Yuxarı

Ermənilər sülhə gəlmir

Ermənilər sülhə gəlmir

Elçin Mirzəbəyli: "Ermənistan və onu himayə edən dairələr prosesə müdaxilə etmək üçün zəmin hazırlayırlar”

Tural Abbaslı: "İşğalçıya konkretvaxt verilməlidir”

Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdiriləcəyini bildirib."Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Nalbandyan münaqişənin həllində danışıqların alternativinin olmadığını bildirib.Lakin o, prezidentlərin görüşünün keçirilməsi haqda məlumatsız olduğunu diqqətə çatdırıb.
"Hələlik Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü barədə konkret heç bir məlumat yoxdur.Amma sentyabrda Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.Gündəlikdə dəfələrlə qaldırdığımız məsələlərdir.Danışıqların davam etdirilməsi üçün atmosferin yaradılması əsasdır.Velosiped kəşf etməyə dəyməz - indi mövcud olanlar o vaxt da mövcud idi və bu barədə danışıqlar aparılıb.Danışıqların alternativi yoxdur”, - deyə XİN başçısı qeyd edib.

İşğalçının ziddiyyətli mərkəzdənqaçma oyunları

Nalbandyanın Ermənistanın danışıqlar prosesinə sadiq qaldığını bəyan etməsi fonunda Rusiya və erməni hərbi birləşmələrinin iri miqyaslı təlimlərə hazırlaşdıqları barədə məlumatlar yayılıb.Təmas xəttində və sərhəd bölgələrində vəziyyəti gərginlikdə saxlayan Ermənistan ordusu bir tərəfdən də Azərbaycanın mülki əhalisinə qarşı silahlı hücumların sayını artırıb.Digər tərəfdə isə Rusiya və Ermənistan prezidentləri tərəflər arasında birgə ordunun yaradılması haqqında sövdələşməni imzaladılar. Ən ilginci isə budur ki, münaqişə tərəfləri arasında müharibə gərginliyinin olduğu vaxt Ermənistan hakimiyyətinə yaxın KİV-lər  sentyabr ayında xarici işlər nazirləri arasında keçiriləcək görüşdə konkret həll variantı ətrafında müzakirələrin olacağını iddia edirlər. Əlbəttə, belə bir vəziyyətdə işğalının danışıqları davam etdirməkdə maraqlı olduğu, yoxsa, müharibə yolunu seçdiyi məlum deyil.

"Ermənistandan təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan nə danışıqlarda, nə də müharibənin başlanmasında maraqlıdır. Partiya rəsmisi hesab edir ki, indiki şəraitdə Ermənistanın davranışları danışıqlar prosesinin pozulmasına xidmət edir: "Bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Bununla əlaqədar da təmas xətti və sərhədboyu bölgələrdə təxribatlara əl atırlar.Ermənistan və onu himayə edən dairələr proseslərə müdaxilə etmək üçün zəmin hazırlayırlar.Ermənistanın münaqişənin həll prosesinə baxışında dəyişiklik yoxdur, işğalçı ənənəvi siyasətinə sadiqdir.Amma müharibə olacağı halda da Ermənistan məğlub olacağını bilir.Hərbi əməliyyatlar başlayacağı halda da bunun qarşısını almağa çalışacaqlar.Nəticədə cəzasız qalan Ermənistan öz təxribatçı fəaliyyətlərini davam etdirir.Görünür ki, hansısa dairələr Ermənistanı Azərbaycana qarşı təzyiq göstərməyə vadar edir”.

"İşğalçıya konkret vaxt verilməlidir”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə deyib ki, nə Azərbaycan, nə də Ermənistan hakimiyyəti müharibəyə başlamaq niyyətindədir. Partiya yetkilisinin sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan nəticəsiz danışıqlar prosesinin uzadılmasında maraqlıdır: "Ermənistan da beynəlxalq cəmiyyətə göstərməyə çalışır ki, sülh tərəfdarıdır. Amma bir tərəfdən də Rusiyadan hər cürə yardım alır.Hesab edirəm ki, Azərbaycan hakimiyyəti Ermənistan tərəfindən verilən bəyanatlara inanmamalıdır.Artıq təyin edilmiş konkret görüşlərdə işğalçıya vaxt verilməlidir.Bildirməlidir ki, əgər bu vaxt ərzində irəli sürülmüş şərtlər yerinə yetirilməsə, müharibə yolu seçiləcək.Əks halda, proseslər uzanacaq.Nəticədə "Qarabağ kartı” həm Rusiya, həm də ABŞ üçün tərəflərə təzyiq vasitəsi kimi ortada qalacaq.Bundan kənarda baş verənlərin hamısı manipuliyativ gedişlərdir.Əgər Azərbaycan münaqişənin həllini istəyirsə, müharibəyə hazır olmalıdır”.

Mənsur





Həftənin ən çox oxunanları