Yuxarı

AXCP sədrinin müşavirinə Qumdan təhdid mesajı

AXCP sədrinin müşavirinə Qumdan təhdid mesajı

Bir neçə gün əvvəl "Cümhuriyət" qəzetində "İranda məhbusları zorlamaq olar: Ayətullahdan siyasi fətva” başlığı ilə yazı dərc olmuşdu. Yazıda İran rejiminin baş ideoloqlarından Ayətullah Misbah Yezdinin səs-küy yaradacaq fətvası öz əksini tapmışdı. Belə ki, o bildirib: "Məhbusu zorlamaq Həcc ziyarətinə getmək qədər savabdır. Yaxşı olar ki, müstəntiq öncə dəstəmaz alsın və zikr söyləsin. Qadın məhbusu təklikdə, kişi məhbusu isə başqalarının gözü önündə zorlamaq məsləhətdir”.

Sözügedən fətva ilə bağlı qəzetə münasibət bildirən AXCP sədrinin dini məsələlər üzrə müşaviri, ilahiyyatçı Tural İrfan hədələrə məruz qalıb. Onun sözlərinə görə, özünü Ayətullah Misbah Yəzdinin vəkili qismində təqdim edən, Qum şəhərində yaşayan Əkrəm Hacıyev adlı şəxs tərəfindən təzyiqlərə məruz qalır. Əkrəm Hacıyev onun şəxsi Facebook səhifəsinə radikal, təhqir və təhdidedici fikirlər yazıb:

"İranda məhbusların zorlanmasının guya Həcc ziyarətindən üstün savaba bərabər olması haqda fətvanı Misbah Yəzdi adlı din alimi İran qəzetlərinin birinə açıqlamasında bildirib. Alimə sual edilir ki, məhbusa cinsi təcavüz etmək caizdirmi? Alim (və ya onun dilindən) qeyd edilir ki, bəli, hətta bu işi görən şəxs dəstəmaz da almalıdır ehtiyat vacibə əsasən. Qadındırsa necə, kişidirsə necə təcavüz edilə bilər. Hətta YouTube sosial şəbəkəsində dustaqları zorlama səhnəsi də nümayiş olunub. Biz heç cür ağlımıza gətirə bilmədik ki, bir alim bu cür fətva versin. Çünki hər hansı bir İslami hökm əvvəla "Quran”dan, sonra hədislərdən, yəni sünnə adlanan məxəzdən, əgər bunlarda belə bir fikir yoxdursa, ümumüləma icmasının rəyindən, əgər o da mümkün olmasa, bir icmaya görə qiyas, yəni analogiyadan, bir icmaya görə isə ağıldan istifadə etməklə verilir. Bizə isə geniş islami təhsilimizə əsasən belə bir hökmün əsası olması haqda heç bir dəlil gəlib çatmayıb. Dustağı nəinki zorlamaq, heç ona zor da tətbiq etmək olmaz.

İmam Əlini Əbdürrəhman bin Mülcəm adlı Xəvaric başından ağır yaralayarkən ( o, elə bu yaradan da dünyasını dəyişdi) İmam ona yemək-su gətirənlərə buyururdu ki, əvvəlcə İbn Mülcəmə aparın, sonra mənə gətirin. İmam vəsiyyət etmişdi: "Əgər mən ölməsəm, özüm onun cəzasını verəcəyəm. Ona heç bir işgəncə verməyin, əziyyət verməyin. Yox, əgər ölərsəm, ona da o mənə vurduğu kimi bircə qılınc zərbəsi vurun”. Yəni, islam dinində təcavüz və xüsusilə də cinsi təcavüz, zorlama günah və haramdır. İstər dustaq üçün olsun, istər qeyri-müsəlman olsun, hökm eynidir. Bunun "Quran”da və İmamların hədislərində də əsası yoxdur. Ümidvaram ki, Ayətullah Misbah Yəzdi də istər siyasi, istər dini baxımdan bu cür fətva verməz. Ola bilsin burada bir anlaşmazlıq və ya fətvanın mənbəyini ortaya qoyan nəşrdə problem var. Çünki nüfuzlu bir alimin adından belə fətva verilməsi ağla sığmır. Qeyd etdiyim açıqlamada belə bir hökmün islama zidd olduğunu bəyan etmişik. Əgər varsa da islamla heç bir əlaqəsinin olmadığını, ola bilsin siyasi məqsəd daşıdığını demişik. Çünki başqa yol ola bilməz.

Fətvanın nəşr edildiyi mənbə var. Bu gün özünü Ayətullah Misbah Yəzdinin vəkili kimi təqdim edən Əkrəm Hacızadə adlı şəxs mənə siyasətə qarışmamağımı tələb edir, guya alimin fətvasının düzgün anlaşılmaması səbəbindən mənim fikir söyləməyimin yanlış olduğunu bildirir. Onun təbirincə desək, mənim ilahiyyatçı kimi fəaliyyət göstərməyim üçün Qum üləmasının icazəsi lazımdır. Bu icazə də məndə olmadığı üçün hətta məni müsəlman hesab etmədiyini bildirdi. Özünü orada kimlərinsə idarə etdiyi və məqsədyönlü yetişdirdiyi sima olduğunu kəskin şəkildə ortaya qoyaraq məni təhqir və təhdid etməkdən belə çəkinmədi. Təhdidedici mesajlar yollayaraq guya mənim İranın düşmənlərini sevindirdiyimi deyir. "Bu və bu kimi faciələr məhz xaricdə təhsilin fəsadlarıdır. Din pərdəsinə bürünmüş siyasi maraqların oyunları, öz oyuncaqları vasitəsi ilə meydanda toqquşur. Bu gün dünyada Vahid İslam Modeli olsaydı xaricdə təhsil alıb gələn dindara irad bildirmək bəlkə də artıq olardı. Çünki formalaşmış yeganə islam nümunəsi üzrə təhsil alardı. Ancaq bu gün hər ölkənin öz siyasi kursuna bürünmüş bir islamı vardır. Hətta bu "islamlar"ın eləsi var ki, çox təhlükəlidir. İŞİD-in istifadə etdiyi "islam" kimi, özü uydurduğu islamlar kimi”.

İndi görün necə təsir göstərilib, ələ alınıb ki, insan oradan bura öz həmyerlisinə qarşı kimlərinsə arxasında durması ilə ultimatum diliylə danışır. Əsassız ittihamla, böhtanla, təhqirlə, hədəylə... Özümüzdən özümüzə düşməni belə yetişdirirlər. Bircə dəfə erməni keşişinin böhtanına cavab verdinizmi? Azərbaycan tarixinə, dininə,dini-tarixi abidələrinə əl və dil uzadanlara cavab verdinizmi? Azərbaycanın düşməninə düşmən gözü ilə baxdınızmı? Tələbə yetişirsiniz orada, yoxsa bölücü-parçalayıcı, təfriqə salıcı, öz xalqına xorbaxıcı bir alət olaraq, kimlərinsə maşası olaraq? Axşama kimi sosial şəbəkədə Azərbaycanı aşağılayan, radikal ekstremistləri müdafiə edən, dövlətçiliyimizə rişxənd edən, Fazil Mustafa demiş, başı Qum saatı ilə işləyən Əkrəm kimilər açıq-aşkar ölkəmiz üçün canlı bombadır. Onları islamçı, ruhani deyil, siyasi alət kimi yetişdirirlər. Lazım gələndə hədə-qorxu diliylə danışmağı da öyrədirlər”.

İlahiyyatçı onu da qeyd edib ki, yadlara qul olmuş həmyerlilərimizin kürəyimizə xəncər saplaması acınacaqlı haldır: "Bu gənc yaşında Qumda əyləşib elə böyük alimə vəkillik etməsi yəqin ki, ona havayı verilməyib. Hədə mesajını yazıb cavab gözləmədən səhifəni blok etməyi də görünür ağaları göstəriş verib. Əkrəm Hacızadə və onun kimilərə səslənirəm. Əvvəla çörəyini yediyiniz, vətəndaşı olduğunuz, ata-babalarınızın nəşi uyuyan, qanlar bahasına müstəqilliyini qoruyub saxlamış bu torpağa xəyanət etməyin. Bunun cəzasını ağır dərəcədə alacaqsınız. Oturduğunuz budağı kəsməyin, özünüz yıxılacaqsınız. Vətənə xəyanət etməyə çalışmayın, Vətəni sevməyi öyrənin. Vətəni sevməyi öyrənmək üçün də gərək kimlərəsə qul olmayasan. İmam Əli demiş, heç kəsə qul olma, Allah səni azad yaradıb. İstər alim olsun, istər zalim, heç kəsə qul olmayın, azad olun, onda sevginiz də azad olacaq və vətəni sevəcəksiz. Qarabağ bizim namusumuzdur. Onu unutmayın. Qarabağ probleminə, savaşına, məsələsinə xəyanət etməyin. Qumda oturub Azərbaycanın nəinki əhalisinə, hətta ilahiyyatçılarına da "müsəlman deyilsiz" deməklə əslində ikinci bir İŞİD xislətini ortaya qoymursunuzmu? Azərbaycan dövlətinin dini istənilən islam ölkəsinin dinindən, dini səviyyəsindən üstündür. Sənin indi "təhsil" aldığın Qum üləmasının əksəriyyətinin ustadları irəvanilər, bərdəlilər, gəncəlilər, naxçıvanlılar, bakuvilər olub...

Dünyada səs salan islam alimləri Azərbaycandan yetişib, dünyaya yayılıb. İndi nə olub həmin üləmanın elminə xəyanət edib, siyasi islamın cəngində qul olmusunuz? Özünüzdən olmayanı şərləyirsiniz, əcaib fətvaları müdafiə edirsiniz. Fikrinizə müxalif söz deyəni ölümlə təhdid edirsiniz. Xüsusi olaraq qeyd edim ki, xarici ölkələrdə dini təhsil alanlar ölkəmiz üçün bir canlı bombadır. Bunun qarşısı qətiyyətlə alınmalıdır. Çünki onların əksəriyyəti "təhsil" aldığı ölkənin marağını, siyasi kursunu, mövqeyini, yalnız özünə uyğun islam modelini, bəzən də daha təhlükəli məsələləri özləri ilə ölkəmizə daşıyaraq qarşıdurma, məzhəb ayrı-seçkiliyi, küfrdə ittiham etmə, radikalizm kimi mənfi təzahürlərlə yadda qalırlar. Əkrəmlərin sonu Əliəkrəmin sonu olacaqdır əlbət. Əgər Qum şəhərindən mənə olunan təzyiq, təhqir və hədələr dayanmasa, özümün və qohumlarımın təhlükəsizliyi üçün hüquq -mühafizə orqanlarına müraciət edəcəyəm”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları