Yuxarı

Cənubi Qafqaz uğrunda SAVAŞ: Kim qazanacaq?

Cənubi Qafqaz uğrunda SAVAŞ: Kim qazanacaq?

Zəlimxan Məmmədli: "Rusiyanın təhdidləri artacaq”

Məhəmməd Əsədullazadə: "Təlimlər  Azərbaycana təzyiq xarakteri daşıyır”

Rusiya Şimali Qafqaz və Cənubi Osetiyada hərbi təlimə başlayıb.Təlimdə 16 min hərbçi və 4 min hərbi texnika iştirak edir.Rusiyanın bu bölgədə keçirdiyi hərbi təlimlərə münasibət bildirən Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin Rusiyanın Cənubi Osetiyadakı hərbi təlimi təkcə Gürcüstan üçün yox, Azərbaycan və İran üçün də təhdid olduğunu deyib.Şaşkin hesab edir ki, Rusiya maraqlarını gizlətmir və onlar Gümrüdəki hərbi bazalarına dəhliz açmaq niyyətindədir.

Ümumiyyətlə, Rusiyanın bölgə ilə maraqları zaman-zaman MDB ölkələri tərəfindən təhdid kimi qəbul olunub.Ekspertlər hesab edir ki, Rusiya daim imperiya siyasətini davam etdirir və bölgədə yeganə güc sahibi olmaq istəyir ki, bunu da heç bir zaman gizlətməyib.Rusiyanın bu maraqları Azərbaycandan da yan keçməyib.Məhz Dağlıq Qarabağ məsələsində Rusiyanın işğalçı Ermənistanı dəstəkləməsi və onunla hərbi tərəfdaşlıq etməsi Azərbaycana qarşı təzyiq siyasətinin bir hissəsidir.Ümumiyyətlə, Rusiyanın bölgədə hərbi təlimlərə başlaması nəyə hesablanmış addımdır?Bunun Azərbaycan üçün hansı təhlükələri var?

Siyasi-şərhçi Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın hərbi təlimlərinin Azərbaycan üçün konkret təhlükə hesab etdiyini bildirib:

 "Rusiyanın Cənubi Qafqazda maraqları var. Ermənistan isə Rusiyanın əlaltısıdır. Gürcüstanın əraziləri Rusiya tərəfindən işğal olunub.Azərbaycanda isə Rusiyanın birbaşa himayəsi ilə Xocalı soyqırımı törədilib və ərazisinin 20 faizi işğal olunub.Bütün bunlar danılmaz faktdır.Rusiya özü də Qafqazda olan maraqlarını gizlətmir, bütün hallarda bölgənin nəzarətini tam şəkildə ələ keçirmək istəyir.Hətta siyasi, hərbi sahədə bütün riçaqları öz əlinə almaq niyyətindədir.Bu da imperiya maraqlarından irəli gəlir.Digər tərəfdən Rusiya demokratik dünya ilə üz-üzədir, liberallaşmır, demokratikləşmir. O, da təbii ki, Kremilin siyasətində keçmiş SSRİ ərazilərində yenidən imperiyanı bərpa etmək niyyəti açıq şəkildə görünür. Qafqaz dünyanın kilid nöqtəsidir.Həm türk dünyasını birləşdirən, həm İrana təsir edən Bütöv Azərbaycan üçün dəhlizdir, həm də Avropanın enerji təhlükəsizliyi üçün mühüm strateji nöqtədir.

Digər tərəfdən, əmək qabiliyyətli insan, təbii ehtiyatlar resursları da müəyyən mənada iştahı artıran məsələlərdir.Odur ki, bu təlimlər Ermənistandan başqa bütün region ölkələrinə təhdiddir. Gürcüstanın Avrointeqrasiyası, Azərbaycanın isə siyasi arientasiyasını açıq bəlli etməməsi Rusiyaya imkan verir ki, bu iki dövlət üzərində oyunlar oynasın. Rus qoşunlarının Azərbaycan sərhədlərində hərəkəti hər an konkret Azərbaycan üçün təhdiddir. Bunu Azərbaycan xalqı çox yaxşı bilir.Hesab edirəm ki, Azərbaycan öz siyasətində yeni yol cızmalıdır və cəmiyyət də bütövlükdə buna hazırlaşmalıdır.Qərbə, ərəb dünyasına getmirik, bloklara qoşulmuruq.Azərbaycanın strateji müttəfiqi Gürcüstan Avropaya doğru gedir, Azərbaycanın isə hara getdiyi açıq olmadıqca Rusiyanın təhdidləri, təzyiqləri daha çox olacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Rusiyanın bu addımını Azərbaycana təzyiq vasitəsi kimi dəyərləndirdi: "Cənubi Qafqazda geosiyasi mübarizə getdikcə qızışır. NATO-nun Gürcüstanda fəaliyyəti və Azərbaycanın Qərblə enerji sahəsində əməkdaşlığı Rusiyanı ciddi narahat edir. Azərbaycan qazının Avropaya daşınması üçün çəkilən TANAP və TAP layihələri, Rusiyanın "Cənubi Axın" layihəsinə, həmçinin bu ölkənin Avropanın qaz bazarında rolunun azalmasına səbəb olur. Artıq rəsmi Kreml Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roluna qarşı ciddi təzyiqlər etməyə başlayır.

Bu təzyiqlər, əsasən Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın Ermənistana ciddi dəstək verməsi fonunda danışıqlar prosesindən uzaqlaşdırılması və Gürcüstan ərazisində Bakı-Supsa neft kəmərini nəzarətə almasıdır.Göründüyü kimi rəsmi Moskva bir ildir ki, Qarabağ konfliktinin həllində irəliləyişə səbəb olacaq hər hansı danışıqlarda maraqlı deyil.Münaqişəni getdikcə dondurmağa çalışır. Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya ərazisində 16 minlik qoşunla hərbi təlimlər keçirərək, Azərbaycanın Bakı-Supsa neft kəmərinin bir hissəsini nəzarətə alması, regionda ümumi təhlükəsizliyə təhdid və Azərbaycana qarşı artıq açıq təzyiq vasitəsidir. Qeyd edək ki, Azərbaycanın enerji təhlükəsizliyinə və TANAP-a dəstək verən ABŞ-ın region siyasətinə qarşı hərbi dirənişidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları