Yuxarı

Rus-erməni birliyinə qarşı yeni güc

Rus-erməni birliyinə qarşı yeni güc

Oktyabr ayının 17-də Tiflis şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçirilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən, regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, son illərdə hər 3 ölkənin müdafiə nazirlərinin görüşü ənənə hal alıb. Bir neçə dəfə bir araya gələn nazirlərin görüşlərindən biri keçən il Naxçıvan şəhərində keçirilib.

"Birgə qoşun növü” ideyası masada?

Hər 3 ölkənin müdafiə nazirləri arasında keçirilən görüş həmişə eyni ehtimalı gündəmə gətirir: Gürcüstan, Azərbaycan və Türkiyə arasında birgə qoşun növünün yaradılması. Lakin indiyədək baş tutmuş bu görüşlərdən sonra ehtimal özünü doğrultmasa da, bu dəfəki görüş digərlərindən əlamətdar ola bilər. Nəzərə alsaq ki, Rusiya və Ermənistan arasında birgə qoşun növünün yaradılmasından və fəaliyyətə başlamasından sonra ilk dəfədir ki, belə bir görüş keçirilir, bu faktorun nəzəri ideyanı konkret danışıqlar məcrasına yönəldəcəyi istisna edilmir.

Məlumdur ki, bir neçə ay əvvəl Rusiya və Ermənistan arasında birgə qoşun növü yaradılıb. Əsas məqsədin Ermənistanın dövlət sərhədlərini qorumaq və milli təhlükəsizliyini təmin etmək olsa da anlaşmanın arxasında Rusiyanın bölgədəki varlığını uzatmaq, həmçinin bölgə dövlətlərini təzyiq altında saxlamaq üçün münbit şərait yaratmaq olduğu artıq sirr deyil. Bu baxımdan Rusiya - Ermənistan birgə qoşunlarının Türkiyə, Gürcüstan və Azərbaycan əleyhinə fəaliyyət göstərəcəyinə də şübhə yoxdur. Nəzərə alaq ki, Gürcüstan ərazilərini (Abxaziya və Cənubi Osetiya) işğal edən Rusiya 1990-cı illərdə Azərbaycan ərazilərinə təcavüz edən Ermənistana yardım edib. Dağlıq Qarabağ və ətraf rayonların işğalı ssenarisinin Kremldə hazırlanması və bu ideyanı Ermənistana verdiyi artıq faktlarla sübut olunub. Digər yandan, Rusiyanın əsrlərdir soyuq münasibətlərdə olduğu Türkiyəyə qarşı da iddiaları var. İstanbulu ələ keçirmək kimi utopik bir ideyanın daşıyıcısı olan Rusiya, eyni zamanda, Türkiyənin bir sıra bölgələrinə qarşı ermənilərin adından iddia qaldıran bir dövlətdir. Bu baxımdan hesab etmək olar ki, Rusiya - Ermənistan birgə ordusu bölgə dövlətlərinə zərərli və təhlükəli olan bir ideyaya xidmət edəcək. 

Rusiyanın bölgədəki təhlükəli fəallığı

Ukrayna ərazilərinin işğal edilməsindən sonra Baltikyanı bölgə və Cənubi Qafqazda fəallaşan Rusiya keçmiş Sovet respublikaları üçün həddindən artıq təhlükəli olmağa başlayıb. Artıq Baltikyanı dövlətlər Rusiyadan gələcək təhlükənin labüdlüyünü nəzərə alaraq, ABŞ və NATO-ya müraciət ediblər. Bölgəyə 50 min canlı qüvvə və hərbi texnika göndərən Amerika və NATO artıq Rusiya təhlükəsinə qarşı tədbirlər planını həyata keçirməyə başlayıb.

Ekspertlər hesab edirlər ki, Baltikyanı bölgədə manevr imkanları daralan Rusiya yenidən Cənubi Qafqaza qayıtmaqla buradakı münaqişə ocaqlarını qızışdıra və yeni işğallara zəmin yaradan mühit formalaşdıra bilər. Rusiya-Ermənistan birgə qoşun növünün yaradılması və Rusiyanın Ermənistandakı hərbi qüvvələrinin sayını artırması, həmçinin yeni hərbi baza yaratmaq səyləri də təsadüfi sayıla bilməz. Təhlükənin reallığını nəzərə alan bölgə dövlətləri - Azərbaycan, Gürcüstan və Türkiyənin bunun qarşılığında hansı addım atacağını indidən demək problematik olsa da hazırkı vəziyyətdə yeganə çıxış yolunun birgə qoşun növünün yaradılmasından keçdiyi də görünür. Bu baxımdan təklifin son iki ildə tez-tez gündəmə gəlməsi də bu istiqamətdə yeni gəlişmələrin olacağından xəbər verə bilər. Növbəti görüşlərin birində bu ehtimalın üzərində müəyyən danışıqların gedəcəyini iddia etmək mümkündür.

"Türkiyə NATO-dan çıxmalıdır”

Hərbçi-ekspert Ramil Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, belə bir qoşun növünü yaradılması mümkün deyil. Ekspert bunu Türkiyə və Gürcüstanın siyasi mövqeləri ilə əlaqələndirib: "Hər il bir neçə dəfə keçirilən belə görüşlərdə birgə hərbi təlimlərin və tədrislərin keçirilməsi məsələləri müzakirə olunur. Regional təhlükələrə qarşı birgə addımların atılması məsələsi də nazirlərin ənənəvi görüşlərində müzakirə edilən əsas amillərdən biridir. Bunlarla bağlı birgə əməkdaşlıq üçün müsbət situasiya yaranıb. Qeyd olunan məsələlərlə bağlı hər 3 ölkə arasında birgə fəaliyyət də var.

Lakin Gürcüstanın hərbi-siyasi mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Məlumdur ki, Gürcüstan NATO-ya inteqrasiya xəttinə üstünlük verir və ərazilərində ABŞ-ın hərbi birləşmələri var. Bundan başqa Gürcüstanda NATO-nun koordinasiya mərkəzi fəaliyyət göstərir. Yəni, həm NATO üzvü olan Türkiyə, həm də Gürcüstanın mövqeləri Azərbaycandan fərqlənir. Azərbaycan hərbi-siyasi məsələlərlə bağlı neytral mövqe tutmağa çalışır. NATO, ABŞ, qonşu dövlətlərlə - Rusiya və İranla ikitərəfli münasibətlərə üstünlük verir. Azərbaycanın hansısa bloka qoşulmaq niyyəti yoxdur. Başqa sözlə, bu 3 ölkənin birgə qoşun növü yaratmaq istiqamətində addım atacağı real görünmür”. 

Ramil Məmmədlinin sözlərinə görə, NATO üzvü olan ölkənin başqa bir birlik yaratması mümkün deyil: "Türkiyənin NATO üzvü olması buna mane olur. Bunun üçün Türkiyə NATO-dan çıxmalı, Gürcüstan mövqeyini dəyişməlidir. Amma Azərbaycan və Gürcüstan arasında birgə qoşun növü yaradıla bilər. Amma Gürcüstanın hərbi-siyasi mövqeyi də buna imkan vermir, NATO-ya üzv olmaq üçün konkret addımlar atır. Bu baxımdan bu 3 ölkənin birgə qoşun növü yaratması mümkün deyil”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları