Yuxarı

Dar meydan və saxta görüntülər

Dar meydan və saxta görüntülər

Milli Şura yenə mitinq keçirəcəyini bəyan edib. Sosial şəbəkələr üzərindən xalqa səslənən şura yetkililəri və "Yurd” sədri Əli Kərimli insanları yaxın vaxtlarda keçirilməsi nəzərdə tutan mitinqə çağırıb. Bütün mitinqlərdə ənənəvi ritorika və pafoslarına sadiq qalan Milli Şura və "Yurd” rəhbərlikləri mitinqin möhtəşəm olacağını və minlərlə insanın qatılacağını bildirirlər. Mitinqin keçiriləcəyi ünvan yenə də dəyişməzdir: "Məhsul” stadionu.

Hansı elektorat, hansı meydan?

Mitinq elan edilib, burası aydındır. Amma yenə də ənənəvi məsələ müzakirə mövzusudur: Əli Kərimli - Cəmil Həsənli cütlüyü kiçik futbol stadionuna hansı elektoratla çıxacaq? Şübhəsiz ki, Milli Şura və "Yurd” rəhbərliyinin bu çətin tənliyin altından hamını razı salacaq cavabla çıxacağı çətindir. Amma vəziyyət bu qədər də dramatik deyil. Çünki həmişə mitinqdən əvvəl böyük-böyük anonslara rəğmən stadiona bir ovuc insanın toplaşması Əli Kərimlini heç zaman utandırmayıb. "Yurd” rəhbərləri ayıblarına kor olmaqdansa şişirdilmiş rəqəmlərlə və saxta photoshop effektləri ilə təsəlli tapıblar. Yalançı rəqəmlərlə öz eqolarını oxşayaraq onları tənqid edənlərə qarşı virtual hücuma keçib onların "ağız-burunlarını əzişdiriblər”. Bu baxımdan müxalifət düşərgəsində Əli Kərimli qədər öz olmayan xarizmasını milyonlarla insan qarşısında darmadğın edən və özünə hörmət etməyən ikinci adam yoxdur. Düzdür, burada "Yurd” sədrini müxalif düşərgəsinin təmsilçisi kimi təqdim etmək də doğru deyil. Çünki ənənəvi müxalifəti təmsil edən heç kəs onun qədər özünü 9 milyona rəzil etməyib.

Müxalifətə əks cəbhədə

Əli Kərimli gördüyü bütün işlərin hamısını müxalifətin adına yazır və bu həm cəmiyyətin, həm də hakimiyyətin nəzərində böyük ayıbdır. İlk növbədə cəmiyyət Əli Kərimlinin timsalında müxalifətin mövcudluğuna inanmır. İkinci tərəfdən, hakimiyyət ölgün və nəticələrə təsir edə bilməyən piketləri əlində bayraq edərək bundan cəmiyyəti müxalifətdən uzaqlaşdıracaq vasitə kimi istifadə edir. Hər mitinqdən sonra hakimiyyətə yaxın mətbu orqanlarının və digər KİV-lərin həftələrlə Milli Şuranın "Məhsul” biabırçılığından yazması da təsadüfi deyil. Hakimiyyət bundan istifadə edərək cəmiyyəti inandırmağa çalışır ki, Azərbaycanda müxalifət yoxdur və varsa da proseslərə təsir etmək gücündə deyil. Siyasiləşməmiş və hakimiyyətin polis qanunlarından qorxan böyük əksəriyyətin bu qravürə inanması da labüddür. Baş verənlərdən çıxan nəticə budur ki, Əli Kərimli bilərəkdən müxalifət üçün bu quyunu qazır, bilərəkdən müxalifətin gücsüz və bacarıqsız olduğu görüntüsünü yaradır.

Demokratik düşərgə qarşısındakı əngəl

Şübhəsiz ki, Əli Kərimlinin məqsədi müxalifətə itmiş inam və inancı geri qaytarmaq olsaydı, ən azından mitinqləri demokratik düşərgədəki siyasi qüvvələrlə razılaşdırılmış formada keçirərdi. Lakin heç bir halda digər siyasi partiyalara müraciəti özünün yerə-göyə sığmayan ambisiyasına sığışdırmayan Əli Kərimli müxalifətə, xalqa deyil, ayrı-ayrı dairələrə xidmət etdiyini göstərir.

Hazırda da Əli Kərimlinin təmsil olunduğu Milli Şuranın müxalifətin başına hansı oyunu açıb həm cəmiyyət, həm də hakimiyyətin qarşısında pas vəziyyətinə saldığı uzaq tarix deyil. Hamı xatırlayır. Halbuki, bəlkə də tarixdə ilk dəfə idi ki, müxalifət seçkiləri udmağa yaxın idi. Amma müxalifətin ümumi maraqlarını Rusiyada yaşayan azərbaycanlı milyarderlərin göndərdiyi pullara satan "Yurd” sədri yenə də şəxsi qazanclarının xalqın istəklərindən öndə olduğunu bir daha göstərdi. 

Bu baxımdan Əli Kərimli, son zamanlarda bu şəxsin dolayısı ilə rəhbərlik etdiyi Milli Şura demokratik düşərgənin yoluna keçilməz əngəllər çıxaran səsə həssas buzlaşmış qar dağlarına oxşayır. Elə bütün mitinqlərin məhəllə standartlarında cavab verən kiçik futbol stadionunda keçirilməsinin verdiyi mesaj da bura daxildir. "Yurd” sədri bununla göstərmək istəyir ki, müxalifət bu kiçik meydanda sıxılıb qalmış kiçik bir azlıqdır və bununla heç nə əldə etmək mümkün deyil. Şübhəsiz ki, Əli Kərimlinin müxalif düşərgəni saldığı bu rəzil duruma hakimiyyət bir köşədə xısın-xısın gülür. Elə buna görə də Milli Şura və "Yurd” daha möhtəşəm mitinq üçün "Azadlıq” meydanı və digər böyük məkanları sifariş vermək istəmir. Çünki bu, Əli Kərimlinin şəxsi maraqlarına xidmət etmir.

Mənsur






Həftənin ən çox oxunanları