Yuxarı

Qərbin "yeni Saakaşvili” projesi

Qərbin

Gürcüstanın keçmiş energetika naziri Kaxa Kaladze Tiflis meri vəzifəsinə seçkilərdə qalib gəlib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Tiflisdə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K.Kaladze 51,06 faiz səs toplayıb. Hakim "Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tiflis sakini səs verib.İkinci yerdə 17.46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16.53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.

Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tiflis və Kiyevin "Dinamo”, İtaliyanın "Milan” və "Genuya”  komandalarında müdafiəçi mövqeyində oynayıb. K.Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub.Siyasi karyerasına "Gürcü Arzusu” Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

"Səssiz inqilab”, yaxud, "Qərbin yeni Saakaşvilisi”

Rusiya KİV-lərindən Kaxa Kaladzenin Tiflis meriyasının başçısı seçilməsinə ilginc şərhlər verilir. Rus mənbələrinə görə mer postu Kaladzenin vəzifə pillələrində yüksəlişi üçün "trampilin” rolunu oynayacaq.Bir sıra gürcü ekspertlər isə onu "Qərbin yeni Saakaşvilisi” adlandırırlar. Ehtimallara görə, hələ də Rusiyada biznesi olan zəngin iş adamı, keçmiş baş nazir Bidzina İvanişvilinin təsir dairəsində olan hökumətin Moskvaya meyilli olduğunu nəzərə alan Qərbin siyasi dairələrinin Kaladze vasitəsilə hakimiyyətdaxili "qiyam” hazırlanır. "Səssiz inqilab” adı verilən layihə üçün Kaxa Kaladzenin seçilməsi də təsadüfi hesab olunmur.Bununla bağlı Rəcəb Tayyib Ərdoğan və Mixail Saakaşvili nümunələri də çəkilir.Məlumdur ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan hazırkı postadək yüksəlişi və siyasət meydanına çıxışı İstanbul şəhərinin meri pilləsindən başlamışdı.Mer kimi 10 milyonluq İstanbul və digər bölgələrdə nüfuz qazanmağı bacaran Ərdoğan Ədalət və İnkişaf Partiyasını (AKP) qurduqdan çox qısa müddət sonra seçkilərdə qalib gələrək Türkiyədə uzunmüddətli hakimiyyətini qura bildi.Qeyd edək ki, Gürcüstanın keçmiş inqilabçı başçısı Mixail Saakaşvili də Eduard Şevardnadze hökumətində qısa müddətə ədliyyə naziri postunu tutsa da, sonradan Tiflis meriyasının başçısı seçilmişdi.Saakaşvilinin mer seçilməsi ilə Şevardnadzeni devirməsi arasındakı vaxt çox qısa idi.

Gürcüstan yeni dəyişikliklər ərəfəsində

Həm ölkə ictimaiyyəti arasında, həm ABŞ, həm də Avropanın siyasi dairələri yanında kifayət qədər nüfuzu olan Kaxa Kaladzenin paytaxtın meri seçilməsi birmənalı qəbul edilmir.Qeyd olunur ki, Gürcüstanın ictimai-siyasi həyatında köklü dəyişikliklərin mənbəyi hesab edilən bu seçimlə Qərb Rusiyanın hakimiyyətdəki dayaqlarını laxlatmağa və mövqelərini zəiflətməyə çalışa bilər.

"Təsadüfi adam deyil”

Gürcüstan üzrə ekspert Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında Kaladzenin bu posta seçilməsinin təsadüfi olmadığını bildirib. Ekspert bu postun onun siyasətdə yüksəlişi üçün "trampilin” rolunu oynayacağını da istisna etməyib:

"Çox mürəkkəb seçkidir, bu gün qazanılan səs sabah itirilə də bilər. Hər halda Kaxa Kaladze təsadüfi adam deyil. İvanişvli hökumətində yüksək postları tutub, kifayət qədər mürəkkəb siyasi proseslərin içində olub.Hər halda Tiflisin meri kimi ciddi bir posta seçilməsi təsadüfi hadisə deyil.Əlbəttə, proseslər onun şəhər təsərrüfatını necə idarə etməsindən asılıdır.Əgər işləyə bilsə, yaxşı da səs alacaq.Demokratik prinsiplərə sadiq qalsa, hər şey mümkündür”.

Mənsur






Həftənin ən çox oxunanları