Yuxarı

Milli maraqları tapdalayan "müxalifət”

Milli maraqları tapdalayan

Hökumətin xarici tərəfdaş axtarmağa xərclədiyi maliyyədə müxalifətin də günahı böyükdür

Adətən ölkədə keçirilən bütün seçkilər ərəfəsində ənənəvi müxalifət xarici dəstək axtarışına çıxır. Bu da nəticədə hakimiyyətə təzyiqlərin başlanması ilə müşayiət olunur. Hakimiyyət də xarici təzyiqlərdən qorunmaq üçün tərəfdaş axtarır. Bu proses isə böyük maliyyə hesabına başa gəlir ki, bu da ümumi maraqlara ziddir. Hakimiyyət malik olduğu maliyyə və digər rıçaqlarla bu tərəfdaşları da tapır. Həmin maliyyə isə dövlətin xərclərinə deyil, bu tərəfdaşların tapılmasına xərclənir. Bəs ənənəvi müxalifət nə edir? 

Bu qüvvənin isə maliyyə imkanları olmadığından həmin xarici tərəfdaşlarına vəd verir. Vəd verir ki, biz gəlsək, sizin üçün daimi "yaşıl işıq” olacaq. Fərq nədir ki? Prinsipial bir fərq varmı? Qüvvələrdən biri əlində olan imkanlardan istifadə edir, tərəfdaş tapır. Digəri isə əlində imkanlar, maliyyə vəsaii olmadığından vəd verir ki, bizə dəstək versəniz, hakimiyyətə gəlsək, sizlərə nə desəniz veriləcək. Deməli, ciddi fərq yoxdur və hökumətin xarici tərəfdaş axtarmağa xərcədiyi maliyyədə müxalifətin də günahı böyükdür. 

Çünki ənənəvi müxalifətin "donosbazlığı” və gücündən böyük iddiası hesabına hakimiyyət də onlarla hesablaşmır. Əslində müxalifət və hakimiyyət arasında baş verən anlaşılmazlıq, qarşıdurma xarici tərəfdaşların vasitəçiliyi və müdaxiləsi ilə yox, daxildə, bir masa arxasında ilkin şərt olmadan başladılan müzakirələrlə həll edilməlidir. Son illərin təcrübəsi göstərir ki, xarici qüvvələrin əlinə oynamaqla ənənəvi müxalifət onsuz da heç nə qazana bilmir. Əksinə, bu Azərbaycanın maraqlarına hər zaman zidd olub və olacaq. Çünki hansısa xarici gücün təsirində olmaq həmin gücün, dövlətin Azərbaycandakı hegemonluğuna rəvac verəcək. Qərb və ya digər xarici güclər yenə də Azərbaycanda öz maraqarını güdəcək və onun təmin olunmasına çalışacaq. Bir çox analitik və siyasilər də hesab edir ki, bu proses davamlı olarsa, xarici qüvvələrin hegemonluğu Azərbaycanı ikinci Qarabağ münaqişəsi ilə üz-üzə qoya bilər.Bu fikirdə həqiqət payı çoxdur. Hər hansı bir xarici dövlətin, gücün - istər Qərb, istərsə də Şimal qonşumuz olan Rusiyanın Azərbaycana demokratiya, azadlıq gətirəcəyi qeyri-real məsələdir. Çünki onların hər birinin öz maraqları vardır. Eyni zamanda da toqquşan maraqlı mövcuddur. Gürcüstan və Ukraynada "Qərbdən gətirilən demokratiyanın” acı nəticələri real və yaxın tarixdir. Qərbə, NATO-ya inteqrasiyanı sürətləndirən Gürcüstan Cənubi Osetiyanı və Abxaziyanı, Ukrayna isə Krımı birdəfəlik itirdi.

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, yaxşı olar ki, siyasi qüvvələr xalqdan dəstək alsınlar: 

"Burada əslində təkcə dövlətin ərazi itirməsindən söhbət getmir. Məsələn, Ermənistan heç bir ərazisini itirməyib, amma hər dəfə Rusiyanın dəstəyi ilə hakimiyyət dəyişir. Nəzərə almaq lazımdır ki, Ermənistan adlı bir dövlət yoxdur, onlar daha çox Rusiyanın bir əyaləti kimi fəaliyyət göstərir. Ukraynanı isə "narıncı inqilab”larla "demokratik ölkə” halına gətirdilər. Bu gün isə vətəndaşlığı ləğv olunan Saakaşvili əlini-qolunu sallayaraq sərhədi qanunsuz keçir. Yəni, bu cür çox nümunələr gətirmək olar ki, dövlətlərin adı var, özü yoxdur. Bu dövlətləri də bu hala salan elə hakimiyyətlərdir. 

O, hakimiyyətlər ki, xalqa istinad edib iqtidara gəlməyiblər. Hakimiyyətləri dövründə də xalqa deyil, onlara hakimiyyət verən xarici güclərə yönəlirlər və həmin güclərin də vassalına çevrilirlər. Azərbaycana gəldikdə isə mütləq qaydada reallıqları nəzərə almaq lazımdır. Azərbaycan çox təhlükəli iki dövlətin - Rusiya və İranın qonşuluğunda yerləşir. Bunlar nəzərə alınmalı və beynəlxalq güclərlə hesablaşmalı, fikir mübadiləsi aparılmalıdır. Amma daha onlardan dəstək alıb nəyəsə nail olmaq doğru yanaşma deyil. Çünki sonra həmin güclər dövlətləri yönətməyə cəhd göstərirlər. Hesab edirəm ki, hər bir halda siyasi güclər xalqın ayağına getməli və xalqdan dəstək almalıdır. Əks halda həmin adamı hakimiyyətə gətirən güc sabah onun qarşısında başqa tələblər qoyacaq. Dünyada da ən güclü siyasi qüvvə xalqdan dəstək alan hakimiyyətə sahib olandır. Bu baxımdan hesab edirəm ki, istənilən güc xalqdan dəstək almalıdır, xalqın gücünə arxalanmalıdır”.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də hesab edir ki, xarici güclərin dəstəyindən istifadə etmək milli maraqlara zidddir: "Burada bir məsələyə aydınlıq gətirilməldir. Ola bilər ki, hansısa təşkilat özünün xarici oriyentasiyasını elan edir. Yəni, demokratik qüvvələr seçkiöncəsi Avroatlantik məkana inteqrasiya ilə bağlı vədlər verir. Bu tamamilə fərqli yanaşmadır. Bir də var ki, xarici güclərin dəstəyi ilə hakimiyyətə gəlmək və onların diktəsi ilə hərəkət etmək istəyəsən. Bu isə təbii ki, dövlətin milli maraqları baxımından yaxşı heç nə vəd etmir. Amma siyasi qüvvə özünün xarici siyasi kursunu elan edirsə, həmin qüvvələrin dəstəyi normal və başadüşüləndir. Təəssüf ki, bəzi hallarda Azərbaycanın özündə də siyasi qüvvələrin daha çox xarici havadarlara bel bağlaması müşahidə olunur. Siyasi müxalifətin də bu baxımdan fəaliyyəti təəssüf doğurur”. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları