Yuxarı

Sarkisyan sözündən niyə qaçdı?

Sarkisyan sözündən niyə qaçdı?

Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş baş tutdu. Dövlət başçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə İsveçrənin Cenevrə şəhərində bir araya gəldilər. Görüşdən sonra ATƏT-in Minsk qrupu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bununla əlaqədar bəyanat yaydılar. Bəyanatda qeyd olunur ki, konstruktiv keçən görüşdə prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

Doğrulmayan gözləntilər

Görünən budur ki, həll prosesinin dalana dirəndiyi vaxt konkret təkliflər və variantlar üzərində müzakirə aparmaqdan imtina edən tərəflər cəbhə xəttində vəziyyəti gərginlikdə saxlayan problemlərin həlli ilə görüşü yekunlaşdırıblar. Lakin gözlənilirdi ki, nəzəri də olsa, münaqişənin mərhələli həll planı razılaşdırılacaq. O da gözlənilirdi ki, ətraf rayonların müəyyən edilmiş mərhələlərdə Azərbaycana qaytarılması və Dağlıq Qarabağın statusu ilə bağlı anlaşma növbəti görüşdə detallı şəkildə müzakirə edilərək razılaşdırılacaq. Lakin proqnozlar özünü doğrultmadı.

Yerinə yetirilməyən şərtlər

Görüşdə təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılması ilə bağlı anlaşmanın əldə olunmasına gəlincə, ermənilər buna da əməl etmirlər. Görüşdən keçən bir neçə gün ərzində həm təmas xətti, həm də dövlət sərhədləri boyunca işğalçı tərəfin silahlı qüvvələri gün ərzində orta hesabla atəşkəs rejimini 100-dən artıq pozurlar. Ermənistan tərəfinin anlaşmanın şərtlərini niyə yerinə yetirməməsi və vəziyyəti gərginlikdə saxlamasının səbəbləri məlum olsa da, o da bir ehtimaldır ki, ermənilər nəinki işğal etdikləri əraziləri qaytarmaq istəmirlər, hətta, Azərbaycana qarşı yeni ərazi iddiasındadırlar. İntensiv şəkildə pozulan atəşkəs rejimi və Serj Sarkisyanın "Qarabağı Azərbaycana verməyəcəyik”, mesajı da düşmənin yeni separatçı iddialarına hesablanıb. Buna görə də görüşdən sonra Sarkisyan Azərbaycanla separat razılaşma - Azərbaycanı öz ərazilərinin böyük hissəsinin ermənilərə verilməsinə məcbur edən müqaviləni istənilən vaxt imzalamağa hazır olduqlarını dedi.

"İrəvan Qarabağa nəzarəti tamamilə itirib”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi Qarabağdakı separatçılara nəzarət etməyi bacarmır. Separatçıların tamamilə İrəvanın nəzarətindən çıxdıqlarını deyən, politoloqun sözlərinə görə əsas məsələ bundan ibarətdir ki, Sarkisyan hakimiyyəti separatçılara verdiyi "müstəqillik” vədini yerinə yetirə bilmir:

"Buna görə də separatçılar İrəvanın tapşırıqları ilə oturub-durmurlar. Digər yandan, Sarkisyan Cenevrədəki görüşdən sonra "Qarabağı Azərbaycana verməyəcəyik”, mesajını da separatçılara ötürmüşdü ki, onları sakitləşdirə bilsin. Ermənistan rəhbərliyi həmçinin, Qarabağdakı separatçı rejimi münaqişənin həll prosesinə "üçüncü tərəf” kimi cəlb etməyə çalışır. Buna görə də atəşkəs rejimi intensiv şəkildə pozulur. Yəni ki, sepatçılar da özlərini ayrı tərəf kimi göstərməyə çalışırlar ki, "biz üçüncü tərəfik”. Separatçılar bu baxımdan Ermənistandan ayrı şəkildə "müstəqil siyasət” yürütməyə cəhd edir”.

Mənsur





Həftənin ən çox oxunanları