Yuxarı

İsrail-Azərbaycan münasibətləri: Aramızı kim vurur?

İsrail-Azərbaycan münasibətləri: Aramızı kim vurur?

İsrail Müdafiə Nazirliyi bu ölkənin "Aeronautics Defense Systems” şirkətinin operatorlarının Azərbaycana satılmış yeni pilotsuz döyüş aparatını erməni hədəflərinə tuşlamaqdan imtina etdiklərinə dair məsələni araşdırır."Cümhuriyət” qəzeti xəbər verir ki, bu iddia ilə İsraildə nəşr olunan "Maariv” qəzeti çıxış edib.Qəzetin yazdığına görə belə şikayət Azərbaycan Müdafiə Nazirliyi tərəfindən İsrail Müdafiə Nazirliyinə təqdim edilib."Aeronautics Defense Systems” şirkətində isə ittihamları qəbul etmirlər.

Məqalənin müəllifi Yossi Melman bildirir ki, insident təxminən bir ay əvvəl olub."Aeronautics Defense Systems” şirkətinin nümayəndə heyəti pilotsuz döyüş aparatlarının təchizatına dair yeni müqavilənin şərtlərini müzakirə etmək üçün Bakıya səfər ediblər.Söhbət "kamikadze” PUA-ların yeni tipindən gedir.Məqalədə deyilir ki, Azərbaycan hərbçiləri İsrail şirkətinin nümayəndələrindən texnikanın imkanlarını ermənilərə qarşı real döyüş şəraitində nümayiş etdirməyi xahiş ediblər.Lakin İsrail mütəxəssisləri buna rədd cavabı veriblər.Bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyi həmin zərbənin görüntülərini yaymağa hazırlaşırdı.

Qəzetin yazdığına görə İsrail Müdafiə Nazirliyinin qaydaları silah təchizatçılarının başqa ölkələrin ərazisində döyüş əməliyyatlarında birbaşa və ya dolayısı iştirakını qadağan edir. Belə iştirak üçün Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır.Bildirilir ki, "Aeronautics Defense Systems” şirkətinin iki operatoru pilotsuz döyüş texnikasının imkanlarını real döyüş şəraitində nümayiş etdirməkdən imtina edəndən sonra İsrail nümayəndə heyətinin rəhbəri onlara təzyiq etməyə çalışıb.Lakin operatorlar tabe olmayıblar."Kamikadze” PUA-nı ermənilərin mövqelərinə tuşlamaqdan imtina edən operatorlardan biri sonradan şirkətdən istefa verib, digəri isə tezliklə işdən çıxmağa hazırlaşır.

İsrail Müdafiə Nazirliyinin açıqlaması

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, adətən, nazirlik müdafiə təyinatlı məhsulların ixracına dair şərh vermir, bu informasiya nazirliyin müvafiq strukturları tərəfindən yoxlanılır."Aeronautics Defense Systems” şirkətinin mətbuat xidməti isə Azərbaycan tərəfinin şikayətində deyilənləri qəti təkzib edib.Bildirib ki, şirkət öz məhsullarını dünyanın 50 ölkəsində müştərilərə göndərir və bu zaman Müdafiə Nazirliyinin ixrac lisenziyasına əsaslanır."Aeronautics şirkəti heç vaxt canlı hədəflər üzərində silahların imkanlarını nümayiş etdirmir. Bu, indiki hala da aiddir”, - deyə açıqlamada bildirilir. Qəzetin yazdığına görə İsrail operatorlarının imtina etməsindən sonra Azərbaycan tərəfi pilotsuz döyüş aparatını ermənilərin mövqelərinə qarşı özü tətbiq edib.Hədəf vurulub, ancaq tələfat ciddi olmayıb.Xatırladaq ki, Azərbaycan İsraildən pilotsuz aparatların bir neçə tipini, o cümlədən, "Harop” pilotsuz döyüş aparatlarını əldə edib."Harop” pilotsuz döyüş aparatları ilk dəfə real döyüş şəraitində ötən ilin aprelində tətbiq edilib və nəticədə İsrail şirkətinin pilotsuz aparatlarına dünyada maraq daha da artıb.Habelə Azərbaycan İsral şirkətinin lisenziyası əsasında özünün "Zərbə” pilotsuz döyüş aparatlarını istehsal edir və tezliklə bu aparatların silahlanmaya qəbul edilməsi gözlənilir.

