Yuxarı

Rus-erməni ittifaqına qarşı YENİ DİRƏNİŞ

Rus-erməni ittifaqına qarşı YENİ DİRƏNİŞ

Türk birliyi yenidən gündəmdə

Arzu Nağıyev: "Türkiyə - Azərbaycan birgə qoşun növünün yaradılması perspektivdə mümkün görünmür”

Əli Orucov: "Azərbaycan NATO tələblərinə cavab verən addımlar atmalıdır”

Azərbaycan və Türkiyə arasında birgə qoşun növünün yaradılması yenidən gündəmə gəlib. Nüfuzlu media qurumları və mütəxəssislər səviyyəsində aparılan müzakirələrdə bunun 2016-cı ildə Ermənistan və Rusiya arasında yaradılmış birgə qoşunun son zamanlarda Türkiyə və Azərbaycan sərhədlərində təhdidedici manevrləri artırmasının labüd etdiyi vurğulanır.

Məlum olduğu kimi keçən ilin noyabr ayında Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu Moskvada birləşmiş qoşun növü yaratmaq haqqında saziş imzalayıblar. Anlaşmaya əsasən, sözügedən birgə qoşun qruplaşmasına Ermənistan ərazisində yerləşən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil edilib. Bu, birgə hərbi tapşırıqlar yerinə yetirmək üçün yaradılıb. Rusiya Dövlət Dumasının müvafiq komissiyası bununla yanaşı, Qafqaz kollektiv təhlükəsizlik bölgəsində Ermənistanla birgə regional hava hücumundan müdafiə sistemi yaratmaq haqqında sazişin ratifikasiyasına dair qanun layihəsinin qəbul edilməsini tövsiyə edib. Saziş Müstəqil Dövlətlər Birliyinin birgə hava hücumundan müdafiə sisteminin tərkib hissəsi qismində birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib.

Türkiyə - Azərbaycan birgə qoşun növü

Rusiyadan Azərbaycana diplomatik təzyiqlərin artdığı vaxtda Rusiya - Ermənistan birgə qoşunlarının Azərbaycan sərhədləri yaxınlarında artan hərbi manevrləri gərginliyi pik həddə qaldırıb. Hesab etmək olar ki, bu da Rusiyanın Azərbaycana təzyiqlərindən biridir. Azərbaycanda keçiriləcək prezident seçkilərinədək bu təzyiqlərin daha ciddi xarakter alacağını nəzərə alsaq, Azərbaycanın buna qarşı hansı tədbirlər planı ilə çıxacağı da müzakirə mövzusudur. Buna görə də Rusiyaya qarşı təsiredici mövqe qazanmaq üçün Azərbaycan - Türkiyə birgə qoşun növünün yaradılması məsələsi gündəmə gəlib və təklif olunur ki, bununla bağlı tərəflər arasında təmaslara başlanılmalıdır. 

Hərbçi-eskpertlər Türkiyə - Azərbaycan münasibətlərinin özündə hərbi müttəfiqlik perspektivi daşıdığını önə çəkərək, qeyd edirlər ki, belə bir təşəbbüsə NATO və ABŞ-dan da dəstək almaq mümkündür. Nəzərə alsaq ki, bu, Rusiyanın bölgədə artan təhdidlərinə qarşı cavab reaksiyası olacaq, bu zaman da Qərbdən buna dəstəyin veriləcəyini indidən demək mümkündür.

"Lazım olan addımlar atılır”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyə NATO üzvü olduğu üçün atdığı hər bir hərbi addımı bu ittifaqla razılaşdırmalıdır. Politoloq bu baxımdan Türkiyə - Azərbaycan birgə qoşun növünün yaradılması ehtimalının aşağı olduğunu diqqətə çatdırıb:

"Türkiyə və Azərbaycan arasında zaman-zaman birgə təlimlər keçirilir. Lakin Türkiyə və Azərbaycandan fərqli olaraq, Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında təmsil olunur. Buna qarşı Türkiyə - Azərbaycan birgə qoşun növünün yaradılması perspektivdə mümkün görünmür. Türkiyə - Azərbaycan, həmçinin Azərbaycan - Gürcüstan - Türkiyə birgə təlimləri keçirilir. Lakin Rusiya və Ermənistana qarşı belə bir qoşun növünün yaradılması ehtimalı inandırıcı görünmür. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün kifayət qədər güclü hərbi imkanları var. Biz güc vasitəsilə münaqişəni xeyrimizə həll edə bilərik. Rusiya - Ermənistan birləşməsi də buna təsir edə bilməz. Bu məsələlər sərhədlərlə bağlı ola bilər. Ermənistan NATO üzvü olan Türkiyə ilə sərhəddə yerləşməsinə görə, Rusiya buna qarşı müvafiq tədbirlər görməyə çalışır. Bunlar da Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə mənfi təsir göstərir”. 

Arzu Nağıyev qeyd edib ki, Rusiya Minsk qrupunun açar fiqurlarından biridir: "Əgər Rusiya belə addımlar atırsa, bu, artıq proseslərə mənfi təsir edən amildir. Rusiya Ermənistanda hərbi bazalarını gücləndirdikcə, bu ölkəyə göndərilən silahların Qarabağda gizlədilməsi də mümkündür. Buna görə də Azərbaycan baş verənləri təhlil edib müvafiq qərarlar vermək iqtidarındadır. Düşünürəm ki, bunlar barədə də lazım olan addımlar atılır”.

"Müttəfiqliyi rəsmiləşdirmək olar”

Politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə deyib ki, Türkiyə ilə birgə qoşun yaratmaq üçün Azərbaycan NATO və Avropaya inteqrasiya xətti seçməlidir. Ə.Orucov vurğulayıb ki, bütün hallarda Azərbaycan və Türkiyə arasında qeyri-rəsmi hərbi əməkdaşlıq və müttəfiqlik var: 

"Amma bunları rəsmiləşdirmək üçün konkret addımlar atmaq lazımdır və öhdəliklər götürülməlidir. Məlum olduğu kimi Türkiyə NATO üzvüdür. Əgər Türkiyə və Azərbaycan arasında birgə qoşun yaradılacaqsa, o zaman bu, Azərbaycanın NATO tərəfindən dəstəklənməsi demək olacaq. Bu baxımdan da Azərbaycan NATO tələblərinə cavab verən addımlar atmalıdır. Digər yandan da Ermənistan həmişə Rusiyanın forpostu olub. Rusiya Ermənistana həm maliyyə ayırır, həm də bu ölkəni silahlandırır. Ermənistanı da vaxtilə Rusiya yaradıb”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları