Yuxarı

Sarkisyanın şübhəli Qarabağ səfəri

Sarkisyanın şübhəli Qarabağ səfəri

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gedib. Onun Xankəndinə səfərinin məqsədi barədə ətraflı açıqlama verilmir. Ancaq səfərdən bir gün əvvəl S.Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda "Müdafiə Haqqında”, həmçinin "Hərbi Xidmət Haqqında” və "Hərbi Qulluqçuların Statusu Haqqında ” qanunlar müzakirə olunub. Prezidentin bu müzakirələrdən sonra Dağlıq Qarabağa yola düşməsi Ermənistan ordusunda artmaqda olan narazılıqla izah olunur. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin əsgərlərinin bir-birini və ya işgəncə nəticəsində öldürülməsi, xəstə vəziyyətdə cəbhəyə göndərilməsi ilə bağlı xəbərlər mediada yer alır. Hətta zabitlər belə, Ermənistan ordusundakı özbaşınalıqlar haqqında KİV-ə açıqlamalar verir. Bütün bunlar düşmən ordusunda ciddi narazılıqların mövcud olduğunu təsdiq edir. Əsas münaqişələrdən biri də hərbçi olmayan müdafiə naziri Viqen Sarkisyanın müdafiə naziri vəzifəsini tutması ilə əlaqədardır. İxtisaslı hərbçilər V.Sarkisyanı hərbi işi bilməməkdə və korrupsiya yolu ilə pul yığmaqda ittiham edir. Tez-tez baş verən əsgər ölümləri isə Ermənistanda etiraz aksiyaları keçirilməsi ilə müşahidə olunur. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sölərinə görə, Ermənistan prezidenti işğal olunmuş ərazilərə səfər etməklə Azərbaycana bəzi mesajlar vermək istəyir: "Ermənistan rəhbərliyi işğal etdikləri torpaqları heç bir halda geri qaytarmayacaqlarını demək istəyirlər. Ona görə də vaxtaşırı belə qanunları qəbul edirlər, dəyişdirirlər. Bütün bunlar öz barışmaz niyyətlərini nümayiş etdirməyə xidmət edir. Eyni zamanda, onlar sentyabrın 1-2-də qondarma qurumun "müstəqillik” gününü qeyd edirlər. Bununla da həm Azərbaycana, həm də beynəlxalq təşkilatlara işğal etdikləri əraziləri qaytarmaq istəmədiklərini göstərirlər. Bu addımlar hamısı bir-birilə bağlıdır”. 

Akif Nağı onu da vurğuladı ki, Ermənistan ordusunda nizam-intizam aşağı səviyyədədir. Xüsusilə də korrupsiya faktlarına dair məlumatlar mətbuatda yer alır: "Ermənistan ordusunda vəziyyət çox acınacaqlıdır. Ona görə də nə qədər gizlətməyə çalışsalar da informasiyalar ortaya çıxır. Orduda əsas problemlərdən biri ermənistanlı- qarabağlı qarşıdurması var. Regional baxımdan, bir-birini qəbul etmək istəmirlər. İşğalçı orduda həmişə ziddiyyət olur. Ola bilər ki, müəyyən dövrdə hansısa uğur qazansınlar. Amma bir müddət keçdikdən sonra işğalçı orduda daxili münaqişə baş qaldırır və daxildən dağılma prosesi gedir”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları