Yuxarı

Əli Kərimlidən ermənilərə vəsf

Əli Kərimlidən ermənilərə vəsf

"Yurd” sədri Əli Kərimli növbəti dəfə Azərbaycan hakimiyyətinin daxili siyasətini tənqid edib.Ənənəvi olaraq, KİV qarşısına çıxmaqdan çəkinən təşkilat sədri bu dəfə də ənənəsinə sadiq qalaraq Feysbuk səhifəsində sicilləmə status yazıb. O, başqa bir ənənəsindən kənara çıxmayaraq, hakimiyyəti işğalçı Ermənistanın iqtidarı ilə müqayisəli şəkildə tənqid etməyə çalışıb.

Əli Kərimli yazır ki, Ermənistan prezidenti  Serj Sarkisyanın Vardanes - Ağdərə yolunun açılışını etməsinə Azərbaycan hakimiyyətinin Cəlilabadda kanalizasiya açılışı ilə cavab verməsi düşmənə verilən yeganə layiqli cavab deyil: "Xeyr, əsl samballı cavab FHN-dən gəldi. FHN Qəbələdəki meşə yanğınlarını söndürmək üçün 500 nəfər əməkdaşını səfərbər edib.Qətiyyətimizi bütün dünyaya, o cümlədən, düşmənə nümayiş etdirmək məqsədilə dövlət rəhbərliyi qərara gəlib ki, yanğınlar əsasən əl əməyindən istifadə etməklə söndürülsün.Nəhəng meşə yanğınını bel və vedrə ilə söndürməyə çalışan "xüsusi təyinatlılarımızın” bacarığı və mübarizə əzmi düşməni lərzəyə salıb”.

Ən azı hakimiyyət qədər günahkar "Yurd” sədri

Ölkə iqtisadiyyatı böhran içərisindədir.Milli valyutanın iki kəskin devalvasiyası iqtisadiyyatı çətin vəziyyətə salıb.İqtisadiyyatın  ayrı-ayrı sahələri ilə bağlı ciddi tənqidlər var. Zaman-zaman bir sıra müstəqil KİV-lər və müxalifət nümayəndələri kimi Əli Kərimli də bu məsələləri gündəmə gətirir. Lakin "Yurd” sədrini digər mənbələrdən fərqləndirən cəhət onun imitasiya etməsi, bir çox hallarda elə bu tənqidləri hakimiyyətin özünün sifarişi əsasında etməsi ilə bağlıdır. Əli Kərimlinin iqtidarla açıq-gizli isti təmaslarının üzə çıxması ən az onun qədər hakimiyyətin də maraqlarına uyğun deyil. "Yurd” sədri imitasiya edərək, səsləndirdiyi fikirlərə və istisna hallarda KİV-lər qarşısına çıxarkən etdiyi çıxışlara müxalifətçilik donu geyindirərək, əsl simasını məharətlə gizlədə bilir.Əlbəttə, uzun illərdir Əli Kərimlinin hakimiyyətlə gizli əlaqələrdə olması müzakirə olunur və bu iddia əsaslandırılmış faktlarla təsdiq olunub.

Niyə Ermənistan?

Nəinki müxalifət lideri, heç sıravi müxalifətçi olmadığı təsdiq edilmiş Əli Kərimlinin "hakimiyyəti tənqid marafonu”nda seçdiyi taktika bir çox hallarda cəmiyyətdə ona qarşı olan ikrah hisslərini daha da kəskinləşdirir.Əlbəttə, hakimiyyətin yalnış siyasətini tənqid edib ağıllı təkliflər vermək müxalifətin üzərinə düşən əsas vəzifələrdən biridir.Amma bu işlə Əli Kərimli məşğul olanda həm müxalifətə, həm də bu düşərgəni təmsil edən demokratik düşüncəli insanlara olan inam azalır.Hansı ki, "Yurd” sədri uzun illərdir məhz Azərbaycanda müxalifətin olmadığını və bacarıqsız olduğunu - heç bir işə yaramadığını cəmiyyətə inandıra bilib.Əlbəttə, nə baş verdiyini gözəl anlayanlar var və Əli Kərimlinin də fəaliyyətini müxalifətin güclənməsinə yox, bu düşərgənin hakimiyyətin qarşısında həmişə pas vəziyyətində qalmasına hesablandığı da bilinən faktdır.Elə buna görə də Əli Kərimli həm cəmiyyətdə müxalifətə olan inamı azaltdı, həm də özünü gözdən saldı.

Öz ölkəsinə gülən, işğalçıya sevinən

Bir çox hallarda hakimiyyətin  siyasətini və Azərbaycanın üzləşdiyi ağır durumu Ermənistanla müqayisə etməsi, heç bir potensiala sahib olmayan işğalçı ölkənin inkişaf etdiyini gözə soxması ilə Əli Kərimli cəmiyyətdə özünə qarşı nifrət  yaratdı. Yuxarıda da qeyd etdiyimiz hakimiyyəti tənqid normaldır, amma bu yarıtmaz siyasətin ortaya çıxardığı ağır nəticələri işğalçı ilə müqayisə etmək ən yaxşı halda insanların milli hissləri ilə oynamaq deməkdir.Bir çox hallarda hakimiyyəti tənqid yolunu tutmuş müxalifətçilər Azərbaycanı Gürcüstanla müqayisə edirlər və yoxsul ölkə olan qonşumuzun bizdən daha yaxşı inkişaf pilləsində dayandığını bildirirlər.Amma həmin müxalifətçilərdən fərqli olaraq, "Yurd” sədri hansısa səbəbdən Ermənistandakı ən xırda müsbət dəyişikliyi gözə soxmaqdan həzz alır.

Mənsur