Yuxarı

Azərbaycan iki od arasında

Azərbaycan iki od arasında

Proseslər "Ukrayna ssenarisi”nə doğru gedir

Tahir Kərimli: "Burda "Maydan hadisələri” olmayacaq”

Elxan Mehdiyev: "Qərb və Rusiya arasında Azərbaycanda siyasi çevrilişə səbəb olacaq rəqabət də yoxdur”

Qərb və Rusiya arasında Azərbaycan uğrunda savaş qızışır. Az qala hər gün ABŞ, Avropa dövlətləri və Rusiyadan Bakıya zənglər olur. Xüsusilə bu rəqabət özünü Dağlıq Qarabağ münaqişəsinin həll prosesində göstərir. Rusiyanın aprel ayından sonra münaqişənin həllini tamamilə ələ almasına cavab olaraq, Amerika və Avropa İttifaqı hərəkətə keçib. Analitiklər Azərbaycanın Qərb və Rusiya arasındakı güc yarışının yeni siyasi poliqonuna çevrilməsinin ölkəni xaosa sürükləyəcəyini bildirirlər. Qeyd olunur ki, tərəflərdən bir geri çəkilməyəcəyi halda bu Azərbaycanda Ukrayna ssenarisinin təkrarlanmasına şərait yaradacaq.

Maliyyə gücünə ələ keçirilən müxalifət

Hakimiyyət daxilində Rusiyanın mövqeyi daha güclü olduğu üçün qərbpərəst siyasi güclər, QHT sektoru və müxalifət sıradan çıxarılıb. Yəni müxalif düşərgədə Qərbin mövqeyi olduqca zəifdir. Bu situasiya Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ehtimalını artırır. Məlumdur ki, Kremlin ruporu olan Viktor Yanukoviç hakimiyyəti dönəmində Ukraynada Qərbin maraqlarına xidmət edən qüvvələri sıradan çıxardı.

Təzyiq və digər metodlarla ABŞ və Qərbi Avropa dövlətlərinin mövqelərini zəiflətdi. Nəticədə Yanukoviçin yaratdığı bu mühit hakimiyyət çevrilişi ilə nəticələndi. Çünki o, bundan istifadə edərək Ukraynanı addım-addım Avropa İttifaqı və NATO-dan uzaqlaşdırırdı. Bu uzaqlaşma Ukraynanın Avrasiya İttifaqı və Gömrük Birliyinə yaxınlaşmasıyla, başqa adla Rusiyanın nəzarəti altına keçməsiylə müşayiət olunurdu. Qərbi Avropa dövlətləri, xüsusilə də ABŞ-ın beyin mərkəzləri prosesin qarşısına keçmək və Ukraynada Qərbin mövqeyini gücləndirmək üçün xaosa üstünlük verdi. Bir sıra Amerika QHT-ləri və maliyyə fondları Yanukoviçin devrilməsi üçün spekulyator rolunu oynadılar. Maliyyə gücünə ələ keçirilən Ukrayna müxalifəti və vətəndaş cəmiyyəti Yanukoviçi yıxdı. İndi də analitiklər Qərbin siyasi mərkəzlərinin həmin variantın Azərbaycanda tətbiqi üçün çalışdıqlarını iddia edirlər.

"Hər şey ola bilər”

Millət vəkili Tahir Kərimli "Cümhuriyət”ə deyib ki, Qərb və Rusiya arasındakı mübarizənin Azərbaycanda "Maydan” hadisələrinin təkrarlanmasına rəvac verməyəcək. T.Kərimli proseslərin göründüyü kimi olmadığını diqqətə çatdırıb: "Ukrayna hadisələri Azərbaycanda təkrarlanmayacaq. Çünki Rusiyanın marağında var idi ki, Ukraynanı əldən verməsin. Qərb Ukraynanı Rusiyanın əlindən almaq istəyirdi və bunu da bacardı. Böyük bir hissəsini alıb kiçik hissəsini - Krımı da Rusiyaya verdilər.

Rusiyanı guya qalib vəziyyətdə göstərdilər. Amma burada mənzərə fərqlidir. Düşünürəm ki, Qarabağ məsələsinin həllində razılaşma var. Necə ki, hal-hazırda ABŞ və Rusiya Suriyada İŞİD-ə qarşı mübarizədə birgə hərəkət etmək barədə razılaşmaya gəlib. Obama və Putinin də Suriya məsələsində yekun razılığa gəlmək barədə anlaşmaları var. Əgər sabah sülhyaratma qüvvələri də bura daxil olsa, burada hansısa tərəfin açıq üstünlüyü olmayacaq. Qarabağın statusu məsələsi də aydındır, münaqişənin mərhələli həll planı razılaşdırılıb. Bu Azərbaycanın xeyrinədir. Əslində Ukrayna hadisələri bir növ Azərbaycanda baş verib.

Ukraynadan fərqli olaraq, 1990-cı illərin əvvələrində baş verən proseslərdə Azərbaycanda minlərlə insan həlak olub, torpaqlarımız işğal edilib. Azərbaycan prezidenti də elan edib ki, əgər Ermənistan danışıqlardan imtina etsə, müharibə variantına əl atacağıq. Hər şey ola bilər, amma məntiqlə Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağını gözləmirəm”.

"Azərbaycan uğrunda savaş getmir”

Politoloq Elxan Mehdiyev "Cümhuriyət”ə bildirib ki, Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması üçün heç bir imkan yoxdur. E.Mehdiyevin sözlərinə görə, Qərb və Rusiya arasında Azərbaycanda siyasi çevrilişə səbəb olacaq rəqabət də yoxdur:

"Qərbin Ukrayna variantını Azərbaycanda tətbiq edəcəyi inandırıcı deyil, o fikirdə deyiləm. Əksinə - Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyam. Rusiya həm qonşu dövlətdir, həm də milyonlarla soydaşımız orada işləyir, yaşayır. Digər tərəfdən Qarabağ münaqişəsinin həll prosesində Rusiya açar dövlətdir. Buna görə də, Rusiya ilə normal münasibətləri inkişaf etdirib torpaqları işğaldan azad etmək mümkündür. Ümumiyyətlə, o fikirlə də razı deyiləm ki, Qərb və Rusiya arasında Azərbaycan uğrunda savaş gedir”.


Mənsur Rəğbətoğl





Həftənin ən çox oxunanları