Yuxarı

Əli Kərimli niyə Rusiya ilə birgə addımlayır?

Əli Kərimli niyə Rusiya ilə birgə addımlayır?

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər Bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan hakimiyyəti və müxalifətinin tanınmış simaları, ziyalılar və media nümayəndələri də iştirak ediblər. Xarici ölkələrin Azərbaycandakı səfirləri tədbirə qatılanlar arasında olub. Bayram tədbirinin başlamasından xeyli əvvəl səfirliyin qarşısında diqqət çəkən hadisə yaşandı. 

"Yurd” təşkilatının sədri Əli Kərimli səfirliyin qarşısında yanında mühafizəçiləri gözləmə mövqeyi tutmuşdu. Əli Kərimli tədbirin keçirildiyi məkana doğru bir də o zaman addımlamağa başladı ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin özünün bahalı xidməti avtomobilindən düşüb ona yaxınlaşdı. Kifayət qədər səmimi görüşən səfir və "Yurd” sədri gülər üzlə bir-birlərinin əllərini sıxdıqdan sonra məkana doğru birgə addımlamağa başladılar. Aralarında hansısa söhbət gedirdi. Əli Kərimli gah məmnunluqla gülümsəyir, gah da qaşlarını düyünləyərək Doroxinin söhbətinə qulaq asır, arada da razılıq əlaməti olaraq başını aşağı-yuxarı sallayırdı.

Doroxinlə eyni yolda

Tədbirin sonrakı axarında da gah Əli Kərimli Doroxinə, gah da səfir ona yanaşdı. Görünür, səfirliyin qarşısından məkanadək olan hissədə söhbətə əlavələr etmək lazım gəlirdi. Əlbəttə, ilk baxışda burada qeyri-adi heç nə görünmür. Çünki xarici ölkə səfirləri həmişə müxalifət nümayəndələri ilə sıx təmasda olublar. Amma bu mənada Əli Kərimli indiyədək Rusiyanın yox, Avropa ölkələri və ABŞ-ın Azərbaycandakı səfirləri ilə tez-tez keçirdiyi gizli, açıq görüşləri ilə adından söz etdirib. Bəlkə də "Yurd” sədrinin siyasi fəaliyyəti dönəmində ilk dəfədir ki, rusiyalı səfirlə görüntülənir və aralarında səmimi keçən söhbət yaşanır. Düzdür, 2013-cü ildə keçirilən prezident seçkiləri üçün qurulmuş Milli Şuranın Rusiyadan maliyyələşməsi ilə bağlı və Əli Kərimlinin bu maliyyədən böyük pay əldə etdiyi barədə iddialar vardı. Həmin və bundan sonrakı dönəmdə "Yurd” sədri bununla bağlı irəli sürülmüş iddiaları nə təsdiq, nə də təkzib etdi, ümumyyətlə, məsələyə heç bir yanaşma ortaya qoymadı. 

Bürkülü avqustda ayaqüstdə qapıda

Əlbəttə, susqunluğun ortaya çıxardığı təsdiqedici şübhələr vardı ki, növbəti seçkilər ərəfəsində Rusiya və bu ölkənin Azərbaycandakı "5-ci kolon”unun fəallaşdığı vaxt Əli Kərimlinin bir sıra hallarda aqressiv münasibət sərgilədiyi bir ölkənin səfirini qapıda gözləməsi təsadüfi olmayan suallar doğurur. Üstəgəl, Doroxinin rus soyuqqanlılığı ilə etdiyi söhbətə gah gülümsəməsi, gah da alnını qırışdıraraq fikrə getməsi də başqa mətləblərdən xəbər verir. Görünən budur ki, söhbət kifayət qədər ciddi mövzu ətrafında gedib. Belə olmasaydı, həmişə "yumurtadan belə yun qırxan” Əli Kərimli heç vaxt Doroxini avqustun tozlu bürküsündə, özü də ayaqüstdə qapı qabağında gözləməzdi. İddia etmirik ki, Doroxinlə Əli Kərimli növbəti seçkilər üçün Kremlin hazırladığı siyasi layihə üzərində söhbət aparıb. Lakin indiyədək Avropa ölkələri və Amerika səfirliklərinin qapısını Ərəbzəngi kimi gecə-gündüz kəsdirib içəri girəndən də, çölə çıxandan da səfirlərlə görüş istəyən "Yurd” sədri üçün Vladimir Doroxin tamamilə əks siyasi kursun simasıdır. 

Hansı ki, Doroxinin ölkəsindən olan adamlara Əli Kərimli bir sıra hallarda açıq şəkildə içində nifrət bəslədiyini gizlətməyib. Amma nəyə görəsə 2013-cü ildən - Milli Şuranın qurulduğu vaxtdan bu günədək hələ də Azərbaycanı "soyuq nəfəs”i ilə dondurmağa çalışan şimal qonşumuza münasibəti isinib. 

Hər halda, 2018-ci ildə keçiriləcək seçkilərə özünün siyasi layihəsi və namizədi ilə qatılacağı deyilən Kremlin Azərbaycandakı nümayəndəsi ilə təmas təsadüfi deyil və bu, özündə çox keçmədən açıqlanacaq məqamları gizlədir.

Mənsur







Həftənin ən çox oxunanları