Yuxarı

İŞİD Qafqaza da gəlir?

 İŞİD Qafqaza da gəlir?

Bakının Qaradağ rayonunda terror aktları planlaşdıran şəxslər zərərsizləşdirilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. 

Müəyyən edilib ki, Azərbaycandan kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilib.

Terrorun "silkələnən barmaqları”

Artıq son bir ayda ikinci dəfədir ki, DTX-nın keçirdiyi əməliyyatla 5-dən çox radikal qruplaşma üzvü məhv edilib. Təhlükəsizlik üzrə ekspertlər son günlərdə ölkədə boy göstərən radikalizmin təsadüfi olmadığını və bir sıra kanallar vasitəsilə Azərbaycana axının yarandığını ehtimal edirlər. Xüsusilə də Suriya və İraqda strateji məntəqələrini itirmiş İŞİD və "Ən-Nüsra” terror təşkilatları kimi radikal qruplaşma üzvlərinin dünyanın əksər ölkələrinə səpələnməsi, digər bölgələr kimi Azərbaycanı terrorizmə qarşı ciddi addımlar atmağa məcbur edir. Bir neçə gün əvvəl DTX rəisi Mədət Quliyevin mətbuata verdiyi açıqlama da bundan xəbər verirdi. M.Quliyev açıqlamasında gənclərin radikal qruplaşmaların təsir dairəsinə düşməməsi üçün lazım olan tədbirlərin görüldüyünü bildirdi. DTX rəisinin açıqlamasına görə Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 300-ü ölüb, 85-i həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

ABŞ KİV-ləri artıq Yaxın Şərqdən çıxmağa başlayan radikalların dünyanın digər bölgələrinə üz tutmağa başladıqlarını bildirirlər. Amerika kəşfiyyatından KİV-lərə verilən məlumatda terrorçuların yerləşmək üçün hədəf seçəcəkləri bölgələr arasında Orta Asiya və Avropa ilə yanaşı, bütünlükdə Qafqaz regionu və Rusiyanın da adı çəkilir. Xatırladılır ki, hələ 3 il əvvəl Rusiyanın Şimali Qafqaz bölgəsini öz "əmirliyi” elan etmiş İŞİD-in bu bölgədən olan üzvləri ilin əvvəlindən öz ölkələrinə geri qayıtmağa başlayıblar.

Rusiya İŞİD-in hədəfində

Artıq İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək dünya çempionatını hədəfə alıb. Terrorçular "fotoşop”la düzəldilən bir neçə rəsm vasitəsilə turniri açıq şəkildə təhdid ediblər. Həmin arxivdəki şəkillərdən birində Argentina millisinin kapitanı Lionel Messi də var. "Barselona”nın hücumçusunun dəmir barmaqlıqlar ardından qanlı göz yaşı tökən yerdə təsvir edilən şəklinin yanında bu cümlə yazılıb: "Lüğətində uğursuzluq olmayan bir dövlətlə savaşırıq”. Düzəldilən rəsmlərdən birində isə qarşılaşmaların keçiriləcəyi stadionlardan olan "Lujniki”yə doğru baxan bir silahlı militan saatlı bomba ilə yer alıb. Onun üzərində "Rusiyadakı bütün Allahsızlar... Sizə söz, mücahidlərin atəşi yanacaq. Sadəcə, gözləyin”, - yazılıb.
Daha bir rəsmdə dünya çempionatının loqosunun ətrafı qana bulanmış, partlamaq üzrə olan bir bomba çəkilib. Sol əlində avtomat tutan üzü maskalı bir nəfər isə sağ əli ilə terrorçunun xəbərdarlıq mesajını çatdıran işarəni göstərib.

Ekspertlər son günlərdə Azərbaycanda narahatlıq yaratmağa başlayan terror təhlükəsinin bir səbəbinin də ölkəmizin gələn il dünya çempionatı və eyni zamanda prezident seçkilərinin keçiriləcəyi Rusiyanın qonşuluğunda yerləşməsi ilə əlaqələndirirlər. Hesab olunur ki, Rusiyada vəziyyəti qarışdırmaq istəyən kənar qüvvələr terrorçulardan istifadə etməyə cəhd edə bilərlər. Bu baxımdan bu günlərdə Rusiya KİV-lərində "Federasiya terrorizmlə mühasirəyə alınır”, başlıqlı məqalələrin tirajlanması da təsadüfi hesab olunmur. Qeyd olunur ki, Rusiya daxilində vəziyyəti qarışdırmağa çalışan güclər Yaxın Şərqdən çıxan terrorçuları ətraf ölkələrdə yerləşdirməyə, yaxud, bu ölkələrin daxillərindəki radikalları təşkilatlandırmağa cəhd edə bilərlər.

"Hədəf hər bir ölkə ola bilər”

Təhlükəsizlik üzrə ekspert, Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda boy göstərən radikalizmin fundamental səbəblərinin olduğunu bildirib. O, ölkəmizin terror təşkilatlarının hədəfində olduğunu da istisna etməyib:

"Azərbaycanın terrorizmin hədəfində olmasının həm daxili, həm də xarici səbəbləri var. Əsas səbəblərdən biri 2014-cü ildən sonra ölkə daxilində yaranmış  sosial-iqtisadi problemlərdir. Xarici səbəb isə yerləşdiyimiz regionda geosiyasi proseslərin həlledici mərhələyə daxil olmasıyla əlaqədardır. Bu geosiyasi qarşıdurmalarda etniklərdən, kiber savaşlardan və terror təşkilatlarından istifadə edilir. Terror təşkilatlarını müdaxilə edib parçalamaq, yaxud, siyasi hakimiyyətlərini dəyişmək cəhdi göstərdikləri ölkələrə yönəldirlər. Təəssüf ki, Azərbaycan da bu tələblərə cavab verən ölkədir. Sosial problemlər, Azərbaycanın müsəlman ölkəsi olması,  yaxın bölgələrdə yerləşən dövlətlərdə - İraq və Suriyada terror təşkilatlarının aktiv fəaliyyətləri və uğurlu əməliyyatlar nəticəsində həmin radikal qruplaşmaların həmin regiondan çıxaraq digər bölgələrə yayılması bu ehtimalı artırır. Terror təşkilatlarının bir hissəsi artıq Liviya və Misirə keçiblər. MDB-nin digər dövlətlərindən olan radikal qruplaşma üzvlərinin öz ölkələrinə geri qayıtması da gözlənilir. Bu radikalların təşkilatlanması və arxasında duran dövlətlərin göstərişi ilə onların hansı marşrut üzrə hərəkət edəcəkləri məlum olacaq. Əgər həmin güclər Azərbaycanı hədəf seçəcəksə, terror fəaliyyətinin kəskin artacağını ehtimal etmək olar. Buna qarşı profilaktik, yaxud, qabaqlayıcı tədbirlər görülür. Bu, yüksək qiymətləndirilməlidir, amma bu, nəticə ilə mübarizədir. Səbəblərlə mübarizə aparmaq lazımdır. Səbəblər - terrorizmi yaradan şərait ortadan qaldırılmasa, dəyişikliyə nail olmaq mümkün deyil”.

Sülhəddin Əkbər qeyd edib ki, Azərbaycanda terrorizmin yayılmasında ölkəmizin Rusiyanın qonşuluğunda yerləşməsi amili də rol oynayır: "Rusiya amili də var. Çünki radikalların yerləşəcəyi ehtimal olunan bölgələrdən biri də Şimali Qafqazdır. Xüsusilə, əsas ərazi Dağıstan hesab olunur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları