Yuxarı

Azərbaycandan Qarabağ şərti

Azərbaycandan Qarabağ şərti

Arzu Nağıyev: "Ermənistana təzyiq edilmədiyi üçün proses uzanır”

Zaur İbrahimli: "Kreml Azərbaycanla Ermənistan arasında hərbi paritetin pozulmamasına çalışır”

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edəcəyi barədə yayılmış məlumatları təkzib edib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamenti direktorunun müavini Artyom Kojin açıqlama verib. O, qeyd edib ki, Moskvanın guya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək barədə təklif verdiyi uydurmadır.

İndi Rusiya XİN bu məlumatı təkzib edir və belə görünür ki, heç rəsmi Moskvanın da Qarabağ danışıqlarını bərpa etməyə həvəsi yox imiş. "Biz "İzvestiya” qəzetinin 17 iyul tarixli "Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edir” başlıqlı məqaləsinə diqqət yetirdik. Qeyd etmək istərdik ki, məqalədə faktiki qeyri-dəqiqliyə yol verilib. Orada Rusiya XİN-dəki mənbəyə istinadən deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlarında, hansı ki, bu danışıqlar guya ATƏT XİN rəhbərlərinin Mauerbaxdakı görüşündə baş tutub, təklif verilib ki, həmin Qafqaz dövlətlərinin rəhbərlərinin Moskvada görüşü təşkil edilsin. Bu, həqiqətə uyğun deyil”, - Kojin qeyd edib.

Rusiya niyə geri çəkildi?

Xatırladaq ki, Moskvanın Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin payızında görüş təşkil edəcəyi haqda məlumatı Rusiyada nəşr olunan "İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbələrə istinadən yaymışdı. Mənbə bildirirdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin, konkret olaraq Fransanı prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü heç bir nəticə verməyib.Nəticədə görüşün təşkili məsələsi Rusiyanın öhdəsindən gələcəyi məsələsinə çevrilib.

Ekspertlərə görə, Kremlin görüşü təşkil etməkdən imtina etməsinin əsas səbəbi Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü konkret şərtlərdir.Məlumdur ki, Ermənistan silahlı birləşmələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə təxribatçı hücumundan sonra Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov Azərbaycanın bundan sonra danışıqlar naminə danışıqlara getməyəcəyini bildirdilər.Rəsmi Bakı yalnız yekun nəticəsi olacaq danışıqlara hazır olacağı halda Ermənistanla müzakirələrin mümkünlüyünə diqqət çəkir.Görünən budur ki, yaxın günlərdə Azərbaycan və Rusiya prezidentləri arasında Soçidə baş tutumuş görüşdə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılmalı olan konkret addımlar müzakirə olunub və belə bir görüşün keçirilməsi gündəlikdən çıxarılıb.

Putin - Əliyev görüşündə Qarabağ məsələsi

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya görüşdən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan qarşısında irəli sürdüyü konkret şərtlər qarşılığında imtina edib. A.Nağıyev hesab edir ki, Rusiyadan son zamanlarda prezidentlərin görüşünün keçiriləcəyi ilə bağlı verilən anonslar əvvəldən də cəfəngiyyata oxşayırdı: 

"Ümumiyyətlə, bunlar normal təkliflər deyil. ABŞ və Fransa bu görüşü təşkil edə bilmədiyi üçün Rusiya da burada nüfuz sahibi olduğunu göstərmək üçün belə vasitələrə əl atır.Lakin bu cəhdi baş tutmadı.Hesab edirəm ki, digər səbəb də yaxın günlərdə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş görüşdür.Məlumdur ki, Putin və dövlət başçımızın yüksək səviyyədə işgüzar görüşü baş tutdu.Yəqin ki, bununla bağlı müəyyən detallar açıqlanacaq.Şübhəsiz ki, ən əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılacaq addımlar olacaq.Rusiya bu gün həmsədr dövlət və SSRİ-nin varisi kimi addımlar atmağa çalışır, amma bunlar konkret deyil. Həmçinin Ermənistana təzyiq edilmədiyi üçün proses uzanır. Məhz buna görə də Azərbaycan substansiv danışıqlara getməyə hazırdır.Əgər bu yoxdursa, danışıqlar naminə danışıqların aparılması, bizə lazım deyil”.

"Kreml vəziyyəti olduğu kimi saxlamağa çalışır”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, 2016-cı ildə 4 günlük aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri 2 dəfə görüşüblər. Politoloq bu görüşlərdə heç bir irəliləyişin qeydə alınmadığını da diqqətə çatdırıb:

 "Bu görüşlərdən sonra keçən il avqutsun 8-də Bakıda azərbaycanlı həmkarı ilə görüşdə Putin qeyd etmişdi ki, Moskva hər iki tərəf üçün kompromis və qəbul edilə biləcək həll variantı tapması üçün səy göstərir. Amma aprel hadisələrindən sonra Moskvanın bütün səyi Ermənistanın hərbi potensialının güclənməsinə yönəlib.Görünən də budur ki, Kreml Azərbaycanla Ermənistan arasında hərbi paritetin pozulmamasına çalışır və bu istiqamətdə ermənilərə yardım edilir.İndi də heç nə dəyişməyib və bütün bunların fonunda Moskvanın verdiyi vədlər xülyadır.Digər həmsədr ölkələr - ABŞ və Fransa da son 3 ildə müşahidəçi mövqeyindən çıxış edir.Onların əsas səyləri hərbi əməliyyatların başlamasının qarşısını almaqdır”.

Zaur İbrahimli mövcud situasiyada danışıqların heç bir nəticə verməyəcəyini deyib: 

"Nəzərə almaq lazımdır ki, Ermənistan yenə öz işğalçı mövqeyindən çıxış edir və ümumiyyətlə, konstruktiv danışıqlara hazır deyil. Belə bir şəraitdə prezidentlərin görüşü heç bir nəticə verə bilməz.Ola bilsin ki, doğrudan Minsk qrupu həmsədrlərinin regiona səfərləri, Azərbaycan və Ermənistan XİN başçılarının bu yaxınlarda Vyana danışıqlarından sonra hansısa məsələlərin müzakirəsi üçün prezidentlərin görüşməsinin lazım olması qənaətinə gəlinib.Amma sonradan Kremldə vasitəçilik səylərinin gücləndirilməsi istiqamətində fəallığa ehtiyac görməyiblər.Çünki Rusiya üçün çox çətin mərhələ başlayır, ABŞ Konqresində partiyalar Rusiyaya qarşı yeni sanksiyalar barədə razılıq əldə ediblər. Digər yandan Rusiyada senytbarda prezident seçkiləri kampaniyası start götürməlidir. Ermənistanda isə 2018-ci ildə yeni prezident seçiləcək.Bu proseslər fonunda Kreml hər şeyin olduğu kimi qalmasında maraqlıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları