Yuxarı

Azərbaycan qlobal proseslərin mərkəzində

Azərbaycan qlobal proseslərin mərkəzində

Sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında Azərbaycanın paytaxtı Bakı şəhərində görüş keçirilib.

"Cümhuriyət” qəzeti xəbər verir ki, ikinci dəfə Bakıda bir araya gələn NATO və Rusiyanın hərbi dairələrinin yetkililəri arasında qlobal geosiyasi məsələlər müzakirə edilib. Suriyadakı son vəziyyətlə yanaşı, NATO və Rusiya arasında yaşanan gərginlik, ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemlərini quraşdırması və Rusiyanın Baltikyanı dövlətlərlə sərhədlərdə keçirdiyi hərbi təlimlər müzakirə olunan əsas məsələlər idi. Bu ilin fevral ayında keçirilən görüşdə isə tərəflər Suriya böhranını müzakirə etmişdilər. 

Niyə Bakı?

İkinci dəfədir ki, ciddi məsələlərin müzakirəsi üçün Azərbaycanın paytaxtının məkan  seçilməsi təsadüfi hesab olunmur. Hesab olunur ki, bu, görüşün keçirilməsi üçün nəzərdə tutulmuş potensial ölkələrlə (Türkiyə, Gürcüstan, Ukrayna, Ermənistan, Qazaxıstan və s.) müqayisədə Azərbaycanın NATO və Rusiya arasında gərginlik yaradan Suriya və Ukrayna kimi böhranlara münasibətdə bitərəf qalmasından irəli gəlir. Həmçinin NATO və Rusiyaya eyni məsafədə yaxınlaşan Azərbaycan digər yandan nə Rusiyanın rəhbərlik etdiyi hərbi bloklara, nə də Atlantik Alyansına qoşulacağı ilə bağlı vəd verib. Görüş məkanı kimi adları hallanan ölkələr isə bu birliklərdə təmsil olunurlar və tərəflər arasında məsafə qoymurlar: ya potensial NATO üzvləridir, ya da Rusiyanın təsir dairəsində olan ittifaqlarda təmsil olunurlar.

Başqa sözlə, görünən budur ki, Azərbaycan daban-dabana zidd maraqları müdafiə edən Rusiya və NATO-ya neytrallığını, indiyədək qəbul olunmayan balans siyasətini və tərəflər arasında saxladığı məsafənin ölçüsünü qəbul etdirə bilir. 

"Azərbaycanın neytrallığını qəbul edirlər”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, belə bir ciddi görüşün keçirilməsi üçün Bakının məkan kimi seçilməsində, paytaxımızın uzun illərdir beynəlxalq və qlobal məsələlərin müzakirələrinə ev sahibliyi etməsi öz rolunu oynayır. Q.Hüseynli xatırladıb ki, dəfələrlə Bakıda BMT, ATƏT və digər beynəlxalq təşkilatların görüşləri, tədbirləri keçirilib: "Azərbaycanın paytaxtı həmçinin NATO-nun da önəmli tədbirlərində rol oynayıb. Çünki bu gün NATO ölkələrinə daşınan yükün 80%-i Azərbaycan üzərindən reallaşdırılır. Azərbaycan və Türkmənistan arasında münasibətlərin yaxşılaşması da burada ciddi rola sahibdir. Əvvəl yüklər Qazaxıstan üzərindən daşınırdısa, indi bunun Azərbaycan - Türkmənistan xətti ilə həyata keçirilməsi ehtimalı var. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin olmasından irəli gəlir. Azərbaycanın artan neytral nüfuzu və Qoşulmayanlar Hərəkatının üzvü olması, tədbirin Bakıda keçirilməsində ciddi rol oynayır”.

"Təhlükəsizliyimizə xidmət edir”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında NATO - Rusiya görüşünün ikinci dəfə Bakıda keçirilməsinin Azərbaycan prezidentinin nüfuzundan irəli gələn məsələ olduğunu deyib. Politoloqun sözlərinə görə, siyasi liderlərə göstərilən beynəlxalq etimad bu amilləri şərtləndirir: "Ən əsas faktorlardan biri də NATO və Rusiya tərəfindən eyni anda Azərbaycanın neytral statusunun qəbul olunması ilə bağlıdır. Bu, həmçinin Azərbaycanın hər iki gücə eyni məsafədə dayanmasının qəbul olunmasıdır. Eyni zamanda ölkəmizin mühüm, beynəlxalq məsələlər üçün dialoq platforması kimi qiymətləndirilməsinə dəyər verilməsidir. Təhlükəsizlik və ölkədə olan sabitlik amili də burada mühüm əhəmiyyət daşıyır. Bu baxımdan mütəmadi olaraq, Azərbaycanın ABŞ - Rusiya və NATO - Rusiya rəhbərlərinin görüş məkanı kimi seçilməsi, beynəlxalq ictimaiyyətə verilən mesajdır. Bu mesajın da ana xəttində Azərbaycanın neytral statusunun, müstəqil siyasətimizin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması məsələsi dayanır. Qənaətimə görə, bu, çox önəmli bir məsələdir və ölkəmizin təhlükəsizliyinə xidmət edən amildir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları