Yuxarı

Erməni təxribatının növbəti hədəfi

Erməni təxribatının növbəti hədəfi

İsrailin regional inkişaf naziri Tsaxi Aqnebinin iki ay əvvəl Ermənistana səfəri bir sıra məqamlarla yadda qaldı.İrəvanda olarkən İsrailin Ermənistanın kənd təsərrüfatı sahəsinə investisiya yatıracağını vəd edən yəhudi nazir eyni zamanda Ermənistanda İsrailin bu ölkə ilə münasibətlərində yeni səhifələrin açılacağı ümidini yaratdı.

Aqnebinin səfərindən sonra Ermənistan KİV-ləri və hakimiyyət dairələri Azərbaycana qarşı hücuma keçdilər.İsrailin Azərbaycanla imzaladığı bir sıra sazişlər və müqavilələri ləğv edəcəyini iddia edə erməni mənbələr eyni zamanda, İsrailin Azərbaycana silah satışını dayandıracağı iddiasını gündəmə gətirdilər.Həmçinin İsraildən Azərbaycana satılan Pilotsuz Uçan Aparatların (PUA) idarəetmə şifrələrinin Azərbaycana verilməməsi barədə ortaya çıxan iddiaların müəllifləri də ermənilər idilər.

İrəvanın "təxribat maşını”

Ermənistanın formalaşdırmaq istədiyi rəy bundan ibarət idi ki, İsrail regional əməkdaşlıq üçün Ermənistanı yox, Azərbaycanı seçməsi "böyük səhv” idi.Azərbaycana silah satışını dayandırıb, Ermənistana bazar qiymətlərindən də ucuz müasir silahlar satacağı ilə bağlı daxildə yaratdıqları rəy də bu niyyətə hesablanmışdı. Ermənilərin İsrail - Azərbaycan münasibətlərinə qarşı işə saldıqları "təxribat maşını”na bir sıra İsrail KİV-lərinin cəlb edilməsi də diqqətdən qaçmırdı. Lakin ermənilərin təxribat ssenarisində yer alan iddialarının İsrailin rəsmi dairələri tərəfindən birmənalı şəkildə rədd edilməsi İrəvanın ümidlərini puç etdi.

"İsrail Azərbaycanın yanındadır”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, İsrail - Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Yevda Abramov "Cümhuriyət” qəzetinə açıqlamasında İsrail və Azərbaycan arasında inkişaf edən münasibətlərin olduğunu bildirib.

Deputatın sözlərinə görə, İsrail həmişə Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərdə Azərbaycanı dəstəkləyib: "Azərbaycanla İsrail strateji partnyor olan və dost ölkələrdir, bir-biri ilə iqtisadi sahədə çox isti münasibətləri var. Aqrar sektor, mədəniyyət, təhsil, hərbi mübadilə, qərargah təlimləri və bir çox sahələrdə güclü əlaqələrimiz mövcuddur. Bundan başqa, İsrail həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyib.

İsraildən dəfələrlə yüksək səviyyədə bəyan edilib ki, biz Azərbaycan dövlətinin haqq işinin tərəfdarıyıq və İsrail Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”.

"Ermənistan artıq təxribatla məşğuldur”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistanın artıq İsrail - Azərbaycan münasibətlərinə qarşı təxribat törətməklə məşğul olduğunu deyib. Politoloq vurğulayıb ki, ermənilər həm KİV-lər, həm də sosial şəbəkələr üzərindən guya aprel döyüşlərində İsrail silahları və israilli hərbçilər vasitəsilə Azərbaycanın qələbə qazanması barədə müxtəlif anonslar verirlər: "Hətta, guya bəzi "İsrail KİV-lərinə” istinadən məlumatlar yayırlar ki, İsrail - Azərbaycan münasibətlərində problemlər var. Hətta iddia edirlər ki, guya İsrailin regional əməkdaşlıq naziri İrəvanda olarkən, Azərbaycanla imzalanmış bir sıra müqavilələrin pozulacağı ilə bağlı çıxışlar edib. KİV-lər və diaspor vasitəsilə belə təxribatlar törətməklə, İsrail - Azərbaycan münasibətlərinə təsir etməyə çalışırlar.Bundan başqa addımlar ata bilmirlər”.

Arzu Nağıyev deyib  ki, Ermənistanın bu təxribatları İsrail - Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcək: "İnanmıram ki, bunlar mənfi nəticələr versin. Çünki tərəflər arasında güclü iqtisadi və siyasi münasibətlər formalaşıb və bir sıra ortaq maraqlarımız da var. Bundan başqa İsraildə 70 minlik Azərbaycan diasporu yaşayır.İsrail və Azərbaycan şəhərləri arasında demək olar ki, hər gün qardaşlaşma prosesi gedir.Həmçinin İsrail və Azərbaycan beynəlxalq əhəmiyyətli enerji layihələrində tərəfdaşdır.İsrail Azərbaycandan neft və qaz alır.Həmçinin yəhudi icmasının da Azərbaycandakı fəaliyyətinə geniş imkanlar verilib.Bu baxımdan hesab etmirəm ki, Ermənistanın münasibətlərə zərbə vurmaq cəhdləri mənfi nəticə verəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları