Yuxarı

Ənənəvi müxalifətin uğursuz revanş cəhdi

Ənənəvi müxalifətin uğursuz revanş cəhdi

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn müsahibələrinin birində müxalifətin hazırkı durumundan, düşərgənin böhrandan çıxış yollarından danışıb.P.Hüseyn bildirib ki, yeni Əbülfəz Elçibəy yaratmağa ehtiyac yoxdur, müxalifətin lider problemini həll etmək lazımdır.Azərbaycanda müxalifətçilik təcrübəsi var, ondan istifadə etmək lazımdır.Maraqlıdır, Pənah Hüseyn yenə hansı təcrübədən danışır?Uzun zamandır eyni blokda təmsil olunan ənənəvi müxalifət liderləri ancaq bir-biri ilə mübarizə aparırlar.Seçkilər zamanı dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq.

"Onları tarixin arxivinə göndərmək lazımdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan müxalifətinin təcrübəsi xeyirdən çox ziyan verir:

"Əslində əvəzolunmaz lider yoxdur. Tarix boyu biz bunun şahidi oluruq.Azərbaycan siyasətində yeni dönüş etmək üçün Elçibəy kimi düşüncəsi təmiz liderə ehtiyac var. Yalnız bu halda dəyişiklik labüddür.İstər iqtidar cəbhəsində, istər müxalifətdə ciddi dəyişikliyə ehtiyac var. Ənənəvi siyasətçiləri tarixin arxivinə göndərmək lazımdır.Yaşı 70-i keçmiş, düşüncəsi ötən əsrdə qalan siyasətçilərlə ölkəni idarə etmək mümkün deyil.Bu adamların cəmiyyətə xeyrindən çox ziyanı var. Ənənəvi müxalifətin təcrübəsi heç bir fayda verə bilməz.Baxın, 24 ildir eyni simalar, eyni vədlər, mitinqlər, pafoslu çıxışlar hakimiyyətin kürsüsünü belə tərpətmədi. Güclü müxalifət istəyiriksə, ənənəvi sifətləri, pafoslu çıxışları, iş üslubunu ümumiyyətlə, köhnə olan hər şeyi dəyişməliyik. Düzdür, indiki şərtlər altında mübarizə aparmaq çox çətindir.Hazırda bütün gücümüzlə ənənəvi müxalifətin cəmiyyətə vurduğu zərbəni təmizləyirik.Çalışırıq xalqın müxalifətə inamını geri qaytaraq.Xalqın dəstəyinə ehtiyacımız var. Çünki cəmiyyət əvvəlki kimi aktiv deyil və bu passivlik bir başa hakimiyyətin xeyrinədir.Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq biz bu mənzərəni dəyişməyə çalışırıq.

İnanırıq ki, Razi Nurullayevin sədrliyi ilə AXCP 2018-ci ildə yeni siyasi dönüş edəcək.Bütün fəaliyyətimiz bu istiqamətdədir.Hakimiyyətin müdaxilələrinə baxmayaraq xalqla təmasları artırmağa çalışırıq.Biz bu istiqamətdə işlərimizi uğurla davam etdirsək, cəmiyyət bizə inanaraq bizi qəbul edəcək.Hesab edirəm ki, biz buna nail olacağıq”.

"Siyasət nəticəyə köklənməlidir”

AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, indiki müxalifət liderlərinin heç biri Elçibəyin uğurunu təkrarlamayıb:

"Müxalifətdən hakimiyyətə gələn yeganə lider məhz Əbülfəz Elçibəydir. Ənənəvi müxalifətdə isə heç kim nəinki hakimiyyətə gəlməyib, uğurlu bir işləri belə yoxdur. 93-cü ildən sonra bələdiyyə seçkilərində belə uğur əldə etməyiblər.Bu gün ənənəvi liderlərinin eyni üsullardan istifadə edərək "müxalifətdə qalmaq” təcrübəsi var. Amma biz AĞ Partiya olaraq müxalifətdə qalmaq təcrübəsindən istifadə etmək istəmirik.Biz xalqı hakimiyyətə daşıyacaq təcrübədən istifadə etmək istəyirik.Hansı təcrübədən danışırlar?Əgər təcrübə vardısa, niyə bu günə qədər effekt vermirdi?Əslində bu özünüqoruma instiktindən irəli gələn fikirdir.Keçmişə nəzər salsaq görərik ki, elə Pənah Hüseyn baş nazir olanda orta məktəbdə oxuyanlar bu gün dünya liderləridir.Belə çıxır ki, Faransa prezidenti Makronun təcrübəsi yoxdur?Siyasət bütün hallarda nəticəyə köklənməlidir.Nəticə əldə olunmayacaqsa, heç bir təcrübə uğurlu sayıla bilməz.Mən şəxsən, ancaq nəticəsi olan təcrübələri uğrulu hesab edirəm”.

"Güclü müxalifət güclü dövlət deməkdir”

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov isə qeyd edib ki, müxalifəti parçalayanlardan biri də Pənah Hüseyndir:

"Əslində bütün problemləri müxalifətin üzərinə yükləmək olmaz. Ölkədəki siyasi sistem elə qurulub ki, nəinki müxalifət, hətta mətbuat belə üzərinə düşən məsuliyyəti tam mənada yerinə yetirə bilmir.Eyni zamanda Azərbaycandakı bu vəziyyətin yaranması təkcə iqtidarın "zəhməti” deyil.Qərbin də maraqları çərçivəsində dəstək verdiyi müxalifətin sayəsində bu gün vəziyyət acınacaqlıdır.Amma müxalifət çox məhdud imkanlara sahibdir.Müxalifətin əlində təbliğat maşını yoxdur.Müxalifətin qərargahı, maddi-texniki bazası, resursları yoxdur.Gənc kadrlar müxalifət partiyalarına üz tutmur, çünki perspektiv görmürlər.Hesab edirəm ki, ilk növbədə bu yanaşma dəyişməlidir.Hakimiyyətin özü də başa düşməlidir ki, güclü müxalifət güclü dövlət deməkdir.Bütün bunlar olmayacaqsa, müxalifət öz imkanlarını nə qədər səfərbər etsə də nəticə ala bilməyəcək.Müxalifət hər dəfə seçkilərə çox fəal qatılır, bütün gücünü sərf edir, amma daxildən dəstək ala bilmir.Xalq da verdiyi səsin arxasınca getmir.Eyni zamanda beynəlxalq təşkilatlar da, Avropa dövlətləri də öz maraqları iqtidarın maraqları ilə uyğunlaşdıraraq ölkədəki demokratik inkişafa mane törədirlər.Hesab edirəm ki, bu məsələ çox ciddi təhlillər tələb edir.Müxalifət birliklər, bloklar yaradaraq seçkiyə getməkdən qaçmalıdır.Çünki bu üsul effekt vermir.Daha uyğun, daha məqbul üsullardan istifadə edilməlidir.Səhvlər araşdırılmalı və konkret qərarlar verilməlidir.Təəssüflər ki, hər dəfə eyni səhvlər təkrarlanır.Birliklər yaranır, sonra hər hansı bir məsələyə görə bir yerdə olan şəxslər bir-birinə qarşı kəskin fikirlər səsləndirirlər.Müxalifətin daxilində də birlik, bərabərlik yoxdur.Bir-birinə şübhə edən tərəflər var. Elə müxalifəti parçalayan qüvvələrdən biri də məhz Pənah Hüseyn olub”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları