Yuxarı

"Qarabağ sazişi”nin detalları açıqlandı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün VI ümumerməni "Ermənistan-Diasporu” forumunda iştirakçıların suallarını cavablandırarkən Qarabağ münaqişəsi ilə bağlı sensassion bəyanatla çıxış edib. Nazir Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytaracağını deyib. "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - deyə erməni nazir bildirib.

Ancaq Nalbandyanın bu açıqlaması birmənalı qarşılanmayıb. Erməni nazirin bu fikirlərini işğalçı ölkənin yeni siyasi gedişi kimi qələmə verənlər də, bu fikirləri ciddi qəbul edənlər də var.

Maraqlıdır, Nalbandyanın Qarabağ münaqişəsi haqqında səsləndirdiyi fikirlər nə dərəcədə ciddidir?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, erməni nazirin açıqlaması ictimai rəyi əldə olunan razılaşmaya hazırlamaq məqsədi daşıyır: "Rusiyanın  ideoloqu Duqin bir müddət öncə belə bir açıqlama verdi ki, bu münaqişə qısa zamanda öz həllini tapmalı və ərazilər geri qaytarılmalıdır. Duqin Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur. Onun açıqlamasında sonra hiss olunurdu ki, Rusiya bu istiqamətdə müəyyən addımlar atır. Münaqişənin həlli ilə bağlı təbii ki, Rusiya üçün öz maraqları çərçivəsində müəyyən irəliləyişlər olacaq. Nalbandyanın bu açıqlaması da, bir növ Duqinin dediklərinin davamı idi və Ermənistan cəmiyyətini əldə olunacaq razılığa hazırlamaq məqsədi daşıyırdı. Nalbandyanın bu açıqlamasını ciddi qəbul edirəm.

Maraqlı məqam ondadır ki, Nalbandyan diaspor nümayəndələrinin önündə bu fikirləri səsləndirdi. Bu fikirlər Ermənistanda bu və ya digər formada etirazla qarşılanmadı. Hətta radikal partiyalar tərəfindən belə Nalbandyanın bu fikrinə etiraz edilmədi. Artıq Ermənistan müəyyən mənada rayonların qaytarılmasına razıdır. Ancaq bu məsələdə sual yaradaca sual, Ermənistanın rayonları hansı şərtlər altında  qaytaracağıdır. Əlbəttə, bu tam şəkildə açıqlanmır. Maraqlı məqam ondadır ki, Azərbaycan hökuməti bu məsələyə hələ də susqun yanaşır, heç bir münasibət bildirmir. Artıq Ermənistan bu məsələ ilə bağlı ilkin informasiyaları açıqlamağa başlayır. Bu ondan irəli gəlir ki, əsas narahatçılıq yaradan tərəf məhz Ermənistandır. Ermənistanda ictimai rəyi öyrənmək, yara biləcək hər hansı problemin qarşısını almaq üçün söz Ermənistan tərəfinə verilib”.

"Hərbi əməliyyatlar başlasa...”

Ramil Məmmədli qeyd edib ki, münaqişənin hazırkı vəziyyətdə davam etməsi heç də Ermənistanın xeyrinə deyil: "Ermənistan siyasi elitası bunu yaxşı anlayır. Hərbi əməliyyatlar başlasa belə, bu Ermənistanın heç də xeyrinə olmayacaq. Baxmayaraq ki, onlar 13 ədəd "İsgəndər” Zenit Raket kompleksinə malikdir. Hərbi əməliyyatlar başlasa və  müharibə Ermənistan torpaqlarında gedəcək. Unutmayaq ki, Azərbaycanın Naxçıvan ərazisindən belə bir üstünlüyü var və Naxçıvandan İrəvana qədər olan məsafə çox azdır. Ötən gün təqdim olunan Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya qurğusu Naxçıvanın Sədərək yaşayış məntəqəsindən Ermənistanın paytaxtı İrəvanı çox rahatlıqla vurmaq gücündədir. Ermənistan da artıq başa düşür ki, hərbi manipulyasiyalarla artıq heç nəyə nail ola bilməyəcək. Ona görə də işğal olunan rayonlar qaytarılmalıdır”. 

"Nalbandyanı ciddiyə almaq lazımdır”

Ramil Məmmədli hesab edir ki, Nalbandyanın fikirlərini ciddiyə almaq lazımdır: "Nalbandyan dedi ki, qondarma Dağlıq Qarabağ Respublikasının "təhlükəsizliyinə maneə yaratmayan” rayonlar geri qaytarılacaq. Ancaq istənilən halda nəzərdə tutulan 5 rayon qaytarılsa, Azərbaycan ordusu Dağlıq Qarabağa yaxınlaşacaq. Bundan sonrakı mərhələ isə daha maraqlı olacaq. Təbii ki, Rusiya faktorunu da nəzərə almaq vacibdir. Ancaq hər bir halda hesab edirəm ki, Nalbandyanın dedikləri tam ciddidir. Bəzi ekspertlər Nalbandyanın bu açıqlamasına qeyri-ciddi yanaşır. Ancaq Nalbandyan kifayət qədər güclü siyasi fiqurdur. Bu cür həssas məqamda qeyri-ciddi açıqlama verməz. Digər tərəfdən, bu günə qədər Ermənistan siyasiləri tərəfindən buna bənzər açıqlama verilməyib”.

"Onun dediyində yenilik yoxdur”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan  5 rayonun əvəzində "müstəqillik” istəyir: Erməni nazir Edvard Nalbandyan yeni heç nə deməyib. Baxıram, bəziləri bu xəbərdən sensassiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər.

Nalbandyan həmin cümləsində "Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması” ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdılar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində "müstəqilliklərini" legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması hesabına Dağlıq Qarabağı tamamını itirə bilərik. Yenilik sadəcə odur ki, Nalbandyan cəmiyyətinə eşitdirib ki, münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları boşaldacaqlar. Əslində açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib”.

Vilayət Muxtar