Yuxarı

Rusiyaya qarşı türk birliyi

Rusiyaya qarşı türk birliyi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər etdi. Səfər çərçivəsində Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən türkmənbaşının səfəri bir sır maraqlı məqamlarla yadda qaldı. Tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair bir çox sənədin imzalanması ilə yanaşı, Türkmənistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni perspektivləri də müzakirə olundu. Qurbanqulu Berdiməhəmmədovun 2 günlük səfəri Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması məsələsini gündəmə gətirdi. Bildirildi ki, Türkmənistan prezidenti bununla bağlı təkliflərini İlham Əliyevə çatdırıb. 

O, bununla yanaşı, həmçinin Türkmənistan və Çin arasında çəkilməsi planlaşdırılan neft boru kəmərində Azərbaycana pay verilməsi təklifini də İlham Əliyevə bildirib. Şübhəsiz ki, əsas diqqət çəkən məqam Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınması və Türkmənistanın bu bölgədə reallaşan beynəlxalq layihələrə (TANAP və TAP) qoşulmaq istəyini rəsmi Bakıya çatdırması idi.

Xəzərin "əriyən buzaları”

Xəzər dənizinin statusu və "Kəpəz” yatağı üzərində rəsmi Bakı və Aşqabad arasında anlaşılmazlıq vardı və bu, tərəflər arasında diplomatik soyuqluq yaratmışdı. Məhz bu amillərə görə, uzun illər Türkmənistan enerji və digər sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı deyildi. Lakin bu soyuq münasibətlər fonunda Qurbanqulu Berdiməhəmmədovun Bakıya sürpriz səfəri və bu gözlənilməz gəlişin yaratdığı çoxşaxəli suallar prosesləri fərqli məcraya yönəltdi. Şübhəsiz ki, türkmənbaşının Türkmənistan və Azərbaycan arasında "Transxəzər” boru kəmərinin çəkilməsində və türkmən qazının TANAP - TAP xətləri vasitəsilə Avropaya çatdırılmasında maraqlı olduqları proseslərin pik nöqtəsi idi.

Təzyiqlərə qarşı "türk qalxanı”

Rusiya və İranın qeyd olunan layihələrdən kənarda qalması, digər yandan Rusiyanın Qara dəniz üzərindən Avropaya yeni qaz xəttini çəkmək planı Berdiməhəmmədovun ideyasına qarşı təzyiqləri labüd edəcək. Rusiyanın da əsas məqsədi bu idi ki, Türkmənistan qazını alternativ xətlər vasitəsilə öz üzərindən Avropaya çıxarsın. Berdiməhəmmədov isə yeni təklifini ortaya atmaqla məhz Bakıdan Moskvanın istəyinə rədd cavabı verdi. Rusiya ilə yanaşı, İran da artıq narahat olmağa başlayıb. Çünki İran Türkmənistan qazını Ermənistan üzərindən Avropaya çatdırmaq məsələsini götür-qoy edirdi, dəfələrlə bununla bağlı Türkmənistana təklif də verib. Ermənistan prezidenti Serj Sarkisyan və İran başçısı Həsən Ruhani arasında yaxın günlərdə Tehranda baş tutmuş görüşdə bu məsələ müzakirə olundu. Sarkisyan məsələnin Türkmənistan - İran - Ermənistan formatında müzakirəsini təklif etdi. Başqa sözlə, Türkmənistan və Azərbaycan bu layihəni reallaşdırmağa cəhd edəcəklərsə, o zaman Rusiya və İrandan ediləcək təzyiqləri də nəzərə almalı olacaqlar. Tərəfdaşların bu təzyiqləri hansı formada neytrallaşdırmaq cəhdlərinə gəlincə. hesab olunur ki, Türkiyənin də bu ideyanın gerçəkləşməsində əldə edəcəyi gəlirlər baxımından maraqlı olduğunu nəzərə alsaq, o zaman Türkmənistan, Azərbaycan və Türkiyə arasında siyasi birliyin qurulması məsələsi gündəmə gələ bilər.

"Layihə regional münaqişələrin yaranmasına səbəb ola bilər”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkmənistan və Azərbaycan bu layihə üçün Türkiyə ilə yanaşı, digər güc dövlətlərin də dəstəyini almalıdır. ADP sədri proyektin bölgədə ciddi problemlərlə yol açacağını da istisna etməyib: "Bakı - Supsa və digər layihələr imzalanarkən də bildirilmişdi ki, əgər Orta Asiyanın enerji xətləri bura qoşulmayacaqsa, layihələr səmərəsiz olacaq. Layihə həyata keçirilərkən nəzərə alındı ki, Qazaxıstan və Türkmənistan qazı da bu xətlər vasitəsilə Avropaya çatdırılsın. Əlbəttə, bu gün Qərb dövlətlərinin Rusiyaya qarşı təzyiqləri var. Rusiya da Avropaya təzyiq edir. Çünki Avropa Rusiyadan qaz almaq istəmir.

Türkmənistan qazı da buna alternativ kimi qəbul edilir. Əgər Türkmənistan və Azərbaycan arasında bu layihə həyata keçirilsə, İran və Rusiya Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi məsələsini ortaya atmaqla proyektin reallaşmasının qarşısında ciddi əngəllər yaradacaq. Buna görə də layihəni həyata keçirməmişdən əvvəl, bunun təhlükəsizliyi ilə bağlı lazım olan işlər görülməlidir. Beynəlxalq təşkilatlar və bunda maraqları olan bir sıra güclü dövlətlər Rusiya və İranın təzyiqlərini neytrallaşdırmaq üçün zəruri olan tədbirləri görməlidirlər. Əks halda, bu ideya regional münaqişələrin yaranmasına gətirib çıxara bilər”.

"Qərbdən dəstək almaq lazımdır”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında Türkmənistan, Türkiyə və Azərbaycan arasında ehtimal olunan təzyiqlərə qarşı siyasi birliyin yaracaqlarını istisna etməyib. Amma AMİP rəsmisi bu birliyin İran və Rusiyanın təzyiqlərinə qarşı güclü "müqavimət qalxanı” olacağına inanmadığını da diqqətə çatdırıb: "Rusiya və İranın ehtimal olunan təzyiqlərini zərərsizləşdirmək üçün Türkmənistan, Türkiyə və Azərbaycanın əməkdaşlığı kifayət etməz. Çünki Rusiya adi bir dövlət deyil, İranın da kifayət qədər gücü var. Buna görə də layihənin reallaşmasına Qərbin də dəstəyini almaq lazımdır. Ankaran, Aşqabad və Bakı Qərbin bu dəstəyini almalıdır. Bu halda layihənin reallaşdırılması istiqamətində ciddi addımlar atmaq mümkündür”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları