Yuxarı

Ermənilər dostlarına güvənmir

Ermənilər dostlarına güvənmir

Türkiyənin Azərbaycana dəstəyi işğalçı ölkəni narahat edib

Ermənistan növbəti dəfə Türkiyə - Azərbaycan müttəfiqliyindən keçirdiyi narahatlığını gündəmə gətirib. "Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan Türkiyənin Azərbaycanın müttəfiqi olduğunu, Ermənistanın isə belə bir müttəfiqinin olmadığını bildirib: "Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir. Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı”.

Azərbaycanın Türkiyəsi, Ermənistanın Fransa və Rusiyası

Artıq təsdiqlənmiş ehtimaldır ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ermənilərin ölkəmizə qarşı digər qondarma iddiaları qarşısında da Azərbaycanı müdafiə edən azsaylı müttəfiqlərindən biridir. Hətta, Türkiyə işğallara etiraz olaraq öz sərhədlərini də Ermənistanın üzünə bağlayıb. Amma o da həqiqətə çevrilmiş ehtimaldır ki, Azərbaycanın Türkiyəsi olduğu kimi Ermənistanın da Fransa və Rusiyası var. Halbuki, Fransa və Rusiyadan fərqli olaraq, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmir. Yəni, Türkiyənin Qarabağ məsələsinə istədiyi baxışı sərgilməkdə müstəqildir, Fransa və Rusiyanın isə belə bir lüksü yoxdur, ATƏT-in Minsk qrupu daxilində üzərlərinə götürdükləri missiyası gərəyincə də olmamalıdır.

Kremlin dünyadan təcrid etdiyi ölkə

Keçmiş sovet coğrafiyasının ən köhnə münaqişəsi olan Dağlıq Qarabağ problemi Ermənistanı öz daxilində izoliyasiya etdi. Bu vəziyyətdə işğalçı ölkənin dünyaya yeganə çıxış kanalı Rusiyadır. Rusiya sayəsində iqtisadiyyatını quran Ermənistan digər yandan öz təhlükəsizliyini də bu ölkəyə etibar edir. Hazırda Ermənistan sərhədlərini rusiyalı hərbçilər qoruyurlar. Lakin Rusiyanın "dəstəyi” Ermənistana baha başa gəlib. Atom Elektrik Stansiyası, elektrik stansiyaları, bütün enerji şəbəkəsi, hava yolu və bank sektoru Moskvanın əlindədir. Amma Cənubi Qafqazda Ermənistan kimi forpostunun olması Rusiyanın işinə yarayır. Ermənistan bölgədə Rusiyanın yeganə dayaq nöqtəsi olmaqla yanaşı, Gürcüstan və Azərbaycana bu ölkə üzərindən İranla birlikdə təzyiq edir. Şübhəsiz ki, Kreml Cənubi Qafqaz siyasətini Ermənistan üzərində qurub.

SSRİ-dən çıxmasının ilk illərindən bu günədək Rusiya və Ermənistan arasında 200-ə yaxın hərbi saziş imzalanıb. Ən əhəmiyyətli saziş 1997-ci ilin aprel ayının 3-də imzalandı. Həmin anlaşmaya görə, müharibə vəziyyətində Rusiya və Ermənistan biri-birinə qarşılıqlı şəkildə hərbi dəstək verməlidir. Həmin dönəmdə Azərbaycan və Türkiyə bu anlaşmanı Rusiyanın Cənubi Qafqaza müdaxiləsi kimi qiymətləndirərək buna kəskin etiraz etdilər. İndiki Ermənistan prezidenti, dönəmin müdafiə naziri Serj Sarkisyan Türkiyə və Azərbaycana cavab olaraq bildirdi ki, erməni ordusu Rusiyanın hərbi mədəniyyətinin üzərində qurulub. Bu gün də Ermənistan Rusiyanın hərbi bazasının olduğu yeganə ölkədir. Hər halda bu faktor Rusiyanın Cənubi Qafqazla bağlı geosiyasi maraqları daxilində Ermənistanın hansı roldan çıxış etdiyini göstərir.

Ağa - qul münasibətləri

Ermənistandakı 20 bankın 50%-dən çoxu Rusiyadan ayrılan maliyyə hesabına fəaliyyət göstərir. İşğalçı ölkənin ən böyük bankı "Armsberbank”ın 80%-i borc qarşılığında Rusiyaya satılıb. Ən böyük sığorta şirkəti "Efes”in 75%-i də Rusiyaya bağlıdır. 2006-cı ildə Rusiyanın telekomnukasiya şirkəti "Vımpel” Ermənistanın "ArmenTel” şirkətinin hissələrinin 90%-ni aldı. Bundan başqa "EES Rossiya” şirkəti Ermənistanın bütün elektrik şəbəkəsini 100 illiyə 73 milyon dollara icarəyə götürüb. Ölkədə elektrik qiymətləri də Rusiyanın bu şirkəti tərəfindən müəyyən olunur. Ölkənin qaza olan tələbatının 100%-i də Rusiya tərəfindən ödənilir. Ermənistanın ən böyük qaz şirkəti "ArmRosGazprom”un 45%-i erməni hökumətinə, 45%-i Rusiyaya, qalan hissələri də beynəlxalq "ITERA” şirkətinə aiddir. Başqa sözlə, qonşu dövlətlər - Gürcüstan, Azərbaycan və Türkiyə ilə münaqişəli vəziyyətdə olması Ermənistana baha başa gəlib. Ermənistanın bu təcriddən xilas olmaq üçün özünü tamamilə Rusiyanın ixtiyarına verməsi işğalçı ölkənin dünyaya açılmasını təmin etmədi, əksinə, strateji olaraq özünü öz əli ilə tamamilə Rusiyanın əlinə verdi. Bu vəziyyət isə Ermənistanın Rusiyadan ayrı hərəkət etməsinə mane olur.

Dağlıq Qarabağ münaqişəsi və Rusiya

Beləliklə, Kreml bölgədəki yeganə forpostuna siyasi və hərbi dəstək verməklə yanaşı, bir tərəfdən də ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Yəni, "Qarabağ kartı”ndan həm Azərbaycana, həm də Ermənistana qarşı peşəkarlıqla istifadə edir. 

Əlbəttə, Rusiyaya görə, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli Azərbaycan və Ermənistanı Qərbə yaxınlaşdıracaq. Son zamanlarda Qərblə təmaslarını sıxlaşdıran Azərbaycanın müəyyən zamanlarda NATO-ya inteqrasiya xətti seçməsi ilə bağlı gündəmə gəlməsi, bir tərəfdən də zaman-zaman Ermənistanın alyansın hərbi təlimlərində iştirak etməsi Moskvanın maraqlarını əks etdirmir. Buna görə də Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində bu iki ölkə arasında balans yaratmağa çalışır. SSRİ-nin dağılmasıyla Rusiya Ermənistanı Cənubi Qafqazda yeganə dayaq nöqtəsinə çevirdi. Həmin dönəmdə Azərbaycan və Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya xətti seçəcəyindən ehtiyat edən Rusiya bu ölkədən bölgə dövlətlərinə qarşı təzyiq vasitəsi, yaxud, həssas məqamlarda dayaq nöqtəsi kimi istifadə etməyə başladı. Halbuki Ermənistanın Rusiyadan birmənalı şəkildə, bütöv formada asılılığı bu ölkəni təcriddən xilas etmir, əksinə onu tamamilə dalana dirəyir.

Ermənilərin "fransız mikrofon”u

Fransadakı erməni lobbisi və diasporunun təsirləri altında olan fransız KİV-ləri və bir sıra siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə baxışları Minsk Qrupunda həmsədr olan Fransanın rəsmi mövqei ilə daban-dabana ziddir. Fransalı siyasətçilər və nüfuzlu media qurumlarının Ermənistanla birlikdə Qarabağ həqiqətlərini təhrif etməsi, işğalçının cəzasız qalması və münaqişənin həll prosesinin dalana dirənməsinə səbəb olan amillərdən biridir. Təsadüfi deyil ki, qondarma erməni soyqırımı və digər erməni iddialarının beynəlxalq səviyyəyə qaldırılmasında ilk təşəbbüsü edən ölkələrən biri, bəlkə də birincisi Fransadır.

1965-ci ildən Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatı "Erməni İddialarını Müdafiə Komitəsi” ("Comite de Defense de la Cause Armenienne”) kimi qurumlar vasitəsilə ermənilər fransalı siyasətçilərin üzərindən "soyqırım” və Qarabağ məsələsi ilə bağlı ciddi işlər görürlər. Fransa həmçinin ermənilərin Avropada təşkilatlanmalarında müstəsna xidmətləri olan ASALA və "Xnçak Komitəsi” adlı erməni terror təşkilatlarının mərkəzi funksiyasını yerinə yetirməkdə də diqqət çəkir. Fransız hökuməti "Xnçak”ın nəzdnində qurulmuş "Fransa Ermənilərinin Mədəni Birliyi” və "Fransalı Gənc Ermənilər” adlı diaspor təşkilatlarının qurulmasında əhəmiyyətli maddi və texniki dəstək təmin edib. 

Fransanın inkişaf etmiş demokratik haqlarından istifadə edən ermənilər son illərdə bu ölkənin siyasi dairələri və nüfuzlu siyasi partiyaları ilə münasibətlərini xeyli dərəcədə genişləndiriblər. Həmin münasibətlər sayəsində bir sıra erməni siyasətçilər Fransa parlamentində mandat yerləri yeri və ölkənin iri şəhərlərinin meriyalarında yüksək postlar tuta biliblər. Xüsusilə də ermənilər Fransa mediasında güclü mövqeləri var. Ölkənin bir sıra tanınmış media təmsilçisi və nüfuzlu KİV-lərinin rəhbərləri də erməniəsillidir. Fransadakı erməni lobbisinin Ermənistan üzərində də güclü təsir imkanları var.

Siyasiləşdirilmiş humanizm

Ermənilərin Fransadakı xeyriyyə təşkilatlarının fəaliyyətləri də fransız hökumətinin diqqətinin cəlb edilməsinə hesablanıb. Hər il bir sıra humanitar yardım kampaniyaları təşkil edən və müəyyən sektorlara yardımlar ayıran "Erməni Qızıl Xaçı”, "Erməni Sosial Yardım Birliyi”, "Erməni Xeyriyyə Cəmiyyəti” və s. kimi qurumlar qondarma soyqırım və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransa hökuməti qarşısında bir sıra tələblərini irəli sürə bilirlər. 

Başqa sözlə, Fransa Minsk qrupu daxilində və bu formatdan kənarda ermənilərin Dağlıq Qarabağ və digər iddialarını beynəlxalq tribunalardan dünyaya çatdıran "mikrofon”larından biridir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları