Yuxarı

"Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın..."

Hər şey ondan başladı ki, dövlət tərəfindən 255 jurnalist mənzillə təmin edildi. Milli Mətbuat günündə Prezident 255 jurnalisti mənzillə mükafatlandırdı. Xüsusi və özəllikcə fərqli yanaşmadır. Bir vətəndaşın, jurnalistin həyat şəraitinin yaxşılaşdırılması, dövlətindən mükafat alması həm də dövlətin başucalığı, sosiallığıdır. 

Amma bəzi "siyasətçilər”, onların əlaltıları bu hadisəyə olmazın çirkab atmağa çalışırlar. Bunun bədəlini də ağır formada ödəyirlər. Fərqində deyillər ki, cəmiyyətdə etimadları itir və illərlə zəbt etdikləri yeri sosial sifarişlə yeni siyasi qüvvələrə vermək məcburiyyətində qalırlar. O zaman isə bu uduzmuş siyasətçilər, onların trolları bütün mümkün və qeyri-mümkün imkanlardan istifadə edərək, yeni hədəf axtarır və jurnalsitlərə böhtan atır, onları satqınlıqda ittiham edir. 

Şər atılanların sırasında bəndəniz də var. Bizə verilən evlər dövlət başçısının jurnalistlərə diqqəti, onların yaşam düzənlərinin yaxşılaşdırılması üçün qayğıdır. Ancaq ağzı, özü, ruhu göyçək olmayanalar hər cür iftira atırlar. Biri deyir, evləri var, biri deyir nəinki evləri, hətta bağları da var, biri deyir satıldılar və s... Yalan və böhtandır. Özü də mağmıncasına. Bu böhtanı atanlar mağmın olmasaydılar dediklərinə, yazdıqlarına azca da həqiqət payı qatardılar. Heç olmasa bir ünvan göstərərdilər, susardıq. 

Məsələn, mənimlə bağlı desəydilər ki, maşını var, səsimi də çıxarmazdım. Deyərdim var axı! Amma ƏMRƏ MÜNTƏZİRlər bütün dediklərində olduğu kimi bu dəfə də böhtan və çirkab püskürən bir mexanizm olduqlarını sübut etdilər. Axı mənim bağım yoxdu! Kaş ki olaydı, lap kimsə hədiyyə verəydi, qəbul və minnətdarlıq da, təşəkkür də edərdim. Nə var ki burada? 

Ruhlarını, vicdanlarını xarici havadarlarına, imanlarını şeytana satanlar bizi də özləri kimi təsəvvür edir, elə bilirlər ki, hamı onlar kimidir. Satqın olacaq, ədalətsiz olacaq, haqqa nahaq deyəcək. Necə ki, illərdir özləri deyirlər. Ağı qara görürlər. 

Bir xoruz məsəli ilə. Kolun arasına giriblər elə bilrilər ki, quyruqları görünmür. Özlərinin xislətlərini başqalarına şamil edirlər. Necə olur ki, biz bu dövlətdə yaşaya-yaşaya, bu dövlətin qarşısında az və ya çox xidmətimiz ola-ola ev veriləndə dönüb satqın oluruq, qələmimizi satmış sayılırq, amma siz hansısa Conun, Mayklın verdiyi evdə oturub, onun verdiyi pulla yaşayanda, maşın sürəndə, dəbdəbəli istirahət mərkəzlərində dincələndə satqın olmursuz? Biz kimə satılmışıq ki? Biz qələmimizi niyə satmışıq ki? Vergi verdiyimiz dövlətəmi? Bəs siz kimə satılıbsınız? Vergi vermədiyiniz, əksinə conların, mayklların vergisindən pay aldığınız dövlətlərə! Bizlər dövlətimizi sizin "dövlətləriniz”dən qorumaq istəyirik. Çünki onlar sizi məhz buna görə yedirdib-bəsləyirlər. Heç olmasa, ayıbınıza kor olun! Bu ölkənin dərdləri, problemləri, uğurları ilə yaşayanları ittiham etməyin. 

Şəxsən məndə sizlərin ədalətsizliyinizə şübhə yoxdur. Həyanızı da itirdinizmi? Onu harda kayb etdiniz? Sizdən verilən evlərin, pulların əvəzinə olub-qalan həyanızımı da aldılar? 

Mən sözümü yazıram, qəzetimiz də, saytımız da oxucularının qarşısında gözükölgəli deyil. Haqq hesab etdiyimizi, bildiyimizi yazırıq. Alternativ fikri cəmiyyətə çatdırırıq. Tənqid edirik, çatışmazlıqları göstəririk. Sizin yalançı, ancaq özünü düşünən, özünün maddi gəlirlərinə söykənən xor kapellanıza qoşulub danışsam onda mənə satqın deməyəcəksiniz, eləmi? 

Öyrəndiyim, gördüyüm, oxuduğum bu olub ki, yalanlarla demokratiya mübarizəsi aparılmır. Adamları şərləmək demokratya deyil, vicdansızlıqdır, əxlqasızlıqdır. 

Tutaq ki, o evlərdən biri də mənə verilməyəydi. Nə qazanacaqdınız? Düşünürsüz ki, sizin kapellanızın üzvümü olacaqdım? Yanılırsınız. Sizlərdən daha çox və dəfələrlə şansım olub sizin yaşadığınız həyatı yaşamağa. Amma bu yolu seçməmişəm, mənim kimi yüzlərlə dostlarımız da seçməyib. Bizim üçün bu VƏTƏN, bu torpaq sizin dəyərlərinizlə ölçülmür. Ona görə də pisimiz də, yaxşımmız da özümüzündür. Bu düşüncədə yaşadıq və yaşayırıq. 

Yenə də sözümüzü yazırıq, fəaliyyətimizi göstəririk. Amma sizlər hamıya fərq qoymadan çirkab atırsınız, tənqid etmirsiniz, məhz çirkab atırsınız! Dayanın bir... Qohumlarınızın yaşadığı, əcdadlarınızın uyuduğu Vətəni orada sizə verilən evlərə, müavinətlərə satmayın, onun ləyaqətli adamlarına şər atmayın...Həmişə olmasa da, bəzən çirkab içində olan vicdanınızı təmizləməyə çalışın! 

Və ən nəhayət, bizim sizdən fərqli olaraq, heç bir öhdəçiliyimiz yoxdur”. 

Rəfail Becanov
"Cümhuriyət” qəzetinin baş redaktoru, 
Cebhe.info saytının baş direktoru





Həftənin ən çox oxunanları