Yuxarı

Partiyalar seçkiyə kiminlə gedir?

Partiyalar seçkiyə kiminlə gedir?

Prezident seçkiləri yaxınlaşdıqca siyasi partiyalar öz namizədlərini açıqlayırlar. Azərbaycanda fəaliyyət göstərən partiyalardan isə yalnız ikisi bu günə qədər rəsmi şəkildə prezident seçkilərinə qatılacağını bəyan edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ötən ildən 2018-ci ili siyasi dəyişiklik ili elan edib. Bir neçə gün bundan öncə isə partiya sədri Razi Nurullayev prezident seçkilərində namizəd olacağını açıqlayıb. Seçkilərdə iştirak edəcəyini bəyan edən digər bir partiya isə Vətəndaş və İnkişaf Partiyasıdır.

VİP seçkilərdə partiyanın sədri Əli Əliyevin namizədliyini irəli sürüblər. Digər partiyalar isə hələ ki, 2018-ci illə bağlı heç bir rəsmi bəyanat verməyib. Müsavat Partiyası son qurultaylarında İsa Qəmbərin 2018-ci ildə pariyanın namizədi olacağına qərar verib.  

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı "Cümhuriyət” qəzetinə açıqlamasında bu qərarın qüvvədə olduğunu deyib: "2014-cü ilin 27 sentyabr tarixində partiyanın II qurultayında rəsmi qərar qəbul olunub. Qərarın da icrası partiya üçün məcburidir. Həmin qərarı görə 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavat Partiyasının namizdəsi keçmiş başqan İsa Qəmbər olacaq. Qərar qüvvəsindədir və biz də sentyabr ayından hazırlıq işlərinə başlayacağıq. Bununla bağlı müəyyən tədbirlərimiz var. Seçki ərəfəsində isə vəziyyət təbii ki, digər siyasi qüvvələrin də qərarından asılı olaraq bu məsələyə baxıla bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev partiyanın seçkidə iştirakla bağlı qərarına qədər çox ciddi işlər görüldüyünü deyib: "Özümüzü seçkilərə hazır hiss etmək üçün gərgin əmək sərf etdik və bu gərgin, ağır zəhmət tələb edən şərəfli məqsəd uğrunda bütün gücümüzlə çalışırıq. Deməyim odur ki, bu qərar bizə asan başa gəlməyib. Partiyaya Razi Nurullayev sədr seçildikdən sonra demək olar ki, dağılmış, nüfuzdan düşmüş partiyanı yenidən dirçəltmək, vətəndaşın inamını yenidən geri qaytarmaq üçün ciddi işlər gördük, bu gün də bu istiqamətdə fəaliyyətimiz davam edir. Özəlliklə partiyada təşkilatlanma işlərinə güc verdik. Regionlarda partiyanın şöbələrini yaratdıq. Bu da bölgə əhalisinə göstərdi ki, AXCP var, fəaliyyətdədir və AXCP yalnız Bakıda bir qərargahdan ibarət deyil. Və nəhayət biz özümüzü seçkilərə hazır hiss etdik. Partiyamızın sədri Razi Nurullayevin namizədliyini irəli sürəcəyimizə qərar verdik. İstənilən halda, nəticədən aslı olmayaraq AXCP Azərbaycanın, dövlətçiliyimizin, xalqımızın yolunda, ədalət, rifah uğrunda Əbülfəz Elçibəy ideologiyasının daşıyıcısı olaraq daim mübarizə aparacaq”. 

AXCP yetkilisi prezident seçkilərindən partiyanın gözləntilərinə toxunub. Vüsal Qarayev hesab edir ki, mövcud reallıqda hakimiyyətə gəlmək çətindir: "Əlbəttə ki, məqsədimiz hakimiyyətə gəlməkdir. Amma mövcud reallıqda, şəraitdə bu biraz çətin görünür. İstənilən halda biz ana müxalifət partiyası olaraq varlığımızı, ağırlığımızı, gücümüzü göstərəcəyik. Daha real görünən digər bir məqsədimiz isə hakimiyyətdə, idarəetmədə təmsil olunmaqdır. Bu zaman da biz dövlətçiliyin möhkəmlənməsi, xarici və daxili siyasətimizin güclənməsi, vətəndaşın həyat tərzinin yaxşılaşması, ədalətli qərarların verilməsi, qanunların ədalətli, işlək vəziyyətə gətirilməsi istiqamətində çox işlər görə bilərik. Bu işləri reallaşdırmaq üçün vətəndaşlarımızı AXCP ətrafında birləşməyə və Razi Nurullayevə səs verməyə çağırıram. Biz yalnız xalqla birlikdə güclüyük. Yalnız xalq bizimlə olarsa yüksək səviyyədə bir ölkə, bir cəmiyyət qura bilərik”.

Qeyd edək ki, digər partiyalardan heç biri 2018-ci il prezident seçkiləri ilə bağlı konkret qərar verməyib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları