Yuxarı

Rəsmi Bakıdan Kürdüstan mesajı

Rəsmi Bakıdan Kürdüstan mesajı

Dağlıq Qarabağdakı separatçı rejim İraq kürd muxtariyyatının müstəqillik referendumunu alqışlayıb. Özünü qondarma DQR-in Xarici İşlər Nazirliyi kimi qələmə verən qurum referendumun nəticələrini tanıdığını bəyan edib. Qarabağ separatçılarının bu mövqeyi həm də Ermənistanın mövqeyini əks etdirir. Belə olan halda Azərbaycanın İraqın ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqe ortaya qoymaması diqqəti cəlb edir. Halbuki İraq beynəlxalq səviyyədə daim Dağlıq Qarabağ probleminin həllinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Rəsmi Bağdad həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də ikitərəfli münasibətlərdə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini bildirib. Bu mövqeyi İraqın Azərbaycandakı səfirləri də daim ortaya qoyublar. Buna baxmayaraq rəsmi Bakı son günlər İraqın ərazi bütövlüyünə yaranmış təhlükə ilə bağlı susqunluq nümayiş etdirir. Maraqlıdır, bəs Azərbaycanın İraqın ərazi bütövlüyü ilə bağlı məsələdə mövqeyi nədən ibarətdir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Cebhe.info-ya bildirib ki, Azərbaycan separatçılığın və ayrı-ayrı ölkələrin parçalanmasının qəti əleyhinədir:

 
"İraq məsələsində Azərbaycanın mövqeyi onun ərazi bütövlüyünün dəstəklənməsi, İraq Kürdüstanında keçirilən referendumun nəticələrinin qəbul edilməməsi ilə bağlı rəsmi mövqeyinin olacağı da gözlənilir. Azərbaycan ictimaiyyəti birmənalı şəkildə İraqının ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirir. İraqla əməkdaşlıq həmişə yüksək səviyyədə olub və bundan sonra da olacaq”.

Dağlıq Qarabağda işğal edilmiş zonadan məsələyə münasibət bildirilməsinə gəlincə, deputat deyib ki, Ermənistan müxtəlif variantlarla Azərbaycanın ərazi bütövlüyünü pozmağa və özünə müttəfiq axtarmağa çalışır:

"Hesab edirəm ki, Ermənistanın İraqdakı referendumu dəstəkləməsi, əslində bu ölkənin regionda stabilliyi pozan bir faktor olduğunu göstərir”.

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları