Yuxarı

Partiyalar səsverməyə hansı şüarla gedəcək?

Partiyalar səsverməyə hansı şüarla gedəcək?

Prezident seçkilərinə bir il qalsa da, partiyaların hazırlığı qənaətbəxş deyil. Bir çox partiyalar seçkiyə qatılıb-qatılmayacağına qərar verməyib. Bu günə qədər yalnız 2 partiya- Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Vətəndaş və İnkişaf Partiyası (VİP) 2018-ci il prezident seçkilərində iştirak edəcəklərini rəsmi şəkildə bəyan edib. Maraqlıdır, bəs partiyalar seçkilərə hansı şüarla gedəcəklər?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə bildirib ki,  2018-ci il seçkiləri partiyanın ilk gündən əsas hədəfidir: "Əsas məqsədimiz  "qanun diktaturası” yaratmaqdır. Var gücümüzlə seçkilərə hazırlaşırıq. Təşkilatlanma işlərinə tam sürətlə davam edirik, sıralarımızı hər gün genişləndiririk.  Əsas məqsədimiz Azərbaycanda demokratik, şəffaf idarəetmə sistemi, xalq hakimiyyəti yaratmaqdır. Azərbaycan xalqı yüksək səviyyədə yaşamağa layiqdir. Biz bunu təmin edəcəyik. Bu ölkənin bütün sərvətləri, imkanları bu ölkənin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə sərf ediləcək. Bu ölkənin məmurları bu ölkənin vətəndaşlarına xidmət edəcək. AXCP hakimiyyəti bu sadaladıqlarımın təminatçısı olacaq.

Hakimiyyətimiz dövründə vətəndaşlar siyasi, eləcə də sosial sıxıntılar ucbatından ölkəni tərk etməyəcəklər. Əksinə, Azərbaycanı elə bir ölkəyə çevirmək fikrindəyik ki, xaricə getməyə məcbur olan soydaşlarımız öz el-obalarına qayıdacaqlar.  AXCP məhz bunun üçün hakimiyyətə gəlmək üçün mübarizə aparır, çalışır. AXCP-nin görəcəyi ilk işlərdən biri qanunun diktaturasını tətbiq etmək olacaq. Vəzifəsindən, kimliyindən asılı olmayaraq tutduğu vəzifəyə, bu ölkəyə, xalqa, dövlətçiliyə xəyanət edən hər bir məmur ən sərt şəkildə cəzalandırılacaq. Biz korrupsiyanı, monopoliyanı məhz sərt, işlək qanunlarla, cəza, icra sistemiylə aradan qaldıracağıq. Əlbəttə ki, bu sadaladıqlarım asan başa gəlməyəcək. Və biz iddia etmirik ki, hakimiyyətə gələn kimi hər şey ideal olacaq. Lakin bizim əsas məqsədimiz budur - demokratik, güclü, vətəndaşı sosial rifah içində yaşayan Azərbaycan. Və mən əminəm ki, biz məqsədimizə çatacağıq”. 

Ağ Partiyanın sədri Tural Abbaslı seçkilərlə bağlı konkret qərarlarının olmadığını deyib. Partiya sədri hesab edir ki, seçki şüarları birbaşa xalqa hesablanmalıdır: "Ümid edirik ki, 2018-ci ildə prezident seçkiləri keçiriləcək. Çünki ehtimal var ki, yeni konstitusiya  seçkilərə tətbiq olunsun və seçkilər keçirilməsin. Yox əgər keçiriləcəksə, bizim partiya olaraq mövqeyimiz açıqdır. Biz öz namizədimizlə seçkilərdə iştirak etmək və lazım olan imzaları toplayıb təqdim etmək niyyətindəyik. Konkret şüar üzərində isə müzakirələrimiz olmayıb. Düşünürəm ki, hələ bunun üçün xeyli zaman var. Ancaq düşünürəm ki, hər bir halda şüarın ana xətti, mənası xalqa xidmət olmalıdır”.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də seçki ilə bağlı konkret qərarın olmadığını və seçkilərlə hansı şüarla gedəcəklərinə qərar vermədiklərini deyib: "2018-ci il seçkiləri ilə bağlı Ümid Partiyasının konkret qərarı yoxdur. Amma Ümid bu günə qədər olan bütün seçkilərdə iştirak edib. Seçki  ilə bağlı konkret qərarımız olmadığı üçün şüar da bəlli deyil. Amma sonuncu seçkilərə Ümid Partiyası "Dəyişək” şüarı ilə gedib. "Dəyişək” şüarının mənasını isə partiyanın namizədi belə açıqlayırdı ki, ən inkişaf etmiş ölkələrdə belə siyasi hakimiyyət ən gec 2 dönəmdən sonra dəyişməlidir. Xalq istəyir ki, yeni siyasi hakimiyyətlərin də idarəetmə metodları ilə tanış olsun. Ona görə də hesab edirik ki, Azərbaycan cəmiyyəti dəyişikliklərə getməklə yeniliyə imza atmalıdır. Amma növbəti seçkilərdə iştirakımızla bağlı konkret qərarımız olmadığı üçün şüarımız da bəlli deyil”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə Azərbaycanda seçki terminologiyasının olmadığını vurğulayıb: "Azərbaycan reallığında deyilən seçki terminologiyası yoxdur. Ona görə də Azərbaycanda seçkilərə hazırlaşmağa ehtiyac qalmır. Digər tərəfdən Azərbaycan qanunvericiliyində seçki kampaniyasının aparılması üçün 20 gün vaxt verilir. Bu da çox dar çərçivədə, hökumətin icazə verdiyi yerlərdə seçicilərlə görüş keçirməyə imkan verir. Hesab edirəm ki, bu gün seçki məsələsi Azərbaycanda aktual səslənmir”. 

Vətəndaş və İnkişaf Partiyası (VİP) icra aparatının rəhbəri Ramil Hüseynov da seçki şüarı ilə bağlı konkret qərarın olmadığını bildirib: "2018-ci il seçkilərinə qatılmaq haqqında ilk qərar verən partiyalardan biri məhz Vətəndaş və İnkişaf Partiyasıdır. Artıq seçki qərargahı da yaradılıb. Ancaq yay mövsümü ilə əlaqədar olaraq qərargah heyəti tam hazır deyil. Buna görə də seçki şüarı haqqında konkret qərar yoxdur. Yaxın zamanlarda bu haqda da qərarımız olacaq.  Hesab edirəm ki, seçki şüarı məhz xalqa hesablanmış olmalıdır”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları