Yuxarı

"Mitinqə gəlməyənə söyüş qoymuşam”

Milli Şura oktyabrın 28-nə mitinq təyin edib. Ənənəvi olaraq, Yasamal rayonunda yerləşən "Məhsul”  stadionunda keçirilməsi planlaşdırılan aksiya  üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. BŞİH hələ qərarını açıqlamasa da, artıq Milli Şura və bu qrupa daxil olan "Yurd” təşkilatı hazırlıq işlərinə start verib.Sosial şəbəkələrdə fəallaşan şura və "Yurd” üzvləri təbliğat kampaniyasına başlayıblar.Milli Şuranın rəhbəri Cəmil Həsənli və "Yurd” təşkilatının sədri Əli Kərimli də mitinqə qatılmaları üçün insanlara müraciət ediblər.

Hər iki qurum 23 sentyabr və 7 oktyabr biabırçılıqlarından sonra ayın 28-dəki nümayişin daha izdihamlı olacağına ümid edir. Məlumdur ki, bundan əvvəl baş tutmuş hər iki mitinqə hətta gözləniləndən daha az insan qatılmışdı. Budəfəki mitinq üçün də gözləntinin baş tutmayacağını indidən demək olar.Bu, ilk növbədə "Yurd” və Milli Şuraya cəmiyyət arasında inamın olmaması ilə bağlıdırsa, ikinci səbəb nümayişlər üçün seçilən və etik normalara sığmayan təbliğatdır.

Şuranın mitinqlərinə niyə maraq göstərilmir?

Qeyd edək ki, həm 23 sentyabr, həm də 7 oktyabr mitinqləri "Yurd” üzvləri və Milli Şura tərəfdarlarının insanları söymələri, təhqir etmələri ilə yadda qalmışdı. Lakin "təhqir kampaniyası” öz işini gördü, Milli Şura nümayişləri barmaqla sayılacaq elektoratla yola verdi. Hesab etsək ki, "yurdçular” və şuraçılar mitinqlərdən əvvəl nümayişə qatılmayacaq insanları ağır ifadələrlə təhqir etmişdilər, bundan artıq gözlənti baş verə bilməzdi.Lakin Əli Kərimli və onun qaragüruh dəstəsinin öz səhvlərindən dərs almağı bacarmayan, buna adət etməyən üzvləri yenə də "özlərinə” sadiqdirlər.Xalq bu dəfə də "Yurd” qaragüruhçuları tərəfindən təhqir edilir, söyülür.

Üstəlik, budəfəki "təbliğat kampaniyası”nda xalq ayrı-ayrı fərdlər şəklində yox, bütöv formada söyülür. Mitinqə qatılmayanları, dəstək verməyənləri "qoyun” adlandıracaq qədər irəli getməyə cəsarət edən qaragüruhçular bununla da kifayətlənməyib, öz xislətlərindən doğan bir "tərbiyə” ilə insanların ünvanına ən ağır ifadələri işlədirlər. "Yurd” və Milli Şura tərəfdarlarının qeyri-etik davranışları insanlar tərəfindən kəskin etirazla qarşılansa da, nə Cəmil Həsənli, nə də Əli Kərimli baş verənlərə aydınlıq gətirir.Hər iki qurumun rəhbər heyətindən qaragüruhçulara "dur” deyən yoxdur.Bu da o ehtimalı yaradır ki, hər şey əvvəldən elə rəhbərlik tərəfindən planlaşdırılıb və nümayişlərə qatılmayanlar məqsədyönlü şəkildə söydürülür.

Sosial şəbəkələr hesabına gündəmdə

Əli Kərimlinin mitinqlərə insan cəlb etmək və xalqın diqqətinə gəlmək üçün niyə normal təbliğat vasitələrinə yox, məhz söyüş və təhqirlərə əl atmasına gəlincə, bu, bu günün məsələsi deyil.Məsələn, mitinqlərin təşkilatçısı olan Milli Şura -2013-cü ilin prezident seçkiləri üçün qurulmuş bu qurum heç seçki ilində cəmiyyət arasında populyar deyildi.Şuranın vahid namizədi Cəmil Həsənli teledebatlarda tez-tez görünsə də, onun Əli Kərimliyə yaxınlığı ilə tanınması Milli Şuraya olan etimadı azaltmışdı.Üstəgəl, həmin vaxt ölkədə Milli Şuranın Rusiyanın layihəsi olmasına inananların sayı kifayət qədər çox idi.Ona da inanılırdı ki, şura xalqın maraqlarına yox, məhz bu birliyi təsis edən Əli Kərimli və digərlərinin şəxsi maraqlarına xidmət edir.Elə seçki günü xarici təşkilatların apardıqları sorğuların yekunu nəticəsində də bu, özünü açıq formada göstərdi.

"Yurd” və Əli Kərimli amillərinə gəlincə, bu məsələlər də Milli Şuranın adına keçirilən mitinqlərə öz təsirlərini göstərir. İndiki vəziyyətdə Əli Kərimli internet və sosial şəbəkələrdən daha çox istifadə edilən Bakı şəhərində məhz bunların hesabına ad olaraq özünü gündəmdə saxlamağa çalışsa da, siyasi iddia məsələsində "Yurd” sədrinin nüfuzu kifayət qədər aşağıdır.Bu, özünü sosial şəbəkələrdə siyasət adamları üçün keçirilən virtual səsvermələrdə də göstərir. Seçici elektoratın bir hissəsinin də bölgələrdə olduğunu da nəzərə alsaq və o faktora da istinad etsək ki, həmin bölgələrdə yaşayan insanlar Əli Kərimlini Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy və müstəqillik tərəfdarı olan Xalq Hərəkatına xəyanət etmiş şəxs kimi tanıyır, demək ki, Milli Şuranın öz mitinqlərini barmaqla sayılacaq qədər insanla yola verməsi normal haldır.

Xalqa duyulan nifrət

Əli Kərimli nəinki tərəfdarlarının söydüyü xalq, təmsilçiliyində iddia etdiyi ənənəvi müxalif düşərgə tərəfindən qəbul edilmir.Elçibəy vəfat etdikdən sonra o, AXCP-nin rəhbər kürsüsünü işğal edəndə də müxalifətdə olan bir çoxları buna qarşı çıxdı.İndiyədək də istər yeni demokratik qüvvələr, istərsə də ənənəvi müxalifətdən olan siyasi partiyalar heç bir halda Əli Kərimli ilə eyni blokda sonadək getməyiblər.Həmişə "Yurd” sədrinin iştirak etdiyi bütün siyasi birliklərin hamısı Milli Şura kimi dağılıb.Çünki həmin bloklarda təmsil olunan siyasi partiyaların hamısı Əli Kərimlinin əsl mahiyyətini çılpaqlığıyla bilirlər və onu da bilirlər ki, bu şəxs öz qazancı naminə müxalifətin ümumi maraqlarını və bu maraqların müdafiə edildiyi birlikləri kimlərəsə satıb və yenə də bu xislətinə sadiqdir.Əlbəttə, o da göz qabağındadır ki, Əli Kərimli həmişə şablon ifadələrlə hakimiyyətdə təmsil olunan bəlli siyasi elitanı tənqid edir.Bu da haqlı olaraq, insanları o şübhəyə salır ki, Əli Kərimli hakimiyyət daxilində həmin siyasi elitaya qarşı olan qrupun maraqlarına xidmət edir.Bu da özünə və ümumi maraqlara xəyanət etməyin bir növüdür.

Xalq tərəfindən müxalif düşərgənin siyasətinə xəyanətkarlığı gətirmiş şəxs kimi tanınan "Yurd” sədri ənənəvi müxalifət tərəfindən də bu ittihamla qarşı-qarşıyadır.Əlbəttə, Əli Kərimli bunların hamısını bilir və bildiyi üçün də hər seçkidən əvvəl onu qəbul etməyənlərə qarşı duyduğu patoloji nifrətini, hiddət və qəzəbini öz "qulbeçələrinin” dilləri ilə qusur.

Mənsur






Həftənin ən çox oxunanları