Yuxarı

Elçibəylə bağlı 25 illik sirlər

Elçibəylə bağlı 25 illik sirlər

Aqil Səmədbəyli: "Süleyman Dəmirəl 250 milyon dollarlıq kreditin bir qəpiyini də Elçi Bəy hakimiyyətdən devrilənə qədər vermədi”

Avqustun 22-də Milli Azadlıq Hərəkatının mərhum lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin ölümündən 17 il ötür. Elçibəy haqqında onun kürəkəni, öncələr mühafizəçisi olmuş Aqil Səmədbəyli ilə danışdıq. Aqil Səmədbəylinin təqdimatı ilə onu daha da yaxından tanıyaq (Aqil Səmədbəylinin isytəyi ilə yazıda Əbülfəz bəyi "Elçi Bəy” olaraq təqdim edirik)

-Aqil bəy, uzun müddət sovet imperiyasının əsarətində yaşayan, demokratiya və azadlıq anlayışlarından kənar olan bir xalqa rəhbərlik etmək Elçibəy üçün çətin olmadımı?
-Elçi Bəy hələ SSRİ-nin güclü olduğu bir zamanda mübarizəyə qatılarkən iki əsas prinsipi rəhbər seçmişdi: Azadlıq və demokratiya. Elçi Bəy cümhurbaşqanı seçildikdən sonra Azərbaycanda azad və demokratik bir cəmiyyətin qurulmasına rəhbərlik etdi. O zamanın ana müxalifət partiyası hesab edilən AMİP sədri də bütün dövlət tədbirlərinə dəvət edilirdi. Bəy olduqca səmimi demokrat idi. Sizə bir hadisəni nəql edim. Prezident Elçibəy Gəncədən qayıdarkən öncə Tərtərə, ordan da Yevlaxa gəlir. Yevlaxda olarkən zavod işçiləri ilə söhbət edir. Onlardan nə qədər maaş aldıqlarını soruşur. İşçilər maaşlarının az olduqlarından şikayətlənirlər.

Bəy deyir: - "Bəs niyə etiraz etmirsiz. Çıxın mitinqə. Həm prezident, həm də AXC sədri kimi sizi müdafiə edəcəyəm! Elçi Bəy istəyirdi ki, xalq haqları uğrunda mübarizə aparmağı öyrənsin. Elçi Bəy sıradan bir prezident deyildi. O həm də MÜƏLLİM idi, xalqa Azadlıq və Demokratiya anlayışının nə olduğunu öyrətməyə çalışan bir ATA. Təəssüf ki, o zaman xalqımız Elçi Bəyi başa düşmədi. Elçi Bəydə olan ən ali keyfiyyətlər yanlış yozuldu. Əlbəttə, Elçi Bəy siyasətinin yanlış yozulmasında düşmən qüvvələrin də ciddi rolu olub. Demokratiya ilə tanış olmayan, 200 ilə yaxın bir dövrü əsarətdə yaşamış bir xalqa dünyanın ən səmimi və böyük demokratının rəhbərlik etməsi əlbəttə, asan deyildi. Ona görə Elçi Bəy president olduğu bir ili həyatının ən çətin dönəmi adlandırdı. 

- Niyə, əsas səbəblər hansılar idi? 
- Bir ildə o, həm Qarabağ cəbhəsində ermənilərə, həm də daxildəki xainlərə, həm də böyük dövlətlərin maraqlarına qarşı vuruşurdu. Gecə-gündüz dövləti qurmaq üçün çalışırdı. Lakin o dönəmdə yetərli kadr potensialı da yox idi. O xalqa ədalətli cümhurbaşqanı necə olur, bunu göstərdi. Bir rəhbərin həm də bu xalq üçün necə ATA ola biləcəyini göstərdi. Doğrudur, övladlarının çoxu belə bir ATA-ya sahib olmanın dəyərini anlaya bilmədi. Bu da dahi insanların həyatının istisnasız bir məsələsidir. Heç bir dahi dövründə anlaşılmır. Ona görə ki, dahilər zamanı 20-40 il qabaqlamış insanlar olur. 

"Rusiya səfiri yazırdı ki, Elçi Bəy 3 il iqtidarda olsa...”

- Əbülfəz bəyin hakimiyyətindən devrilməsində kimlərin rolu oldu?
- Əbülfəz Elçi Bəyin bir illik hakimiyyəti dövründə aparılan islahatlar, əldə edilən nəticələr dünyada əmsalı olmayan bir uğur idi. Elçi Bəyin hakimiyyətdən devrilməsinin səbəbini izah etmək üçün sadəcə bir faktı söyləmək kifayətdir. Əbülfəz Elçi Bəy cəmi 6 ay idi ki, prezident olaraq fəaliyyətə başlamışdı. 1992-ci ilin dekabrında Rusiyanın Bakıdakı səfiri Valter Şoniya Moskvaya teleqram göndərərək yazırdı: Əgər Elçi Bəy 3 il iqtidarda qalsa, Azərbaycanda da Türkiyədəki kimi bir ordu qurulacaq, ölkə çox güclü iqtisadiyyata sahib olacaq. Tam müstəqil olacaq və ətraf ölkələrə də bununla bir örnək olacaq. Təcili tədbirlər görülməlidir!”

 Elçi Bəy hakimiyyətdə qalsaydı, Rusiya Azərbaycanın qabağında dayana bilməyəcəkdi. Beləliklə, Azərbaycan, ümumilikdə Rusiyanın təsirindən çıxacaqdı. Bu məsələnin sadəcə olaraq Rusiya tərəfidir. Məsələnin İranla bağlı olan tərəfi də var. Hazırda İran adlanan ölkədə 35 milyondan çox Azərbaycan türkü yaşayır. O zaman Elçi Bəyin Bütöv Azərabycan ideyası sürətlə yayılmağa başaldı. İran universitetində ilk dəfə olaraq tələbələrimiz Azərbaycan bayraqlarını qaldıraraq etiraz etdilər. Bu hadisə molla rejimini ciddi narahat etməyə başladı. 

"Dəmirəl Elçi Bəyi dəstəkləmirdi”

-Təəssüf ki, Türkiyə də milli hökuməti, Elçi Bəy iqtidarını lazımi qədər dəstəkləmədi…
- Türkiyənin o zamankı prezidenti Turqut Özal Elçi Bəyi dəstəkləyir, baş nazir Süleyman Dəmirəl isə dəstəkləmirdi. Lakin o dövrdə Türkiyədə bütün səlahiyyətlər baş nazirə aid idi. Elçi Bəyin də Türkiyə sevgisi hər kəsə bəlli idi. Hakimiyyəti dövründə qəzetlərdə belə bir xəbər yayıldı ki, Türkiyə Ermənistana 150 min ton buğda bağışlayıb. Bu hadisə rəhbərə böyük zərbə idi. Azərbaycanla Türkiyə arasında hələ o dövrdə bağlanan müqaviləyə görə Süleyman Dəmirəl 250 milyon dollarlıq kreditin bir qəpiyini də Elçi Bəy hakimiyyətdən devrilənə qədər vermədi. Rəsul Quliyevin məhkəməyə təqdim etdiyi sənəddə bu məsələyə toxunulur, bildirilir ki, pulun böyük hissəsi Elçi Bəyin devrilməsi ilə bağlı plana xərclənib. 

- Hər zaman kimlərinsə Əbülfəz Elçi Bəyə dönük çıxması məsələsi böyük müzakirələrə səbəb olub. Amma bunu sizin dilinizdən eşitmək istərdik. Özü bu haqda nə deyirdi, komandasından kimlər ona dönük çıxıb?
- Elçi Bəy ad çəkməzdi. O tamamən başqa adam idi. Tanrı ətrafında olan hər kəsə Elçi Bəyə olan münasibətə görə mükafat, yaxud da cəza verdi.

- Elçi Bəy hələ hakimiyyətdə olduğu dönəmlərdə belə kirayədə yaşayırdı. Bu hadisənin fonunda bir də Azərbaycanın iqtisadi mənzərəsinə nəzər salaq. O zaman vəziyyət necə idi?
- Elçi Bəy Azərbaycanın sərvətlərinin talan edilməməsinə qarşı idi. O dövrdə yerli mütəxəssislər belə ölkədə nə qədər neftin olması haqda məlumatsız idi. Lakin ingilis mütəxəssislər apardıqları araşdırmanın nəticəsi olaraq bildirmişdilər ki, Azərbaycan neftinin təxmini dəyəri minimum 5 trilyon dollardır. Bu sərvəti Azərbaycana verərdilərmi? Elçi Bəy hakimiyyəti dövründə hazırlanan neft anlaşması layihəsində Azərbaycanın payı 30 faiz idi. Eyni zamanda, neft üzrə ixtisaslaşan ABƏŞ (Azərbaycan Beynəlxalq Əməlliyyat Şirkəti) beynəlxalq şirkətinin sədrliyi və söz sahibliyi də ölkəmizə məxsus idi. Elçi Bəyi devirdikdən sonra Azərbaycanın payı 10, Amerikanınkı 40, İngiltərəninki 20 faiz oldu. ABƏŞ-in sədrliyi və söz sahibliyi isə İngiltərəyə verildi. ABƏŞ-də birinci müavinlik isə ABŞ-a verildi. Bu ölkələr beş ildə bir yer dəyişdirməklə hələ də söz sahibliyini saxlayırlar. Hakimiyyəti dövründə kürü istehsalı 2 tondan 30 tonadək artıb. Bu nə deməkdir, bilirsiniz? Demək ki, oğurlanmış 28 ton kürü xalqa geri verilib. Təsəvvür edirsinizmi, bir çox rayon  xəstəxanalarında xəstələrə kürü verilirdi. 

- Hakimiyyətdən devrilməsi haqda nə deyirdi?
- Deyirdi ki, sadəcə olaraq gücümüz çatmadı. Zatən bu cür birlik, 5 böyük dövlətin qərarı qarşısında gücün çatması da mümkünsüz idi. Bununla yanaşı daxildəki siyasi, iqtisadi və hərbi "müxalifət” Elçi Bəyə qarşı birləşdi. Hələ o zaman Azərbaycanda sovet kəşfiyyatına işləyən 200 min agent var imiş. Bilirsiniz bu nə deməkdir? Təkcə bu ordu Elçi Bəyin devrilməsi üçün kifayət idi. Bundan başqa test üsulunu təhsilə gətirdikdən sonra böyük bir "ziyalı” ordusu da ona düşmən kəsildi. Çünki onlaırn bazarı öldü, hər il qəbul imtahanlaırndan kifayət qədər pul götürürdülər. Test üsulunun təkcə texniki-peşə məktəblərində tətbiq edilməməsi üçün Elçi Bəyin humanitar məsələlər üzrə müşavirinə 50 milyon rüşvət təklif edilmişdir. 

- Bir azca xarakterindən danışaq…
- Onun xarakteri ulu türk millətinin ruhu idi. Xüsusən, gənclərə çox önəm verirdi. İstəyirdi ki, tam azad və demokratik ruhlu, düşmənə əyilməz bir gənclik formalaşsın. Gənclərə müraciətində inamını bu cür bildirirdi: Qarabağı sən azad edəcəksən. Azərbaycanı sən birləşdirəcəksən. Savadlı, milliyyətçi, vətənsevər, texnologiyanı bilən gənclər dünyanın harasında olur-olsun, Azərbaycan üçün çalışacaqlar. O insanlara güvənirdi. Axı güvənsiz yaşamaq mümkün deyildi. Öz xalqına, millətinə, ətrafına, dostlarına inanmayan insan hansı keyfiyyətlərin daşıyıcısı ola bilər? Güvəni doğruldana nə gözəl, doğrultmayanlara yazıqlar olsun! O hər zaman milli maraqları şəxsi, ailə və tayfa maraqlarından üstün tutub. Onu fərqləndirən də elə bu cəhətləri idi. Övladları Elçi Bəyin övladı olmanın hüzurunu, qürurunu, şərəfini yaşayırlar. 

- Böyük bir şəxsiyyət idi. Sözsüz ki, bir insan ruhunun formalaşmasında, dünyaya baxışının dəyişməsində kitablaırn rolu da danılmazdır. Bəy daha çox hansı kitablar oxuyardı?
- Çox mütaliəli bir insan idi. Azad bir ölkənin vətəndaşı olsaydı, siyasətlə yox, elmlə məşğul olardı. O dünya tarixində inqilab edəcək ən nəhəng alimlərdən biri olacaqdı. Ən çox Atatürk, Məhəmməd Peyğəmbər, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadəni oxuyardı. Rəsulzadə dövrünü öyrənməyə çalışardı. İlk tanışlığımız 1989-cu ilin sentyabr ayına təsadüf edir. O zaman Azərbaycan Dövlət Politexnik İnistitutunun maşınqayırma fakültəsində oxuyurdum.

"Bəy elə bir zirvədir ki...”

- Son olaraq tanışlığınızdan danışaq…
- İki illik əsgəri xidmətdən dönmüşdüm. İdmanı çox sevirdim. Həyətdə idmanla məşğul olurdum. Bu zaman artıq 30 dəqiqə idi ki, Qabil Məmmədov və Arzu Səmədbəyli mənə baxırdılar. Qabil bəy dedi ki, səni Elçi Bəyin mühafizəsinə dəvət etsəm, gələrsən? Bu təklifi böyük sevinclə qəbul etdim. O dönəmdə Qabil Məmmədov bəyin mühafizəsini təşkil edirdi. Qabil bəylə Arzu bəy Elçi Bəylə tanışlığıma vəsilə oldu. İki il yanında olduğum müddətdə onun nə qədər böyük ürək sahibi olduğunu gördüm. Bu səbəbdən də tam səmimiyyətimlə deyirəm: Elçi Bəy bir zirvədir ki, onun yüksəkliyini görmək üçün ondan zaman olaraq çox uzaqlaşmaq lazımdır. Uca dağların ətəyindən baxanda başı görünmür. Gərək ki uzaqdan baxasan… 

Nigar Məhərrəm






Həftənin ən çox oxunanları