Yuxarı

Müxalifətin mitinq "mövsümü”: Sosial sifariş varmı?

Müxalifətin mitinq

Ənənəvi müxalifət düşərgəsində yenə mitinq müzakirələri başlayıb. Ənənəvi müxalifətdə bir sıra qüvvələr yenə də "ana müxalifət” eyforiyasına qapılıb, özünün "vahid güc” olduğunu sübut etməyə çalışır. Maraqlıdır ki, bu dəfə də vahid mitinq taktikası baş tutmayıb. "Yurd” və Milli Şura ayrıca mitinq keçirməkdə israrlıdır.

Maraqlıdır, hazırkı dövrdə ənənəvi müxalifətin mitinq taktikası hansı effekti verə bilər? 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırkı durumda mitinqlər ancaq hakimiyyətin işinə yarayır:

"Mitinqlərin effekti mənfi də ola bilər, müsbət də. Bu günkü reallıqda aksiyanın mənfi effekt verəcəyi qaçılmazdır. Və belə mitinqlərə hakimiyyət özü bilərəkdən icazə verir. Çünki pərakəndə, başsız, dağınıq, şəxsi maraqlara hesablanmış qeyri-səmimi mitinqlər insanları daha çox ruh düşgünlüyünə salır, mübarizə ruhunu qırır ki, bu da hakimiyyətə sərf edir. O halda müsbət effekt verə bilər ki, müxalifət daxilində şəxsi maraqlar, ambisiyalar, eqolar bir kənara qoyulsun, vahid müxalif güc formalaşdırılsın, hər kəs çəkici bir yerə vursun və xalq bu birliyə, səmimiyyətə inansın. Xalq kütləvi şəkildə müxalifətin arxasınca getsin, meydanlara çıxıb haqqını tələb etsin. Əslində, olması gərəkən də budur. Hakimiyyəti islahatlara vadar etmək üçün müxalifət çox güclü olmalıdır”. 

V.Qarayev deyib ki, AXCP bütün gücü ilə müxalifətin enerjisini bərpa etməyə çalışır: "Çalışırıq ki, ölkədə vahid, güclü müxalifət yaransın, xalq yenidən müxalifətə etimad göstərsin. İllərdir kabinetindən çıxmayan liderlər var. Biz isə mütəmadi olaraq istər paytaxtda, istər bölgələrdə ictimaiyyətlə görüşlər təşkil edir, xalqı dinləyir, təşkilatlanır, güclənirik. Məqsəd isə birdir, güclü Azərbaycan, xoşbəxt vətəndaş”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov hesab edir ki, bu günkü şərtlərlə mitinq keçirmək uğurlu nəticə verməyəcək: "Mitinq keçirmək üçün ilk növbədə cəmiyyəti buna hazırlamaq lazımdır. Yalnız partiya funksionerlərinin iştirak etdiyi mitinqlər effekt verməyib, verməyəcək də. 

Hər zaman da bunun şahidi olmuşuq. Mitinqlər o, zaman effektli olacaq ki, sosial sifariş olsun. O, zaman bu xalqın probleminə çevriləcək. Ona görə də bu dövrdə hər hansı mitinqlərin keçirilməsi kütləvi alınmır. Kütləvi alınmayanda da məqsədə çatmaq mümkün olmur. Digər tərəfdən müxalifət yekdil deyil. Mitinq üçün sifariş yoxdur fikri ilə razı deyiləm. Sifariş var, çox ciddi problemlər, narazılıqlar var, amma sosiallaşma yoxdur. Yəni, problemləri hər kəs özününkü kimi qəbul etməyib”. 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu da həmçinin mitinq keçirmək üçün mühitin uyğun olmadığını bildirib. X.Teyyublu hesab edir ki, effektli mitinqlər üçün ilk növbədə uyğun mühitin yaranmasına ehtiyac var: "Hesab edirəm ki, kütləvi aksiyaların keçirilməsi demokratik ölkələrdə vacibdir. Bu gün Azərbaycanda mitinqin keçirilməsi mümkün deyil. Bu gün ölkədə qeydiyyatdan keçmiş 56 siyasi partiya var. Amma siyasi aktivlik müşahidə olunmur. Azad seçki keçirilərsə, həm partiyaların, həm də cəmiyyətin gücü görünəcək. İndiki halda müxalifətin keçirəcəyi mitinqin effekti olmayacaq”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları