Yuxarı

Azərbaycanla bağlı məxfi danışıqlar

Azərbaycanla bağlı məxfi danışıqlar

Sülhəddin Əkbər: "1994-cü ildə qəbul olunmuş gizli  razılaşma pozulacaq”

ABŞ və Rusiya arasında artan geostrateji qarşıdurma Cənubi Qafqaza da ciddi təsir göstərə bilər. ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfəri Qara dəniz və Cənubi Qafqaz regionunda iki supergücün maraqlarının toqquşması kontekstində nəzərdən keçirilir. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyində olan qoşun və zirehli texnikanın sayını artırması müşahidə olunur. Ukrayna ilə sərhəddə cəmləşmiş 80 min nəfərlik ordu da Cənub Hərbi Dairəsinin komandanlığına verilib. Müdafiə naziri Sergey Şoyqu isə bu yaxınlarda verdiyi açıqlamada Cənub Hərbi Dairəsinin tabeliyində olan hava-desant qüvvələrinin 2017-ci ildə 100 min paraşüt atışı təlimi keçirdiyini deyib. Şoyqu onu da vurğulayıb ki, Cənub Hərbi Dairəsinə 600 tank və zirehli texnika göndərilib. Əldə olunan məlumatlara görə, Rusiya Şimali Qafqazda genişmiqyaslı hərbi birləşmələr cəmləyir. Bu silahlı qüvvələrdən Rusiya həm Ukraynaya, həm də Gürcüstana və Azərbaycana qarşı müdaxilə məqsədilə istifadə etməyə çalışa bilər.

Eyni zamanda, prezident Vladimir Putin Rusiya ilə Ermənistanın birgə qoşun birləşmələrinin yaradılması barədə müqaviləyə dair qanun layihəsini imzalayıb. Həmin qanuna görə, birgə hərbi qruplaşmalar sülh şəraitində Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanına, müharibə şəraitində isə Rusiya SQ-nin Cənub Hərbi Dairəsinin tabeliyinə verilir. Ermənistanın Azərbaycanla müharibə şəraitində olduğunu nəzərə alsaq, birgə hərbi birləşmələrin Rusiya Müdafiə Nazirliyinin idarəçiliynə keçməsi ehtimalı yüksəkdir. Digər tərəfdən, vahid qoşun birləşmələri Ermənistanın yerüstü dövlət sərhədlərinə də nəzarət edəcək. Beləliklə, Rusiya hərbçiləri Ermənistanın Azərbaycan, Gürcüstan, Türkiyə və İranla həmsərhəd ərazilərinə yerləşdiriləcək. Siyasi ekspertlərin fikrincə, Kremlin bu addımı Azərbaycana təhdid yaratmaqla yanaşı, NATO-nun Türkiyə istiqamətindəın sərhədlərində istehkamı möhkəmlətməyə və Alyansın Gürcüstanda artan təsirinə qarşı Ermənistan ərazisindən hərbi platsdarm kimi istifadə etməyə xidmət edir. Eyni zamanda, ABŞ-ın Tehran rejiminə təzyiqlərinin artması Rusiyanın Ermənistan-İran sərhədinə nəzarəti ələ keçirmək üçün preventiv tədbirlərə əl atması ilə müşahidə olunur.

Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Moskvanın Azərbaycana işğal olunmuş 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın İranla həmsərhəd ərazilərinə sülhməramlı mandatı ilə Rusiya qoşunlarının yerləşdirilməsini təklif etdiyi məlum olmuşdu. Lakin sonradan Rusiyanın Azərbaycana beş deyil, cəmi üç rayon qaytarmağı təklif etdiyinə dair xəbərlər meydana çıxdı. Yəni Rusiya Azərbaycanın da İranla sərhədini Federal Təhlükəzlik Xidməti tərəfindən nəzarətə götürməsinə çalışırdı. Rəsmi Bakının bu təkifi qəbul etməməsi ətraf rayonların qaytarılmasına dair danışıqlar prosesinin dayanması ilə nəticələndi. Yaxın günlərdə ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Manilada görüşünün keçiriləcəyi gözlənilir. Əgər tərəflər kompromisə gələ bilməsə, beynəlxalq gərginlik yeni mərhələyə daxil ola bilər. Vitse-prezident Mayk Pensin Gürcüstana səfəri Rusiya ilə ABŞ arasında geosiyasi qarşıdurmanın yaşanacağı əsas bölgələrdən birinin Cənubi Qafqaz olacağını deməyə əsas verir. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, həm qlobal, həm də regional səviyyədə qarşıdurma həlledici mərhələyə daxil olub. Artıq konsensus mümkün deyil və tərəflərdən biri öz mövqeyin digərinə qəbul etdirməlidir: "ABŞ qlobal lider, Rusiya isə ikinci supergüc olduğunu təsdiqləməyə çalışır. Lakin son bir ayda Rusiya ikinci deyil, dünyanın birinci supergücü statusunu qazanmağı qarşısına məqsəd qoyub. İyul ayında Rusiya ilə Birləşmiş Ştatlar arasında gizli danışıqlar gedib. ABŞ Rusiyadan öz qlobal və regional mövqeyini müəyyənləşdirməyi istəyib. Bu təklifə Rusiya rədd cavabı verib və dünyada birinci supergüc olmağı qarşısına məqsəd qoyub. Yəni dünyanın geopolitik sınma xətləri üzərində, münaqişələr, böhranlar, müharibələr olan yerdə biz qarşıdurmaların şahidi olacağıq.

