Yuxarı

Əli Kərimlinin oğlu qazana bilir, başqası yox?

Əli Kərimlinin oğlu qazana bilir, başqası yox?

Əli Kərimli oliqarx həyat tərzini gizlətməyə çalışır

"Yurd” sədri Əli Kərimli xalqa növbəti video-müraciətlə çıxış edib. "Yurd” liderinin "hesabat-müraciət”ində maraqlı nüanslar var. Əli Kərimli  məişət qayğılarından da danışıb. Özünün Feysbuk səhifəsində izləyicilərinə video-müraciət edən Əli Kərimli Bakının müxtəlif yerlərində villalarının, bahalı maşınlarının olması, o cümlədən, övladlarının xarici ölkələrdə kasıb üçün əlçatmaz ali məktəblərdə təhsil alması ilə bağlı ittihamlara da aydınlıq gətirməyə çalışıb.

Azərbaycanda "tez-tez hüquqlarının pozulduğunu” deyən Əli Kərimli qeyd edib ki, o, qarşısına çıxan problemləri Avropa Məhkəməsi vasitəsilə həll etməyə çalışır: "Mənim bu ölkədə hüquqlarım tez-tez pozulur. Mən də məcbur olub bu hüquqlarımın müdafiəsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edirəm. Avropa Məhkəməsində mən artıq 3 iş udmuşam. Bu 3 iş üzrə bu günədək Azərbaycan hakimiyətini Avropa Məhkəməsi vasitəsi ilə 46 min avro cəzalandırmışam. Bu da təxminən 100 min manata qədər pul edir.Bu pulları da övladlarımın təhsilinə xərcləmişəm”.

"Yurd” sədri sonuncu dəfə millət vəkili olarkən maaş aldığını, hazırda işsiz olduğunu bildirib: "Millət vəkili olarkən yüksək maaş almışam, amma bundan sonra iş imkanım yoxdur. Həyat yoldaşıma da belə bir iş imkanı tanımayıblar. Beləliklə, bizim son illərdə pul qazanmaq imkanlarımız yoxdur.Mənim qohumlarım, yaxınlarım bu məsələlərdə həmişə mənə kömək ediblər. Oğlum İngiltərədə ali təhslini bitirib, artıq işləyir. Nüfuzlu bir təşkilatda çalışır  və kifayət qədər yüksək maaş alır. Lakin buna baxmayaraq, oğlumun evi yoxdur, heç özünə avtomobil də almayıb. O, əksəriyyət kimi ictimai nəqliyyatdan istifadə edir, bizim ailəmizə və bacısının təhsilinə kömək edir”.

Oğul maaşına "möhtac” ata

Əli Kərimli növbəti dəfə öz dili ilə özünün tragikomik "portret”ini çəkdi.Bu "portret”də əks olunan simanın altında hansı xətlərin, neçə formada xislətin gizləndiyini hər kəs bilir.Başqa sözlə, axşama kimi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin qarşısında pul üçün yatan Əli Kərimlinin oğlu Türkel Kərimlinin öz maaşından ayırıb göndərdiyi 5-10 manat pula möhtac olmadığını hər kəs bilir.Lakin "Yurd” sədri maddiyyata elə bağlı insandır ki, oğlunu da "obşak”a bağlayar.

Hələ Əbülfəz Elçibəy Kələkidə olarkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün ayrılmış pulları mənimsəyərək partiyaya qənim kəsilən Əli Kərimli sonrakı illərdə də bu yöndəmsiz missiyasını davam etdirdi.Partiyanın pullarının üstünə oturan "Yurd” sədri bununla nüfuzlu siyasətçilərin AXCP-dən getmələrinə yol açdı.Çirkin oyunu partiyanı parçaladı.Burada qalanları da maddi məhrumiyyətlərin içinə atdı.Partiyadaşlarının belə ciblərinə qənim kəsilən Əli Kərimli həmin şəxslərdən özünü dəstəkləmək üçün muzdsuz könüllülər dəstəsi yaratmağı qarşısına məqsəd qoymuşdu.Amma su çanağı su yolunda qırılar.Əlbəttə, masa altından oynadığı çirkli oyunlar gün işığına çıxdıqca, əsl həqiqətlərin fərqinə varanlar ondan imtina edərək sonda ən doğru yolu seçdilər.

Əli Kərimlinin şaxəli biznesi

Qeyd etdiyimiz kimi Əli Kərimli oğlu Türkelin maaşından ayırdığı cüzi pulla güzəran sürəcək adam deyil. Azərbaycanlı məmurlar kimi hasarladığı dənizin kənarında böyük malikanəsi olan Əli Kərimli eyni zamanda Bakı şəhərinin mərkəzində bir neçə evin də sahibidir."Yurd” sədrinin ABŞ və Avropadan olan bir sıra QHT-lərdən pullar alması ilə yanaşı, Gürcüstanda avtomobil ticarəti ilə də məşğul olduğu bildirilir.Bundan başqa 2013-cü ildə Milli Şura layihəsinə görə Rusiyadan külli miqdarda pul əldə edən Əli Kərimli bir tərəfdən İrandakı dini-siyasi dairələrlə əlaqələrindən də müəyyən həcmdə pul qazanır. Şübhəsiz ki, Əli Kərimliyə son illərdə ən böyük gəlir gətirən sahə "mühacir biznesi”dir. O, Avropa ölkələrindən sığınacaq almaq istəyən şəxslərə saxta arayışları 3-5 min avroya satır.

Oğlu Türkelin İngiltərədən ona "dolanışıq və məişət problemlərini həll etmək üçün” göndərdiyi pullara gəlincə, bu, heç onun bahalı avtomobilinin benzin pulu etmir.Məsələnin görünməyən tərəfində isə bir müddət əvvəl gündəmə oturmuş iddialardan nüanslar var. Həmin iddialar Amerikanın maliyyə fondları ilə əlaqələri isti olan Türkel Kərimlinin bu təşkilatların ayırdığı pulları atasına yönəltməsi ilə bağlı idi.Əgər iddialar doğrudursa, o zaman Türkel Kərimli həmin fondların atası üçün ayırdığı pulların müvafiq banklara köçürülməsi, yaxud alternativ çatdırılma vasitələrinə yönəldilməsi işini icra edir.Yəni, Türkel Kərimli atasına pulu öz maaşından göndərmir.

Yeri gəlmişkən Əli Kərimli tez-tez məmur övladlarının özbaşınalıqlarından danışır və atalarının pulları ilə harınlaşdıqlarını deyir. "Qaçqınkom”un rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin öz bahalı avtomobili ilə adam öldürməsi də "Yurd” sədrinin narazılığına səbəb olmuşdu. Əli Kərimliyə görə, Nail Allahverdiyev də digər məmur övladları kimi öz məmur atalarının, qohumlarının zənginləşdirdiyi adamlardandır. Amma nədənsə Əli Kərimli Türkel Kərimlinin zənginliyini onu öz zəhmətinə bağlayır, özünün yönəltdiyi təşkilatlara, zəngin iş adamlarına yox. Əgər belədirsə, o zaman Nail Allahverdiyev də adam vurduğu o bahalı maşını öz zəhməti hesabına qazanıb. O zaman keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu da öz zəhməti hesabına qazandığı pulla 700 min manatlıq ayını sevgilisi üçün kəsdirib.

Mənsur







Həftənin ən çox oxunanları