"Düşünülmüş təxribatdır”

Sual yaranır ki, silahların kodlarının Azərbaycan tərəfinə verilməməsi mümkündürmü?Əgər müqavilədə göstərilən məbləğ İsrailə ödənilibsə, bu zaman qarşı tərəf Azərbaycana bu silahların Ermənistana qarşı istifadə etməməsi üçün diqtə edə bilərmi?

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında İsrail KİV-lərində yayılmış məlumatlara inanmadığını bildirib. Politoloqa görə, bu, Azərbaycan əleyhinə yönəlmiş təxribatdır: "İnandırıcı görünmür. Çünki imzalanmış müqavilədə bütün istiqamətlər üzrə şərtlər razılaşdırılır.Buna görə də inanmıram ki, kodların verilib-verilməməsi ilə bağlı razılaşmada hansısa şərt qoyulub.Əgər İsrail Azərbaycana PUA-lar və digər hərbi avadanlıqlar satırsa, bu, artıq İsrail üçün yeni alıcı, yeni bazar deməkdir.Yəni, belə addımlar atmaqla İsrail heç vaxt öz alıcısını itirə bilməz. Digər yandan, İsrail - Azərbaycan münasibətləri öz inkişafının yüksək səviyyəsində olduğuna görə, başqa söhbətlər ola bilməz. Belə məlumatların İsrail KİV-lərində yayılmasına gəlincə, hesab edirəm ki, bu, Azərbaycana qarşı nəzərdə tutulmuş təxribatdır.Son vaxtlar İsrail - Ermənistan münasibətlərində inkişaf meyilləri hiss olunur, hesab edirəm ki, məlumat da buradan qaynaqlana bilər.Başqa sözlə, heç bir müqavilədə kodla bağlı detalın əlavə edilməsi real deyil və bu, düşünülmüş təxribatdır”.

"PUA-ların proqramları Azərbaycanda hazırlanır”

Hərbçi-ekspert Rəşad Süleymanov "Cümhuriyət” qəzetinə açıqlamasında bunun dezinformasiya xarakterli məlumat olduğunu deyib. Ekspertin sözlərinə görə, bu məlumat İsrail - Azərbaycan münasibətlərinə zərər vermək üçün kənar qüvvələr tərəfindən ortaya atılıb: "Azərbaycan və İsrail arasındakı hərbi və siyasi münasibətlər ən üst səviyyədədir. Azərbaycan 2005-ci ildən etibarən İsraildən ən müasir silah və digər hərbi avadanlıqlar alır.İsraildən PUA-lar da alırıq və birgə istehsalını həyata keçiririk.Hesab edirəm ki, iki ölkə arasındakı bu inkişaf etmiş hərbi əlaqələri pozmaq üçün cəhdlər edilir.İsrailin sözügedən şirkətinin Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi ilə birgə müəssisəsi var. Həmin PUA-lar bu müəssisədə istehsal olunur.Digər tipli PUA-lar da istehsal olunur.Həmin aparatlar ordumuzun arsenalına daxil edilib və nümayiş etdirilib.Aprel döyüşlərində, bundan sonra və əvvəl də əməliyyatlarda istifadə edilib.Bunlar özlərini doğrultmuş PUA-lardır.Hətta, bir neçə xarici ölkəyə də bu aparatların icracı həyata keçirilir.Proqram təminatına gəlincə, Azərbaycandan olan mütəxəssislər də proqram təminatında iştirak edirlər.Bu da Azərbaycanda həyata keçirilir”.

İsrail KİV-lərində yayılan məlumata gəlincə, Rəşad Süleymanov qeyd edib ki, İsrail istehsal prosesinə cavabdehdir, aparatın tətbiqinə yox: "Tətbiq işini azərbaycanlı hərbçilər və mütəxəssisləri həyata keçirirlər. İsrail vətəndaşının Azərbaycanda hərbi əməliyyata cəlb olunması mümkün deyil.Düşünürəm ki, belə məlumatlar Azərbaycan - İsrail münasibətlərinə əngəl olmaq üçün ortaya atılır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları