Yuxarı

İsraildən Tehrana "Azərbaycan mesajı”

İsraildən Tehrana

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Azərbaycanla münasibətlərindən danışıb. O bildirib ki, İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib. İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan  Netanyahu, ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirib: "Biz, Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”.  

Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini qeyd edib: "Biz İordaniya və Misirlə sülhə nail olduq. Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram və sülhün daha da genişləndirilməsinə dair onunla, eləcə də regionun digər liderləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”.     

Netanyahudan Tehran və İrəvana mesaj

İsrail baş nazirinin BMT kimi bütün dünyanın diqqətinin yönəldiyi nəhəng bir tribunadan Azərbaycanla münasibətlərini digər ölkələrə nümunə kimi göstərməsi təsadüfi hesab olunmur. Ehtimal olunur ki, bu, son zamanlarda Azərbaycana qonşu olan dövlətlərdən, xüsusilə də İran və Ermənistandan İsraillə münasibətlərimizi pozmağa yönəlmiş fəaliyyətlərə verilən cavabdır. Məlumdur ki, bir müddətdir Ermənistan KİV-lərində və bir sıra siyasi çevrələrində İsrail və Azərbaycan arasında gərginliyin yaşandığı və İsrailin ölkəmizə silah satışını dayandıracağı ilə bağlı məlumatlar müzakirə olunur. Həmin məlumatların İran mediasında da tirajlanması nəzərdən qaçmır. Düzdür, İsrailin hərbi-siyasi dairələri həmin məlumatlara aydınlıq gətirmişdi, amma ermənilər hər gün "yeni məlumatlar” tapmaqla İsrail və Azərbaycan arasındakı "uçurumun” dərinləşdiyini iddia edirdilər.

Qeyd edək ki, Ermənistan və İsrailin bir sıra KİV-ləri iddia edirlər ki, Azərbaycana silah satışını dayandırmağa hazırlaşan rəsmi Təl-Əviv İsraildən Azərbaycana satılan Pilotsuz Uçan Aparatlardan (PUA) Ermənistana qarşı istifadə edilməməsi ilə bağlı Bakıya göstəriş verib. Həmin mənbələr həmçinin İsrailin PUA istehsalı ilə bağlı Azərbaycana verdiyi lisenziyanı alacağını da iddia edirdilər.

"Netanyahu Azərbaycanın qonşularını məyus etdi”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İsrail baş nazirinin çıxışını Yaxın Şərq və qlobal problemlərin həlli istiqamətində önəmli mesaj kimi dəyərləndirmək lazımdır. Politoloqun sözlərinə görə, Netanyahunun İran haqda fikirləri İsraillə bu ölkə arasındakı problemlərdən qaynaqlanır: "Azərbaycan isə bu iki ölkə arasında yaşanan gərginlikdə bitərəf mövqedə dayanır. Buna görə də İsrail - Azərbaycan əməkdaşlığı digər ölkələrə qarşı çevrilməyib. İsrail ilk növbədə Azərbaycan ordusunun texniki təchizatla təmin olunması və döyüş qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır.  Tərəflər arasında hərbi, siyasi, iqtisadi və energetika sahələrində dinamik inkişaf edən əməkdaşlıq var. Son illərdə İsraillə imzalanmış 5 milyard dollarlıq silah sazişi və müştərək, hərbi müəssisələrin tikilməsi bu qəbildəndir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, İran və Ermənistan inkişaf edən İsrail - Azərbaycan əməkdaşlığından ciddi narahatdır: "Bu məqsədlə də münasibətləri zədələmək üçün dezinformasiyalar yayırlar və təxribatla məşğuldurlar. Lakin bu cəhdlərə baxmayaraq, İsrail və Azərbaycan arasında heç bir gərginlik müşahidə olunmur. İrəvan və Tehranın bu həmlələrinə Netanyahu ən yüksək tribunadan cavab verməklə onlara öz yerlərini göstərdi, onları məyus etdi. Bu baxımdan İsrail baş nazirinin çıxışı ilk növbədə İran və Ermənistana ötürülmüş mesajdır. Qeyd edim ki, müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri də bir daha göstərdi ki, hər iki ölkə kənardan edilən təxribatları ciddiyə almır. Artıq həmin səfərdən sonra İsraildən Azərbaycana "Dəmir gümbəz” raketdən müdafiə sistemlərinin satışı məsələsi həllini tapa bilər ki, bu da uzun zamandır İran və Ermənistanı narahat edir”.

"İran kimi Rusiya da qıcıqlanır”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Netanyahunun çıxışında Azərbaycanı "İsrailin dostu olan müsəlman ölkəsi” kimi qeyd etməsi əhəmiyyətli mesaj kimi dəyərləndirməlidir. Politoloq hesab edir ki, xüsusilə, son illər inkişaf edən Bakı - Təl-Əviv əlaqələri və bu sahədə əldə olunan nailiyyətlər Azərbaycan üçün çox mühümdür: "Nəzərə almaq lazımdır ki, Azərbaycanın torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Son 23 ildə isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində  vasitəçilik səyləri heç bir nəticə vermir və Azərbaycanın İrəvanı sülhə məcbur etməkdən başqa yolu qalmır. Bu baxımdan İsrailin Azərbaycana  hərbi-texniki dəstək verməsi, ən yeni silahlarla təchiz etməsi, lobbi və informasiya savaşında  Azərbaycanın ən güclü müttəfiqlərindən biri kimi çıxış etməsi çox mühümdür”.

Zaur İbrahimli qeyd edib ki, Azərbaycanla əməkdaşlıq da İsrail üçün çox əhəmiyyətlidir: "Həm iqtisadi baxımdan, həm də modern islam ölkəsi kimi Bakının dəstəyini almaq, İranın qonşusu kimi Azərbaycanın mövqeyindən arxayın olmaq Təl-Əvivə  çox böyük divident verir. Lakin Azərbaycan - İsrail əməkdaşlığı çox böyük müqavimət və təhdidlərlə üzləşir. Bu məsələdə ilk növbədə Ermənistan, İran və Rusiyanı  qeyd etmək olar. İsrailin dəstəyi Azərbaycan üçün müəyyən riskləri sığortalamaq imkanı yaradır. Bu da daha çox Ermənistanı qıcıqlandırır. Buna görə də Ermənistan rəhbərliyi, erməni lobbisi mütəmadi olaraq Azərbaycan - İsrail əlaqlərini zədələməyə yönəlik təxribatlara əl atır.

Eyni zamanda İran tərəfdən də demarş cəhdlərini müşahidə edirik. Rusiya üçün də Azərbaycanın İsraillə belə möhkəm əlaqələri arzuolunan deyil, xüsusilə də Azərbaycanın müasir silahlarla təchizatı və ABŞ-la əlaqələrinin qurulması baxımından verilən dəstək rusları ciddi narahat edir. Bütün bunların fonunda BMT tribunasından Netanyahunun Azərbaycanla münasibətləri xüsusi qeyd etməsi Təl-Əvivin həm dostlara, həm də rəqiblərə ciddi mesajı oldu. Bu bir daha nümayiş etdirdi ki, bütün maneələrə baxmayaraq, İsrail Azərbaycanla əməkdaşlığa önəm verir və bu mövqeyin  bütün maraqlı tərəflərini nəzərə almasının vacibliyini vurğulayır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları