Yuxarı

Razi Nurullayevdən təklif: ABŞ, Rusiya, Fransa və münaqişə tərəfləri prezidentlər səviyyəsində görüşsün

Razi Nurullayevdən təklif: ABŞ, Rusiya, Fransa və münaqişə tərəfləri prezidentlər səviyyəsində görüşsün

"Dağlıq-Qarabağ münaqişəsinin həlli üçün Ermənistan mənasız iddialarından əl çəkməlidir. Bu isə o zaman mümkündür ki, ona ciddi təzyiqlər edilsin. Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər və tarixə yeni bir uğursuz görüşün protokolları yazılacaq. Çünki, Ermənistanın danışıqlarda güzəştə getməsi, yaxud buna meyllənməsi ilə bağlı ciddi məlumatlar yoxdur”. 

Cebhe.info xəbər verir ki, bunu özünün facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev yazıb. 

AXCP sədrinin sözlərinə görə, Minsk Qrupunun həmsədr ölkələrinin bu görüşü təşkil etməsi üçün göstərdikləri canfəşanlıq təzyiq olmayınca nəticə verməyəcək. 
Ona görə də Rusiya, ABŞ və Fransa daha ciddi addımlar atmalıdır: "Hətta, ən münasib yollardan biri elə həmsədr ölkələrin və münaqişə tərəfi ölkələrinin prezidentlərinin birgə görüşü və bir masa ətrafında müzakirə aparmasıdır. Əgər ölkələr həmsədrlik institutunu boyunlarına götürübsə, onlar belə bir görüşə də razılıq verməlidir. Arada söz aparıb- gətirən həmsədrlər konkret nəticəyə nail ola bilməyəcəklər”.

Razi Nurullayev hesab edir ki, keçirilən görüşlər konkretləşməli, ya da belə görüşlərdən imtina edilməlidir: "Rusiya bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən "sülh" yaradır. Sadəcə, gülməli vəziyyət yaradır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları