Yuxarı

Qərbi Azərbaycan Partiyası yaradılır?

Qərbi Azərbaycan Partiyası yaradılır?

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli "Qərbi Azərbaycan Partiyası” yaratmaq fikrində olduğunu bildirib.

Mətbuata açıqlamasında Əziz Ələkbərli deyib: "Biz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizəyə start verəcəyik, bunun üçün ilk növbədə Qərbi Azərbaycan qaçqınlarının və bütün qərbi azərbaycanlıların və hansı ölkədən, hansı bölgədən olmasından asılı olmayaraq, bizim bu mübarizəmizi dəstəkləyən soydaşlarımızın təşkilatlanmasını təmin edəcəyik. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, öz işimizi görəcəyik. Amma biz ictimai təşkilatıq və siyasi fəaliyyətlə məşğul olmuruq. Ona görə də mənə elə gəlir ki soydaşlarımızın da çoxu bu fikirdədir ki, qərbi azərbaycanlıların bu mübarizəsini məqsəd və məramına iri hərflərlə yazacaq bir siyasi təşkilatın yaranmasının da artıq vaxtı çatıb. Çox güman ki, bu, Qərbi Azərbaycan Partiyası olacaq, əsas məqsədi də Qərbi Azərbaycan torpaqlarını erməni işğalından azad etmək olacaq”.

"Qərbi Azərbaycan” adlı siyasi partiyanı qeydiyyatdan keçirmək çətin olmayacaq ki?

Əziz Ələkbərli "Cümhuriyət”ə açıqlamasında deyib  ki, ideyanın maraqla qarşılanması müsbət haldır:

"Demək, millət olaraq işğal altında olan torpaqlarımızın, hətta son iki yüz ildə itirdiyimiz tarixi ərazilərimizin erməni işğalından azad edilməsi üçün hər cür mübarizəyə hazırıq. Bu özü böyük avantajdır. Mən deyərdim ki, millətdə bu mübarizə ruhu xüsusilə, aprel döyüşlərindən sonra yaranıb. Hamı dövlətimizin və ordumuzun nə qədər güclü olduğunu və gec-tez torpaqlarımızı işğaldan azad edəcəyini dərk edir, buna bütün varlığı ilə inanır. O ki qaldı Qərbi Azərbaycan  adlı partiya yaratmaq ideyasını mən irəli sürməmişəm. İllərdir bu ideya var və bu ideya bu gün Azərbaycanda mövcud olan partiyaların Qərbi Azərbaycan probleminə laqeyd münasibətindən yaranmış boşluğu doldurmaq üçün meydana gəlib. Təbii ki, ad şərtidir, mən müsahibəmdə də demişəm ki, ola bilər bu partiya belə adlansın, buna partiyanı yaradanlar qərar verəcək. Bu partiyanın qeydiyyatdan keçib-keçməyəcəyinə gəldikdə isə, Azərbaycan demokratik bir ölkədir, əgər yeni yaranan partiya Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının maraqlarına xidmət edəcəksə, Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərəcəksə və əsas məram və məqsədi işğal altında olan torpaqlarımızın azad edilməsi olacaqsa, nə dəxli var, hansı adla fəaliyyət göstərəcək və niyə də qeydiyyatdan keçməsin”. 

Əziz Ələkbərli yeni yaranacaq partiyanın məqsəd və məramından da danışıb:

"Əgər partiya yaranırsa, o, qanunla qadağan olunmayan bütün sahələrdə fəaliyyət göstərəcək, bu, müzakirə mövzusu deyil. Amma hamı bilməlidir ki, qərbi azərbaycanlılar heç vaxt Azərbaycan dövlətçiliyinə ziyan verən hərəkət etməzlər. Mən müsahibələrimdən birində demişəm ki, biz Qərbi Azərbaycanda böyüyənlər uşaqlıqdan Heydər Əliyev və Azərbaycan uğrunda hər gün ermənilərlə vuruşa-vuruşa böyümüşük. Mənə elə gəlir ki, belə bir partiyanın yaranması ideyası ilk növbədə cənab Prezident İlham Əliyevin "İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz mütləq o torpaqlara qayıdacağıq” fikrindən güc alıb və şüarında da məhz bu sözlər olacaq. Belə bir partiyanın yaradılmasının bir məqsədi ola bilər: işğal altında olan Azərbaycan, o cümlədən, Qərbi Azərbaycan torpaqlarının azad edilməsi uğrunda siyasi-ideoloji mübarizə aparmaq, bu ideya uğrunda mübarizə aparmağa hazır olan yeni nəsil formalaşdırmaq, o torpaqların unudulmaması üçün var gücü ilə çalışmaq, bu mübarizədə Azərbaycan dövlətinin və Azərbaycan hakimiyyətinin yanında olmaq”. 

Ə.Ələkbərli deyir ki,  Qərbi Azərbaycan uğrunda mübarizə və türklərin itirdiyi tarixi torpaqlara qayıdışı hərəkatı davam edəcək:

"Biz milləti bu qayıdışa kökləyə biləcəyiksə, bu elə qayıdışın yarısı deməkdir. Ermənilər, sizcə, Qarabağı necə işğal etdilər? 200 il ərzində əvvəl özlərini, sonra isə dünyanı inandırdılar ki, indiki "Ermənistan”, hətta Qarabağ onların tarixi vətənidir, sonra da bu yalana inandırılmış yeni nəsil yetişdirdilər və aldadılmış bu yeni nəslin əlinə silah verib Qarabağa göndərdilər. Əlinə silah alan bu erməni gəncləri inandılar ki, Qarabağ onların tarixi vətənidir. Biz belə bir nəsil yetişdirəcəyik, amma bu nəsil yalanla yox, tarixi həqiqətlə silahlanacaq və gözünü qırpmadan altında əcdadlarının məzarları uyuyan o torpaqlar uğrunda mübarizə aparacaq, "Öncə Vətəndir!” deyəcək”. 

Ə.Ələkbərli qurulacaq partiyanın xaricdən dəstək aldığına dair iddialara cavab verib:

"Bu, çox gülməli iddiadır. Hələ partiya var ki, onun da maliyyələşməsi olsun? Hansı xaricdən? 30 ildir bizi Vətəndən didərgin salan, o Vətənə həsrət qoyan, ata-analarımızın "Vətən” deyə-deyə bu dünyadan köçməsinə səbəb olan xaricdən? 30 ildir Azərbaycanın haqq səsinə kar və kor olan xaricdən? Hamı bilsin, belə bir partiya yaranacaqsa, o, Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparmayacaq, ancaq və ancaq Qərbi Azərbaycanın, Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə aparacaq. Ağlında başqa şey olanlar nahaq vaxt itirməsinlər, gedib öz işləri ilə məşğul olsunlar, onlara bu təşkilatda yer olmayacaq. Əgər bu partiyanın maliyyələşməsi olacaqsa, qanun çərçivəsində öz millətimizdən və dövlətimizdən olacaq, olmayacaqsa, bu yolda təmənnasız addımlayacağıq. İndiyə qədər təmənnasız çalışmışıq, acından ölməmişik ki”.

İdeyaya digər tanınmış Qərbi azərbaycanlıların da münasibəti maraqlıdır. Əslən Qərbi Azərbaycandan olan siyasətçi, AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə açıqlamasında ideyanın uğur qazanacağına inanmadığını deyib: "Əziz Ələkbərliyə uğurlar arzulayıram. Amma məsələ ondadır ki, Azərbaycanda çoxpartiyalı sistemin özü çox böyük təhlükə qarşısındadır. Bu baxımdan da o partiyanın gələcəkdə hansısa iş görəcəyi, effektli fəaliyyət göstərəcəyi haqqında müsbət fikirlər söyləmək olmur. Bu istiqamətdə fəalliyyət göstərən kifayət qədər ictimai təşkilatlar var. Siyasi baxımdan isə bu təkcə qərbi azərbaycanlıların problemi deyil. Bu bütövlükdə Azərbaycanın problemidir və bununla da məşğul olan siyasi partiyalar var. Hər bir halda ideyadır, fikirdir, təklifdir. Kim həyata keçirmək istəyirsə, biz yalnız uğur arzulayırıq. İstərdik ki, ölkənin gündəmində və eləcə də dünyada özünü tanıtsın”.

Əli Orucov Əziz Ələkbərlinin "sifarişlə fəalliyyət göstərdiynə inanmadığını bildirib: "Mən Əziz Ələkbərlini uzun zamandır tanıyıram. O, millətini, vətənini sevən insandır. Ona görə də onun hansısa xarici əlaqələr qurub, sifariş əsasında addım atacağına inanmıram”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları