Yuxarı

Sənə bir daş atar yerindən duran...

Sənə bir daş atar yerindən duran...

Elçibəyi "silahdaş”ları daşlayır

Vüsal Qarayev: "Bunun adı ləyaqətsizlik, əxlaqsızlıq, simasızlıqdır”
Tural Abbaslı: "Rəsulzadə və Elçibəy Azərbaycan siyasət tarixinin iki ən böyük simvollarıdur, onların hansısa formada təhqir olunması yolverilməzdir”

Azərbaycanın mərhum prezidenti və Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə yenidən sosial şəbəkələr və xəbər portallarında böhtan atmağa başlayıblar. Məsələdə diqqətçəkən məqam budur ki, Elçibəyə vaxtilə onunla eyni siyasi komandada və Xalq Hərəkatında çiyin-çiyinə mübarizə aparan şəxslər böhtan atırlar. Çox hallarda böhtanla yekunlaşan polemikalarda əsas iştirakçı tərəflər ənənəvi müxalifətin öndə gedən adlarıdır. Ümumiyyətlə, son dönəmlərdə Elçibəyə qarşı aparılan əks təbliğatın başında ənənəvi müxalifətin dayandığı gözdən qaçmır.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, politoloq Zərdüşt Əlizadə, "Yurd” sədri Əli Kərimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlıdan sonra bu dəfə də Azərbaycan Xalq Azadlıq Hərəkatının liderini Müsavat Partiyasının keçmiş başqanı, Xalq Cəbhəsi hökuməti dönəmi parlamentinin sədri İsa Qəmbər və dönəmin müdafiə naziri Rəhim Qazıyev hədəfə alıb. İsa Qəmbər Elçibəyi yanlış təyinatlarda ittiham etdiyi halda, Rəhim Qazıyev onun kürəkəninin müharibədən qaçaraq fərarilik etdiyini və Elçibəyin xalq arasında reytinqinin aşağı olduğunu, təqdim olunduğu qədər sevilmədiyini deyib. Görünən budur ki, vaxtilə Əbülfəz Elçibəyin siyasətçi etdiyi adamlar, layiq olmadıqları halda yüksək postlarda əyləşdirdiyi şəxslər bu gün ona qarşı "qarayaxma kampaniyası” aparmağı lazım bilirlər.

"Elçibəydən qorxurlar”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev "Cümhuriyət” qəzetinə bildirib ki, Əbülfəz Elçibəyə dil uzatmaq, qara yaxmağa çalışmaq iyrənclikdir. Partiya yetkilisinin sözlərinə görə, vaxtında Elçibəyi tənqid etməyi bacarmayıb kölgəsində fırlananlar bu gün özünü siyasətçi hesab edirlər və ona dil uzadırlar: 

"Bunun adı ləyaqətsizlik, əxlaqsızlıq, simasızlıqdır. Təxmin edirəm ki, bu biabırçı qaralama kampaniyasının arxasında kimlər durur. Bəzi dairələr Əbülfəz Elçibəyin adından, xalqın o böyük şəxsiyyətə sevgisindən, sayğısından qorxur. Buna görə də bəyi öz silahdaşlarının əliylə vurmağa, gözdən salmağa çalışır. O silahdaşlar ki, hələ Elçibəyin sağlığında öz şəxsi mənfəətləri üçün bəyə və dolayısıyla xalqa, xalqın mübarizə ruhuna, ideologiyasına xəyanət yolunu tutdular. Bu üzqarası "siyasilər”, "ictimai xadimlər” bu gün də xəyanət yolunda öz "krişalarına” "fədakarlıqla” xidmət edirlər. Biz, Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, Əbülfəz Elçibəy şəxsiyyətinə dil uzadanların, qara yaxmağa çalışanların cavabını lazımınca verəcəyik. Əbülfəz Elçibəy şəxsiyyətinə kölgə salmağa çalışan hər kəs - istər iqtidarda, istər "müxalifətdə” olan qüvvələr bizi qarşılarında görəcəklər. Hər zaman demişik, yenə də təkrar edirəm, bizim, AXCP-nin yolu Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy yoludur. Bu şəxslər toxunulmazdır və bu toxunulmazlığı biz təmin edəcəyik”.

"Hərə öz marağına uyğun təbliğat aparır”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə deyib ki, Xalq Cəbhəsi dönəmində baş verən hadisələr debatlarda həll olunmalıdır, amma bunlarla bağlı ittihamlar irəli sürənlərin heç biri belə bir debat təşkil etməkdə maraqlı görünmür. Partiya sədri qeyd edib ki, məsələlər birtərəfli qaydada gündəmə gətirilir, bu da təəssüf doğurur: 

"Təəssüflər olsun ki, Xalq Cəbhəsi hakimiyyəti dönəmində cərəyan edən hadisələr obyektiv araşdırılmayıb, debatlar təşkil edilməyib. Hərə öz maraqlarına uyğun təbliğat aparır. Rəhim Qazıyev və Nemət Pənahlı, o cümlədən digərləri də tamam başqa təbliğat aparıb. Biz də yaşımıza görə həmin dönəmdə baş verənlərdən xəbərdar olmadığımıza görə onların dediklərinə inanmağa məcburuq. Tarix obyektiv araşdırılmalıdır. Amma Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy Azərbaycan siyasət tarixinin iki ən böyük simvoludur, onların hansısa formada təhqir olunması yolverilməzdir. İstərdim ki, həmin dönəmlərdə siyasətin başında olan insanlar özlərində cəsarət tapıb normal, obyektiv debatlar təşkil etsinlər. 

Qarşı-qarşıya oturub faktlar və sübutları masaya qoysunlar. Nə qədər ki, məsələyə hərə öz marağı yönündən yanaşır, həmişə mübahisəli məqamlar olacaq”.

Tural Abbaslı hesab edir ki, Xalq Cəbhəsi dönəmi hadisələrinin araşdırılması ilə müstəqil araşdırmaçılar məşğul olmalıdırlar: 

"Əks halda mübahisələr daha kəskin hal alacaq. Mən həmin dönəmdə siyasətdə və rəhbərlikdə olan şəxsləri normal debatlar keçirməyə çağırıram. Şayiələrə son qoymaq lazımdır. Sübutlarla həqiqətləri insanlara çatdırmaq lazımdır. Əks halda axıradək kimin kimə rəğbəti varsa, özünü haqlı çıxarmağa çalışacaq”.

Mənsur





Həftənin ən çox oxunanları