Yuxarı

Xalqa müxalifətçilik edən "yurdçular”

Xalqa müxalifətçilik edən

Milli Şura və "Yurd” təşkilatı oktyabr ayının 28-nə təyin etdikləri mitinqin söyüşlü təbliğatını davam etdirir. Mitinqə gəlməyənləri təhqir edən və söyüş qoyan "Yurd” üzvlərinə quru addan ibarət olan Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev də qoşulub. O, ayın 28-də mitinqin keçiriləcəyi meydanı boş qoyacaq insanları "qeyrətsiz” olmaqda ittiham edib.

Düzdür, E.Quliyev bunu başqasının adıyla edib, lakin onun insanları təhqir edən bu hərəkətə haqq qazandırdığı da diqqətdən yayınmır. Eldəniz Quliyev özünün Feysbuk hesabında yazır: ""Meydanı boş qoyanın papağı boş qalacaq”. Bu replikanı bayaq avtobusda eşitdim. Yaşlı bir kişi özünəməxsus tərzdə 28 oktyabr mitinqinə çağırış edirdi”.

10 milyonda bir ehtimal

İnandırıcı deyil ki, bundan əvvəlki mitinqi barmaqların sayından dəfələrlə az insanla yol vermiş Milli Şuranın növbəti mitinqi Eldəniz Quliyevin dediyi qədər maraq görsün və ictimai nəqliyyatda müzakirə mövzusuna çevrilsin. Lakin belə bir söhbətin Eldəniz Quliyevin yanında edilməsini və onun buna qulaq şahidi olduğunu da söyləmək olar. Buna da şübhə yoxdur ki, əgər həmin yaşlı adam bu sözləri deyibsə, onda o Eldəniz Quliyevin yanında olan, onun mövqeyini bölüşən biri olub. Öz aralarında söhbət ediblər və E.Quliyev bunu hansısa sıravi vətəndaşın mitinq həvəsi kimi cəmiyyətə sırımağa çalışır. 10 milyonluq cəmiyyətin 0.0000000001 faizinin diqqətini cəlb etməyən mitinq haqqında bu 10 milyon içindən bir nəfərin danışmasını həmin mitinqin təşkilatçılarından biri olan bir insanın rastına çıxması 10 milyonda 1 ehtimaldan da azdır. Yəni, Eldəniz Quliyev ya Əli Kərimli qədər "layk” xəstəliyinə tutulub, bununla Feysbuk-da diqqət cəlb etmək istəyir, ya da bu mitinqlər üçün Əli Kərimliyə ayrılmış pullardan bir pay umur və özünü onun yanında şirin göstərməyə çalışır.

Şəxsi mənfəətə qurban verilən maraqlar

Milli Şura heç müxalifəti təmsil edən siyasi partiyaların mütləq əksəriyyəti bura üzv olanda cəmiyyətin bu qədər diqqətini cəlb etməmişdi. Ayın 28-də "Yurd” sədri Əli Kərimlinin 30 min insanın qatılacağını gözlədiyi mitinqin təşkilatçısı həmin Milli Şuradır ki, 2013-cü ildə prezident seçkilərinə az vaxt qalanda Bayılda jurnalistlər üçün tikilmiş binanın qarşısındakı kiçik meydançanı doldura bilməmişdi. Bu baxımdan həvəskar futbol meydançası - "Məhsul” da Milli Şuranın mitinqi üçün kifayət qədər böyük meydandır. Əgər kiçik bir stadion Əli Kərimlinin yüz minlərlə üzvünün olduğunu dediyi "Yurd” doldura bilmirsə, o zaman nümayiş üçün kiçik bir klub da bəs edər.

Nə Milli Şura, nə də "Yurd”un məqsədinin mitinqlə xalqın problemlərini hakimiyyətin diqqətinə çatdırmaq olduğu 2013-cü ildən məlum idi. Həmin il keçirilmiş prezident seçkilərində müxalifəti əvvəldən prosesdən məğlub qismində çıxarmağın layihəsi olan Milli Şura üçün ayrılmış pulların əsas hissəsi Əli Kərimlinin ciblərinə toplananda, bu qurumun hansı məqsədin daşıyıcısı olduğu hər kəs üçün bilinən sirr idi. Elə müxalifətin ümumi maraqları da bu şəxsi mənfəətin güdazına qurban verildi.

Xalqla müxalifətçilik

İstər 2013-cü ildə, istərsə də bundan əvvəlki və sonrakı dönəmlərdə də Əli Kərimlinin iştirak etdiyi bütün düşərgələrin əsas qayəsi hakimiyyətlə yox, müxalifətlə müxalifətçilik olub. İndiki situasiyada isə "Yurd” sədrinin rəhbər şəxslərindən biri olduğu Milli Şura müxalifətlə yox, xalqla müxalifətçilik edir. Mitinqlərə gəlməyən xalq söyülür, təhqir edilir. Bu yolla "Yurd” növbəti dəfə xalqı ümumi maraqlardan diksindirir. Açıq formada ifadə etsək, xalqı diksindirib meydandan uzaqlaşdırırlar. Nəzərə alsaq ki, qarşıdan seçkilər gəlir və bu, Əli Kərimlinin qazanması baxışından  ideal fürsətdir, bu baxımdan xalqı, müxalifəti proseslərdən uzaqlaşdırmaq lazım gəlir ki, o, bu işdə peşəkarlaşmış biridir.

Mənsur






Həftənin ən çox oxunanları