Yuxarı

Əli Kərimlini "dinə gətirən” maraqlar

Əli Kərimlini

"Yurd” sədri Əli Kərimli ölkənin inanclı insanlarına və dindarlarına müraciət edib. Həmişə mətbuatdan qaçan Əli Kərimli bu dəfə də ənənəsindən kənara çıxmayıb və "Facebook” üzərindən dindarlara səslənərək, onları siyasi məhbusların müdafiəsinə dəstək verməyə çağırıb:

"Məgər doğru söz dediyi, xalqının yanında olub ədalət axtardığı üçün zindanlara düşmüş siyasi məhbuslara azadlıq tələb etmək vicdan borcu deyilmi? Siz də gəlin, 7 oktyabr mitinqində darda olan siyasi məhbuslara, əlimizdən alınmış sərvətlərimizə, hüquqa, ədalətə, azadlıq tələb edək”.

İrihəcmli paylaşımın əvvəlində öncə həbs olunmuş dindarlara dəstək istəyən "Yurd” sədri sonradan şakərinə uyğun formada "valı” fırlayaraq, öz təşkilatından qurban verdiyi adamlara dəstək istəyib.

"Hiyləgər sığal”

Dindarlara edilən bu növbəti səsləniş və ölkənin narazı elektoratının çox kiçik hissəsini təşkil edən dindarlar üçün həssas olan məsələlərə toxunması Əli Kərimlinin ambisiyasından və xislətindən irəli gələn məsələ olduğuna şübhə yoxdur. Elə Nardaran məhbusları və ilahiyyatçı Tale Bağırzadəyə dəstək istəməsi də bunu göstərir. Paylaşımında məhərrəm ayı, Aşura günü və islam dini uğrunda şəhid olmuş şəxslərdən gen-bol danışması da dindarların başına atılmış "hiyləgər sığal” olduğu da bu qəbildəndir. 2015-ci ildə Nardaranda çoxsaylı dindarın həbs olunması ilə yadda qalan təxribatdan sonra və əvvəl də Əli Kərimlinin dindar kəsim arasında özünə tərəfdar axtarışına çıxdığı nəzərdən qaçmırdı. Nardaran hadisələri ilə bu axtarışlar və dindarları ətrafına cəlb etmək təşəbbüsləri daha kəskin xarakter aldı. Milli Şuranın mitinqlərində də həmin dindarların meydanda daha çox boy göstərməyə çalışması və Əli Kərimlinin açılış nitqində əvvəldə dindarlara müraciət etməsi vəziyyətin hansı yerdə olmasından xəbər verirdi.

Meydanda verilən son nəfəs

Siyasət meydanında böhranlı illərini yaşayan, belə desək, meydanda son akkordlarını vuran Əli Kərimlinin dindarlar arasında apardığı axtarışlar bir məqamı özündə gizlədir: demokratik kəsimin, narazı sosial bazanın ondan imtina etməsi. Bu məhrumiyyətli günlərdə Milli Şura adına keçirdiyi piket xarakterli aksiyada da "Yurd” sədri ümidini  məhz dindar kəsimə  bağlamışdı. Demokratik düşərgənin dəstəyindən tamamilə məhrum olmuş bir şəxsin "molla əbasına” bürünüb başına əmmamə qoyması labüd idi. Bu dəstəkdən məhrum olması təsadüfi deyildi. Çünki demokratik düşərgə və cəmiyyət Əli Kərimlini yaxşı tanıyır. Onun necə saxta vətənpərvər və "din təəssübkeşi” olduğunu gözəl bilir.
 
Arxası uçuruma açılan "dayaq nöqtəsi”

SSRİ-nin son günlərində,  xalq kütlələri Azərbaycan Xalq Cəbhəsi ətrafında birləşəndə Əli Kərimli "Yurd” adlı təşkilat yaradıb daxildə separatçılıqla məşğul olurdu. O,  kommunist şinelindən çıxaraq əlinə "demokratiya bayrağı” almışdı. Xalq Cəbhəsi partiyaya çevriləndə də bu saxta bayrağı əlindən yerə qoymadı və alt tərəfdən də bu partiyaya quyu qazırdı. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-ni həmin quyuya itələyib üzərinə "Yurd”un ağır "daşını” sala bildi. Həmin vaxt da Əli Kərimli "demokratiya bayrağı”nın altında kölgələnirdi. O vaxta qədər bu kölgədə qaldı ki, o zamanlar bir sıra nüfuzlu şəxslər hələ də AXCP-də, vaxtilə onun separatçılıqla ələ keçirdiyi partiyada təmsil olunurdular.

Lakin bu separatçılıqdan və qeyri-legitim hakimiyyətindən narazı olan qüvvələr bir-bir AXCP-dən imtina edib getdikdən, qalanlar da AXCP-ni ondan azad edəndən, yəni Əli Kərimli və ətrafını partiyadan uzaqlaşdırandan sonra "yurdçular” sabun köpüyü kimi üzə çıxıb bütün demokratik dəyərləri də öz altlarına aldılar. Yaxın ətrafından demokratik düşərgəyə çəkilən hər bir cəbhəçi və Müsavat kimi partiyalar da Əli Kərimli ilə barışmaz mövqedə dayandılar. Milli Şura fiaskosu isə "Yurd” sədri ilə bu düşərgə arasındakı ipləri tamamilə qırdı. Məhz bu nöqtədə o tamamilə unuduldu və müxalifət adına arzuolunmaz şəxsə çevrildi və beləliklə, son taqətini toplayıb ayağa qalxmaq üçün narazı və seçici elektoratın heç 0.1%-ni də təşkil etməyən dindarlar arasında özünə dayaq nöqtəsi axtarmağa başladı. Amma bu işdə də Əli Kərimliyə "bacarıqlıdır”, demək mümkün deyil. Çünki keçirdiyi mitinqlərə heç o 0.1%-in 0.00000001%-ni də toplaya bilmir. Əlbəttə, bunu bacarsa, o, kifayət qədər ciddi görünə bilərdi.

Mənsur





Həftənin ən çox oxunanları