Yuxarı

Okeanın o tayından sülh çağırışları

Okeanın o tayından sülh çağırışları

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları yenidən bərpa etməyə çağırıb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, amerikalı diplomat münaqişənin həll prosesində irəliləyişin əldə edilməsi üçün danışıqların yenidən başlamasına ehtiyacın olduğunu vurğulayıb. 

"Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər, - deyə o, bildirib. Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.

Görüşlərin bərpası nə vəd edir?

Sentyabrda xarici işlər nazirlərinin keçiriləcək görüşündə prezidentlər arasında müzakirələrin yenidən bərpa olunması məsələsinin danışılacağı bildirilir. Prezidentlər arasında payız aylarında görüşün baş tutacağı məsələsinin böyük ölçüdə həll olunduğu, lakin danışıqlara hansı təklif və variant üzərindən gediləcəyi məsələsinin məlum olmadığı ehtimal olunur. Bu baxımdan nazirlərin görüşünün prezidentlər arasında danışıqların yenidən bərpa olunması üçün hazırlıq mərhələsi olduğu deyilir.

"Biz əməliyyatları dayandırdıq, ermənilər də danışıqları”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, prezidentlər səviyyəsində tərəflər arasında təmaslar yenidən sıxlaşdırılsa, bu, münaqişənin həll prosesində dönüş yaratmayacaq. AXCP yetkilisi həll yolunun müharibədən keçdiyini diqqətə çatdırıb: "Əslində Hoqlandın işi həmsədr olaraq danışmaqdan ibarətdir. 1994-cü ildən bu yana Minsk qrupu səmərəsiz danışıqlar aparır və ortada da heç bir nəticə yoxdur. Prezidentlər dəfələrlə görüşüblər, neçə dəfə də nazirlər səviyyəsində danışıqlar gedib, amma yenə də heç bir irəliləyiş, həllə gətirəcək nəticə yoxdur. Ümid yaradan Sankt-Peterburq və Vyana görüşlərindən də heç nə çıxmadı. Buna görə də belə bir vəziyyətdə danışıqları yenidən bərpa etmək səyləri də heç nəyi dəyişdirməyəcək. Danışıqlar o zaman səmərəli ola bilər ki, işğalçı qarşısında bütün gücümüzü göstərəcəyik. Məsələn, keçən ilin aprel ayında keçirdiyimiz hərbi əməliyyatlar erməniləri əl-ayağa saldı. Hətta, danışıqlara getməyə razılıq verdilər, biz də bunun qarşılığında əməliyyatları dayandırdıq, onlar da danışıqları dayandırdılar”.

Rafiq Daşdəmirli Ermənistanın danışıqlar masasından qaçmağa meyilli olduğu şəraitdə müzakirələrin heç bir nəticə verməyəcəyi fikrindədir: "Danışıqlar səmərəsizdir. İllərdir aparılan danışıqlarda da bunu gördük. İndiki situasiyada da müzakirələr yenidən başlasa, bu, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində müsbət dönüş yaratmayacaq. Mövcud status-kvo ermənilər və onların havadarlarının maraqlarına daha çox uyğundur. İşğalçını danışıqlara məcbur etməyin yeganə yolu, hərbi əməliyyatlara başlamaqdan keçir. Ordumuz güclüdür, xalqla ordu arasında birlik yaranıb, bunu 4 günlük aprel döyüşlərindən də gördük”.

"Həmsədrlər status-kvonu saxlamağa çalışırlar”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə deyib ki, aprel döyüşlərindən sonra münaqişənin həll prosesində dönüş gözlənilsə də, bir neçə aydan sonra diplomatik danışıqlar dayandırıldı. Politoloq hesab edir ki, burada Ermənistanın qeyri-konstruktiv mövqeyi mühüm rol oynadı: "Bir ildən çoxdur ki, prezidentlər səviyyəsində danışıqlar aparılmır və Minsk qrupunun səyləri iflasa uğrayıb. Ötən ay Brüsseldə xarici işlər nazirləri arasında keçirilən görüş də yenilik yaratmadı. Hoqlandın çağırışına gəlincə, bu görüş üçün mühit yoxdur. İlk növbədə Ermənistan müəyyən güzəştlərə getməlidir, görüş naminə təmaslar isə lazımsızdır. Həmsədrlər yalnız görüş naminə belə bir açıqlama verirlər. Həmsədrlərin təklif və görüşləri mövcud status-kvonu qorumağa hesablanıb. Sentyabrda XİN rəhbərləri yenidən görüşəcəklər. Bu da adi bir görüş olacaq, heç bir əhəmiyyət kəsb etməyəcək”. 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya problemə obyektiv yanaşıb, Ermənistana bir neçə rayonu boşaltması üçün təzyiq etməlidir: "Ya da Rusiya kənar çəkiləcəyi halda münaqişənin həllində müsbət dönüş yarana bilər. Bu vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlara başlamaq imkanı olacaq ki, bununla Ermənistanı danışıqlar masasına gətirmək mümkündür. 

Ortada müəyyən təkliflər və sənədlər olsa da bunların həyata keçirilməsinə cəhdlər olmayacaq. Çünki Rusiya ilə yenidən konfidensial danışıqlar gedir. Bu danışıqların nəticəsini gözləməliyik, bütün hallarda isə yaxın perspektivdə münaqişənin həll prosesində irəliləyiş olmayacaq”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları