Yuxarı

"5-ci kolon” hərəkətə gəlir

Əli Əliyev: "Rusiyanın ölkəmizdəki uzantıları fəallaşıblar”

Rüfət Muradlı: "Həmin şəxslər üçün düyməyə basılıb” 

Rusiya hakimiyyətinin Azərbaycandakı tərəfdarları  fəallaşıblar. Sosial şəbəkələr və bir sıra media qurumlarında aktivləşən ruspərəst siyasət adamları və ekspertlər Rusiyanı Azərbaycanın "xilaskarı” qismində təqdim edirlər. Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun sosial şəbəkələrdə fəallaşması və adından bir sıra şəxslərin ölkədə gedən ictimai-siyasi proseslərə münasibətlər bildirməsi də bu qəbildən hesab olunur.

Qeyd edək ki, Surət Hüseynov hazırda da Rusiyanın Azərbaycana yönəlik planlarında ən ciddi fiqurlardan biri kimi qəbul olunur. Nəzərə alsaq ki, o, vaxtilə Azərbaycanda dövlət çevrilişinə cəhd etməkdə ittiham olunanda qaçdığı yer də Rusiya idi. Bu baxımdan S.Hüseynovun seçki ərəfəsində ortaya çıxması təsadüf hesab olunmur. Onun adı Rusiyanın seçkilər üçün hazırladığı yeni siyasi layihədə hallanır.

Humanist Partiyasının sədri Oqtay Ataxan da fəallaşanlar arasındadır. Rusiya yönümlü mövqeyi ilə seçilən Oqtay Ataxanın sosial şəbəkədə (Facebook) "Mən də prezident” olmaq istəyirəm adlı səhifənin müəlliflərindən biri olduğu bildirilir. 

Səhifədə əsasən Rusiyanın maraqlarına cavab verən məsələlər gündəmə gətirilir. O məsələ təbliğ olunur ki, Azərbaycanın müstəqilliyinin qaranatı Rusiyadır və Rusiya həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun həll edilməsində kilid rolu oynadığı vurğulanır. Rusiyanın hakimiyyət daxilindəki "5-ci kolon”unun fəallaşmasına gəlincə, bu, seçkilər ərəfəsində Azərbaycan hakimiyyətinə Rusiyadan artan təzyiqlərlə əlaqələndirilir.

"Hakimiyyət daxilində nəsil dəyişikliyi prosesi başlayıb”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə bildirib ki, hakimiyyət daxilində ciddi formada nəsil dəyişikliyinə hazırlıq gedir. Ə.Əliyev hesab edir ki, bunun səbəblərindən biri də hakimiyyətin xarici siyasət kursunu dəyişmək istəyindən qaynaqlanır: "Gələn məlumatlara görə, artıq "5-ci kolon”un nümayəndələri sıxışdırılır və mövqeləri zəiflədilir. Rusiya da bunu bilir. Buna görə də Rusiyanın ölkəmizdəki uzantıları fəallaşıblar. Azərbaycanda 2003-cü ildə keçirilmiş seçkilərdən əvvəl də belə hallar yaşanmışdı. Bu gün də həmin proses baş verir və Rusiya daxildən hakimiyyətə təzyiq etməyə başlayıb. Bakı buxtasına rus gəmilərinin gəlməsi də təsadüfi deyil. "5-ci kolon”un nümayəndələrinin fəallaşması və bu, eyni məsələnin detallarıdır. Moskva yenə də Azərbaycanı fərqli siyasi kursdan yayındırmağa çalışır və onu buna məcbur etməyə cəhd edir”.

VİP sədri qeyd edib ki. Rusiyanın Azərbaycana təzyiqləri digər istiqamətlərdə də özünü göstərəcək: "Məsələn, Ermənistan - Azərbaycan sərhədlərində gərginlik pik həddə çatdırıla bilər. Eyni zamanda Gürcüstan ərazlərində Bakı - Supsa boru kəmərinin rusiyalı hərbçilər tərəfindən nəzarətə götürülməsi də Azərbaycana təzyiq elementi ola bilər”.

"Mərkəzləri Moskvada yerləşir”

Politoloq Rüfət Muradlı "Cümhuriyət” qəzetinə həmin şəxslərin bir mərkəzdən idarə olunduqlarını deyib: "Sanki həmin şəxslər üçün düymə basılıb ki, Rusiya yönümlü fikirləri ilə gündəmə gəlsinlər. Hazırda Rusiyanın maraqlarını müdafiə edən çağırışlarla gündəmə gəliblər. Bu, vahid mərkəzdən idarə olunur. Təəssüflər olsun ki, Azərbaycanda Rusiyaya hələ də nostalji hisslərlə baxanlar var. Bəziləri də şou düşüncəsinin sahibidirlər, keçmiş kommunist nomenklaturasından qalmış sözləri təkrarlayırlar. Artıq Rusiya kommunizmdən imtina edib.

Bəs siz Moskvada nə axtarırsınız? Bu gün də Sovet rejiminin təsirindən çıxa bilməyən insanlar var. Cəmiyyətdə xüsusi zümrələr var ki, onların da idarəetmə mərkəzi Moskvada yerləşir. Bu, Azərbaycan üçün yaxşı hal deyil. Amma təkcə Azərbaycanda yox, bir sıra keçmiş Sovet respublikalarında da belə hallara rast gəlinir. Başqa sözlə, bunlar vahid mərkəzdən idarə olunduqlarına görə, hadisələr kompleks halda baş verir. Baş verənlər Azərbaycan üçün təhlükəlidir”.

Mənsur





Həftənin ən çox oxunanları