Postsovet məkanına gəldikdə isə bu geopolitik sınma xətləri birinci Baltikyanı-Qara dəniz xətti, ikincisi GUAM xətti, üçüncü isə Mərkəzi Asiya xəttidir. Bizə daha çox təsir edən GUAM sınma xətti üzərində baş verən hadisələrdir. Eyni zamanda bu geopolitik zona Baltikyanı sınma xətti ilə əlaqəli olduğu üçün Azərbaycana təsir edir. GUAM sınma xətti üzərində Rusiya tərəfindən yaradılmış süni münaqişələrin üçü Cənubi Qafqazda yerləşir. Bunlar Abxaziya, Cənubi Osetiya və Ermənistan-Azərbaycan münaqişələridir. Ermənistan-Azərbaycan münaqişəsi digərlərindən fərqlənir. Əgər Abxaziyada, Cənubi Osetiyada, eləcə də, Ukrayna və Moldova ərazilərində Rusiya açıq tərəf kimi çıxış edisə, Dağlıq Qarabağ problemində Kreml özünü gizlədə bilir və bu müharibəni Ermənistanın əli ilə həyata keçirir. 

ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi qapalı danışıqlarda Putin administrasiyasının Vaşinqtona rədd cavabı verməsi ilə bağlıdır. Çox tezliklə prezident Trampın da bu qanun layihəsini imzalaması gözlənilıir. ABŞ Konqresi Rusiyanı Şimali Koreya və İranla birlikdə "şər oxu”na daxil etdi. Rusiya ABŞ üçün artıq şər dövləti hesab olunur. Buna etiraz olaraq, Rusiya 755 nəfər ABŞ diplomatının ölkədən çıxarılmasına dair qərar verdi və Amerika səfirinin istirahət mərkəzini bağladı. Mayk Pens Gürcüstan səfəri zamanı Rusiyaya yönəlik çox sərt bəyanatlar verdi. Həmin bəyanatlarda birinci istiqamət Rusiyanın regionda destruktiv fəaliyyətinə son qoyması və Gürcüstann ərazi bütövlüyünün təmin olunması, ikinci məqam ABŞ-ın Gürcüstanın NATO üzvlüyünə dəstək verməsidir. Bunlar da Rusiyanı ciddi narahat edir. Qarşıdurma açıq müstəviyə keçmək ərəfəsindədir. ABŞ-ın dövlət katibi Tillerson da münasibətlərin pisləşməyə doğru getdiyini və bu qarşıdurmanın açıq müstəviyə keçmək istəmədiklərini dedi. Qarşıdurma əsasən Ukraynada və daha genişmiqyaslı ola bilər. Artıq ABŞ Dövlət Departamenti Pentaqon Ukraynaya özünümüdafiə silahlarının verilməsi ilə bağlı planı Ağ Evə təqdim edib. İkiinci qarşıdurma bölgəsi Gürcüstan olacaq.

Mayk Pensin səfəri ərəfəsində Gürcüstanda NATO-nun "Layiqli tərəfdaş-2017” təlimləri başladı. Eyni zamanda, Kreml avqustun 8-də prezident Putinin Abxaziyaya səfərinin gözlənildiyini açıqladı. Rusiya həm qərb, həm də cənub istiqamətlərində hərbi iştirakını artırır. Sentyabr ayında isə Rusiya ilə Belarus arasında "Qərb-2017” hərbi təlimləri keçiriləcək. Bu gərginlik Qara dənizdə də artacaq. Eyni zamanda, Şimali Koreya, İran, Suriya məsələlərində Rusiya ilə Birləşmiş Ştatlar arasında ziddiyyət böyüyəcək və biz bunun təsirlərini Azərbaycan üzərində hiss edəcəyik. Çünki tərəflərin hər ikisi Azərbaycandan öz mövqeyini açıq şəkildə bildirməyi və seçim etməyi tələb edəcək. 1994-cü ildə ABŞ-la Rusiya arasında Azərbaycanla bağlı əldə olunmuş razılaşmanın pozulması ehtimalı getdikcə artır. Həmin gizli razılaşmaya görə, Rusiya Azərbaycanın enerji və geoiqtisadi baxımdan Qərbə bağlılığını qəbul etmişdi. Qərb də siyasi-hərbi baxımdan Azərbaycanın Rusiyanın təsir dairəsində qalmasını qəbul etmişdi. Xüsusilə də Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu razılaşmanın qüvvədə qalıb-qalmayacağını görəcəyik”.

Politoloq onu da bildirib ki, Rusiya Ukrayna istiqamətində üç diviziya yaradıb ki, onun ikisi şəqrdə, biri isə cənubda yerləşdirilib. Eyni zamanda, Abxaziyada və Cənubi Osetiyada hərbi bazalar yaradılıb. Həmçinin Ermənistandakı 102 saylı hərbi baza genişləndirilib:"Azərbaycanı narahat edən iki məqam var. Birincisi, Rusiyanın Ermənistanla birgə qoşun birləşmələrinin yaradılması, ikincisi də Cənubi Osetiyada təlimlərin keçirilməsi və sərhəddin daima cənub istiqamətinə sürüklənərək Bakı-Supsa qaz kəməri xəttinin təhlükə altına düşməsi. Burada başlıca məqsəd İrana hərbi müdaxilənin olacağı halda və yaxud Qarabağ müharibəsinin yenidən alovlanacağı təqdirdə, Rusiyanın hadisələrə aktiv hərbi müdaxiləsini təmin etməkdir”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları