, danışıqlar bu ətrafda aparılır.Yəni iqtisadi azadlıqlar siyasi azadlıqlara çox bağlıdır. Əgər məhkəmə sistemi azadlığı mövcud deyilsə, iqtisadi şəffaflıq qeyri-mümkündür ”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları