Yuxarı

AXCP sədri: "Dəyişiklik xalqın içindən, ölkənin daxilindən qaynaqlanmalıdır"

AXCP sədri:

Qərbin və Rusiyanın Azərbaycanda 2018 "hazırlıqları”...

Partiya sədri: "Qərbin əli ilə baş verən hakimiyyət dəyişikliyi milli münaqişələrin qızışması, ölkədə separatizm dalğasının güclənməsi, dərəbəylik anlamına gəlir”

2013-cü il prezident seçkiləri öncəsi Rusiyadan hakimiyyətə təzyiqlər müşahidə olunurdu, Qərb isə proseslərdən sanki kənarda qalmış kimi görünürdü. Növbəti prezident seçkiləri ili yaxınlaşır. Seçki ilinə yaxınlaşdıqca Qərb mediasından Azərbaycanla və hakimiyyətlə bağlı ard-arda sərt yazıların yazılmağa başlandığı müşahidə edilməkdədir. Bu, onu deməyə əsas verirmi ki, 2018-ci il də Qərbin müdaxilə cəhdləri və ya təzyiqləri ilə keçəcək?

AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, ümumiyyətlə, Qərbin Azərbaycanda hakimiyyət dəyişikliyi etməsi imkanlarına şübhə ilə yanaşmaq üçün əsaslar var. Digər tərəfdən isə hər dövlətin öz maraqları var və əgər nəzəri cəhətdən düşünülsə, Qərbin əli ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə, hər şeyin yağ-bal içində olacağını düşünmək sadəlövhlük olardı. Qərbin əli ilə baş verən hakimiyyət dəyişikliyi milli münaqişələrin qızışması, ölkədə separatizm dalğasının güclənməsi, dərəbəylik anlamına gəlir: "Bu elə prosesdir ki, Qərb istəsə belə bunun qarşısını ala bilməz. Demək istəmirəm ki, Qərb Azərbaycanda separatizmin, milli münaqişələrin qızışmasının tərəfdarıdır və bunu istəyir, lakin məsələ burasındadır ki, onların yanaşması və düsturu bunu qaçılmaz edir. Onlar İran və Rusiya arasında sıxılan Azərbaycana Gürcüstan kimi yanaşa bilməzlər. Ukrayna kimi yanaşmaları da qüsurludur.

Qərbin siyasi proseslərdə aktiv iştirakına isti yanaşanlardan soruşmaq lazımdır ki, siyasi dəyişiklik və ya hakimiyyət dəyişikliyi naminə siz Azərbaycanın bölünməsinə, separatizmin güclənməsinə, milli münaqişə ocaqlarının yaranmasına, Rusiyanın ölkəmizə müdaxiləsinə razısınızmı? Bu cavabdan çox şey asılıdır. Hamı deyəcək ki, yox. Bir də deyəcəklər ki, Qərbin gətirdiyi dəyişikliklər siz deyənləri özündə ehtiva etmir. O zaman soruşmaq lazımdır ki, Gürcüstan, Ukrayna gözünüzün qabağında deyilmi? Biz buna o zaman razı ola bilərik ki, Qarabağın da birdəfəlik itirilməsinə razı olaq. Amma biz siyasi partiya və siyasi güc kimi, heç bir siyasi şərt altında, heç bir hakimiyyət dəyişikliyi vədi və bizim başda olmağımız şərtinə belə razı ola bilmərik. Dəyişiklik xalqın içindən, ölkənin daxilindən qaynaqlanmalıdır. Dinc və sülh yolu ilə, konstitusiya çərçivəsində və qanunlarla. Xalqın toparlanması, təmərküzləşməsi, səfərbər olması, siyasi təşkilatların və partiyaların inteqrasiyası vacibdir. Xaricdən kömək ummaq lazım deyil. Hər kəsin, hər ölkənin öz maraqları var. Bir yol təkərə keçirdilər, fırlanmaqda davam edərsən".

R.Nurullayevin fikrincə, Qərb öz dəyərlərini Azərbaycanda bərqərar etmək istəyir, biz də Avropaya inteqrasiyanın tərəfdarıyıq, amma bu, dinc yollarla və danışıqlar vasitəsilə həyata keçirilməlidir: "Zor gücü ilə gələn demokratiya və inteqrasiya fəlakət və xaos deməkdir. Rusiyaya gəldikdə isə, demək olmaz ki, onlar bizə təzyiq göstərmirlər. Onlar da çox ciddi siyasi təzyiq göstərirlər və bu təzyiq seçkilər yaxınlaşdıqca güclənəcək. Onlar daxildə siyasi qüvvə taparaq, hakimiyyətə təzyiq göstərirlər. Bu da, ümumilikdə Azərbaycanın ziyanına işləyir. Çünki hakimiyyət məcbur olub, siyasi nüfuz, siyasi dəstək və lobbiçilik almağa məcbur olur. Bu məsələdə də yalnız hakimiyyət yox, siyasi partiyalar və təşkilatlar da günahkardır. Çünki Qərbə donoslar ötürməklə, min bir yolla Qərbi və dünyanı Azərbaycan hakimiyyətinin üstünə qaldırıb düşmən etməklə, onları siyasi dəstək almağa məcbur etmişik. Hətta müxalifət olaraq biz daha çox günahkarıq. Bəlkə də hakimiyyətlə anlaşmaq və problemləri daxildə öz aramızda həll etmək üçün kifayət qədər uğurlu səylər göstərə bilməmişik”.

Cebhe.info





Həftənin ən çox oxunanları