Yuxarı

"Yurd" sədrinin mühacir biznesi və yaxud Fikrət Hüseynlinin özünü bıçaqlaması

"Yurd” təşkilatının sədri Əli Kərimlinin mühacir biznesinə dair növbəti faktlar ifşa olunub. "Cümhuriyət” qəzeti xəbər verir ki, onu növbəti dəfə "Yurd”un Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov ələ verib. O, Əli Kərimlinin Avropadakı mühacir biznesini həyata keçirən Fikrət Hüseynli tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına verilmiş saxta sənədlə aldadılaraq 5700 dollarının mənimsənildiyini açıqlayıb. T.Hüseynov Əli Kərimlinin "saxta mühacir biznesi”ndə "Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan "Yurd” üzvü Qənim Zahidin də adını çəkir. Qeyd edib ki, həmin şəxslər müəyyən vaxtlarda bir sıra şəxsləri aldadaraq pullarını mənimsədiklərini və saxta sənədlərlə Avropa ölkələrindən sığınacaq ala bilmədiklərini də etiraf edib.

Tural Hüseynov "saxta mühacir mafiyası”nda Əli Kərimlinin adını çəkməsə də bu şəbəkənin Avropadakı qollarını təşkil edən Qənimət Zahid, Fikrət Hüseynli və digərlərinin Avropadan sığınacaq almaq istəyənlərlə "Yurd” sədri arasında vasitəçi olduqları dəfələrlə sübut olunub. "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalı da dəfələrlə bununla bağlı apardığı araşdırmaları və faktları ictimaiyyətə çatdırıb. 

Əli Kərimlinin "mühacir mafiyası” və yaxud Fikrət Hüseynlinin özünü bıçaqlaması

Tural Hüseynovun adını çəkdiyi Fikrət Hüseynli o şəxsdir ki, özünü bıçaqlayaraq Əli Kərimlidən AXCP adına saxta arayış alaraq Hollandiyaya sığınıb. Xatırlatmağı borc bilirik ki, Fikrtə Hüseynliyə bulaşdığı çirkin əməllərə (əgər bu əməlləri də bilmək istəsə, xatırlada bilərik – müəllif.) görə müəyyən təhdidlər olub, amma o özü-özünü bıçaqlayıb. Hay-küy salaraq, bıçaqlandığı iddiası ilə də mühacirətə gedib. 

Sonradan mühacir tacirinə çevrilib və bu ticarətdən özü də, Əli Kərimli də pul qazanıb. Fikrətin toruna düşüb, amma müahcir ola bilməyənlər dəfələrlə onun haqda Əli Kərimliyə şikayət olunsa da, "Yurd” sədri ŞƏRİKİ ilə bağlı bütün müraciətləri sükutla qarşılayıb. Milli Şura yetkililəri də bu məsələnin üzərindən susqunluqla keçirlər. Çünki Gürcüstan üzərindən Avropaya uzanan "saxta mühacir mafiyası”nın başında Əli Kərimlinin durduğunu, Fikrət Hüseynli və Qənimət Zahid kimi şəxslərin də onun əlaltıları, tapşırıqlarının icraçıları olduqlarını hər kəs bilir. Həmin şəxslər Avropada müəyyən kanallarla Əli Kərimli arasında əlaqələr yaratmaqla yanaşı, saxta arayışlarla Avropaya apardıqları şəxslərin yerləşdirilməsi və ölkələr üzrə bölüşdürülməsi işlərini icra edirlər.

Təkzibolunmaz faktlar

Avropada Əli Kərimlinin saxta sənədlər verdiyi "mühacirlər” arasında son zamanlarda yaşanan gərginlik də yeni faktların üzə çıxmasına şərait yaradır. "Yurd” sədrinin AXCP adına verdiyi saxta arayışlarla Avropa ölkələrinə göndərdiyi şəxslər artıq biri-birlərinə qarşı çıxmağa başlayıblar. Nəticədə ortaya Əli Kərimlinin imzası olan sənədlər çıxır. Vəziyyətin qarşısına keçə bilməyən nə Əli Kərimli, nə də "Yurd” və Milli Şuranın digər yetkililəri ittihamları təkzib edə bilirlər. Artıq faktlarla sübut olunur ki, həqiqətən "Yurd” sədri mühacirətə göndərdiyi şəxslərə "cəbhəçi arayışları”nı 3000 və 5000 dollara satır və bu haqda bu günədək mətbuatda yayılan məlumatlar şayiə deyilmiş. Bunu Tural Hüseynov və digərləri də etiraf edirlər. Mətbuata faktları da elə həmin şəxslər açırlar.

Əli Kərimlinin tapşırığı ilə Milli Şuranın müəyyən vaxtlarda təşkil etdiyi mitinqlərin mühacirətə göndərmək üçün "müştəri axtarışı” vasitəsi olduğu da dəfələrlə sübut olunub. Lakin "mafiya”nın toruna düşənlərin böyük pullar müqabilində Avropadan sığınacaq ala bilməməsi artıq Əli Kərimlinin bu biznesindən əldə etdiyi gəlirlərə də təsir edib. Bu da "Yurd”a rəqib olan siyasi partiyalara yaranmış boşluqları doldurmaq imkanı yaradır.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları