Yuxarı

Avropa Azərbaycandan üz döndərməyəcək

Avropa Azərbaycandan üz döndərməyəcək

Avropa Şurası Azərbaycana qarşı tutduğu qərəzli mövqeyini davam etdirir.Nəzərə alsaq ki, Avropa Şurasında Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə də təmsil olunur.Maraqlıdır, Azərbaycan Avropa Şurasından çıxarsa və ya çıxarılarsa Türkiyə hansı addımı ata bilər?

Siyasi şərhçi Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında Türkiyənin Avropa Şurası və Azərbaycan arasında yaşanan gərginliyi aradan qaldırmağa çalışacağını deyib   :

"Əslində Avropa Şurasının Azərbaycanla bağlı tələbləri aydındır. Avropa Şurası siyasi məhbuslarla bağlı məsələni gündəmə gətirir və zamanında Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.Digər tərəfdən Azərbaycan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini bəyan edir.Aydındır ki, Avropa Şurasının üzvü olan dövlətlərin əksəriyyətində də demokratik prinsiplər qorunmur.Avropa ölkələrində insanların sərbəst toplaşma azadlıqlarının pozulması ilə kifayət qədər ciddi faktlar var və ölkə prezidenti Avropa Şurasının nümayəndələrini qəbul edərkən bu haqda fikirlərini onlara çatdırmışdı.Əslində Avropa Şurasının Azərbaycana qarşı yönəlmiş siyasətini siyasi məhbuslarla əlaqələndirsə də, burada daha çox konyuktur maraqlar var. Eyni proseslər Şuranın üzvü olan digər dövlətlərdə də var və bu özünü daha qabarıq şəkildə büruzə verir.Amma bütün hallarda Avropa Şurası Azərbaycanla bağlı hər hansı bir qərar versə, Azərbaycan bundan heç bir zərər görməyəcək.Türkiyə də Azərbaycanın Avropa Şurasında qalmasında və beynəlxalq hüquq çərçivəsində fəaliyyətində maraqlı olacaq.Təbii ki, Türkiyə Azərbaycan və Avropa Şurası arasında yaranan gərginliyi Avropanın qanunları çərçivəsində həllinə çalışacaq.Necə ki, Azərbaycan tərəfi zamanında Türkiyə və Rusiya arasında yaşanan gərginliyin aradan qaldırılmasında kifayət qədər ciddi və önəmli rol oynadı.Hətta məlum gərginliyin aradan qaldırılmasında Azərbaycanın rolunu istər Türkiyə, istərsə də Rusiya rəsmiləri ən yüksək səviyyədə etiraf etdilər”.

Elşən Manafov hesab edir ki, Avropa Şurası Azərbaycanla bağlı fərqli qərar verməyəcək. Çünki bu Avropa Şurasının xeyrinə deyil:

"Azərbaycanın Avropa Şurası ilə münasibətlərində əsas faktor Azərbaycan qazının müstəsna yeridir. Qərb də Azərbaycanla münasibətdə məhz Azərbaycana Avropanı Rusiyanın enerji asılılığından qurtara biləcək dövlət kimi baxırlar. Təbii ki, Azərbaycan bütün karbohidrogen ehtiyatları ilə Rusiyaya alternativ ola bilməz. Amma bütün hallarda Azərbaycanın da bu proseslərdə özünəməxsus yeri və imkanı var. Bunu da ABŞ və Avropa yaxşı başa düşür.Azərbaycan da məhz bu kontekstdə inkişaf edir.Digər tərəfdən Azərbaycanın nəqliyyat və telekommunikasiya xətlərinin üzərində yerləşməsi Avropanın diqqət mərkəzindədir.Ona görə də bütün hallarda Avropa Şurası Azərbaycanla münasibətlərini fərqli müstəvi üzərinə gətirməyəcək.Çünki bu halda Avropanın itirə biləcəyi çox şey var. Azərbaycan İpək yolunun üzərindədir və Bakının  razılığı olmadan heç bir layihəni reallaşdırmaq əslində qeyri- mümkündür. Ona görə də güman etmirəm ki, Avropa Şurası Azərbaycanla bağlı daha fərqli addım atsın.Çünki bunun Azərbaycan diplomatiyasına və imkanlarına elə də ciddi təsiri olmayacaq”.


Vilayət Muxtar






Həftənin ən çox oxunanları