Yuxarı

Dolu kürsüdən boş meydana səslənənlər

Dolu kürsüdən boş meydana səslənənlər

Növbəti mitinq oyunu başa çatdı. Yaxşı qurulmayan oyun,  pis ssenariyə bacarıqsız rejissor işi,  qeyri-peşəkar, böyük səhnəyə çıxmaq arzusunda olmayan oyunçular...

Budur növbəti mitinq şousunun qısa icmalı. Milli Şuranın enli olmayan kürəyi arxasından boy göstərən Əli Kərimlinin yan-yörəsi boşaldıqca, onsuz da dolmayan meydan da boşalır. Ölkədə narazı kütlə yoxdurmu? Var. Hamı yaxşımı yaşayır? Xeyr. Narazılar haqqını tələb etmək arzudundadirmı? Həm bəli, həm yox. Bu üçüncünün "yox” hissəsində həmin o mitinq şousunda baş rol alan aktyoru Əli Kərimlinin payı var. Haralardasa yazılan pis sssenarini pis rejissor işi ilə birləşdirib daha da pişləşdirən "Yurd” lideri üçün bu mitinq narazı kəsimin etirazından daha çox hesabatdır. Alınan pulların, verilən vədlərin, gələcəyə hesablanmış addımların hesabatı. Hesabat da pis ssenari və pis rejissor içinin sonucu olaraq yaxşı heç nə göstərmədi. 

Ən üzücü tərəfi hələ də kimlərinsə Əli Kərimlinin yaxşı gələcək vədinə inanaraq, bu gələyəcə gedən yolu onunla birgə addımlamağa cəhd etməsidir. Əli Kərimli etibarlı yol yoldaşı deyil. Bunu üzü 90-lardan bəri proseslərin içindən çıxıb gələn çoxu söyləyə bilər. Söyləyə bilməyənlər isə həm də düşünməyiblər demək deyil. Əgər kimsə susursa, bunun əksinə inandığından deyil, sadəcə özünə sığışdırıb uzun illərini boş bir xəyal uğruna fəda etdiyinin  sarsıntısını yaşamasındandır. İnsanlar bu yolda ömürlərini fəda etdilər. Qazancları nə oldu? Deyə bilərsiz ki, bu yola qazanc güdənlərin çıxmaması daha yaxşı olardı, amma axı Vətəninin, millətinin yaxşı yaşaması üçün bir yola çıxırsansa və o yolda sənə rəhbərlik edəcək adamın iddiasının qurbanına çevrilirsənsə, dönüb boşa xərclənən illərinə baxmaya, təəssüflənməyə bilmirsən. Şəxsən mən baxmaya bilmirəm. Baxanda isə ilbəil  meydanın boşalmasının səbəbini heç də xalqın ilbəil daha yaxşı yaşamasında yox, xalqın onu meydana çağıranlara inamının ölməsində görürəm. 

Bizim hər birimizi azadlıq, demokratiya deyə bağırdığımız o meydanda öldürdülər. Tək-tək hamımızı. Əvvəl inamımızı öldürdülər, sonra ümidimizi. Sonuncu lap pis oldu. Bunu etmək üçün bütün bacarıqlarından istifadə etdilər, "yorğun demokratlar”ın üzündəki gələcəyə  inamı yerli-dibli silmək üçün bir neçə mitinq şousu kifayət etməzmiş kimi bir-birinin ardınca boş meydanı təkrar-təkrar "gözə soxacaq” oyunlar düzənlədilər. Hər dəfəsində də bir sıranı sıradan çıxartdılar.  Növbə sonunculara çatdı, o sonuncular artıq yoxdur, hərə öz güşəsinə çəkilib, bunu bacardılar, hər kəsin səssizliyə çəkilib ümidsizliyi ilə baş-başa qalmasını bacardılar. 

Siyasətdə ən yaxşı bacardıqları da bu olsa gərək...

"Siyasət oyundur” deyirlər, təbii ki, yaxşı oyunçunu sevən oyun. Bizim özünü təcrübəli siyasətçi adlandırılmaqdan xüsusi zövq alan siyasətbazlarımız da anlayır ki, neçə illərdir eyni tribunada olmaq onların üstünlüyü yox, məğlubiyyətidir. Amma əslində kürsüsünü təhvil verməmək xəstəliyinə yoluxanlar üçün heş bir fərqi yoxdur- bu kürsü hakimiyyət kürsüsüdür, yoxsa "Məhsul” stadionunun sınıq-salxaq kürsüsü. Əsas odur ki, toplaşanlardan hündürdəsən, səsin ucadan gəlir, meydana şüarlar altında daxil olub, mahnı sədaları altında  tərk edirsən.Geridə buraxdıqların səni hər şeydən, hamıdan az maraqlandırır. Onlar nə edəcəklər, necə yaşayacaqlar, daha bir ümidsizlik girdabından necə xilas olacaqlar, ümumiyyətlə onlar kimdirlər axı? Selfie çəkdirirlər, çəkdirsinlər, şüar deyirlər, desinlər, polislə qarşıdurma yarananda həbs olunurlar, olunsunlar. Onların hər biri Əli Kərimli üçün ya potensial mühacir, ya potensial "siyasi məhbus”dur. İki halda da qazanacaq, mühacir olmaq istəyənə arayış verməklə, "siyasi məhbus” olanlara ayrılan yardımı mənimsəməklə. Deməli, mitinq həm də çörək ağacıdır, yaxşı bəsləsən, yaxşı qulluq etsən, daimi çörək təhnəsidir,  müştəsiri başının üstündədir, uzağa getməyib elə yaxından da "alış-veriş etmək” olar. Yetər ki, oyunu yaxşı oynayasan, arada bir-ikisini inandıra bilsən, işi lap yaxşı gedəcək. Amma olmasa da, problem deyil. Olana bərəkət...

Beləcə daha bir mitinq oyunundan növbəti oyuna hazırlıq üçün yola çıxdılar. Növbəti oyunda oyunçu sayı yəqin ki, olduğu kimi qalacaq, tamaşaçı sayı isə azalır, bəylər! Günün birində dolu kürsüdən tamamilə boş meydana səslənəcəyiniz günü düşünün. Ya da düşünməyin! O gün siz düşünməyə macal tapmadan gələcək!

Elnarə Kərimova   
     





Həftənin ən çox oxunanları