Yuxarı

Rusiya Əsədi döyüş meydanında qoyur

Rusiya Əsədi döyüş meydanında qoyur

Rusiyanın Suriyadakı ordusunu geri çəkəcəyi ilə bağlı məlumat yayılıb. "Cümhuriyət” qəzeti Rusiyada nəşr olunan "Kommersant” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi ölkə ordusunun Suriyadan çıxarılması imkanlarını nəzərdən keçirir. Qəzetin mənbəsi ordunun Suriyadan mərhələli şəkildə çıxarılacağını vurğulayıb. Suriyadan çıxarılanlar arasında daha çox mühəndislər, texniki mütəxəssislər olacaq. Moskva həmçinin Hmeymimdəki aviabazadakı bir sıra texnikanı da Rusiyaya göndərəcək. Bununla belə Moskva hava hücumundən müdafiə sistemlərini Suriyada saxlayacaq. Bu sistemlər daha çox Rusiyaya məxsus obyektlərin mühafizəsini təşkil edəcək.

Əsədin taleyi necə olacaq?

Xatırladaq ki, hələ keçən ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Suriyadakı rus ordusunun böyük hissəsini çıxaracaqlarını açıqlamışdı. Həmin vaxt da analitiklər Rusiyanın bu addımının sürpriz nəticələrindən danışırdılar.Hazırkı vəziyyətdə - Bəşər Əsəd ordusunun ölkənin 50%-dən çox hissəsinə nəzarəti geri qaytardığı vaxt, əsas dəstəkçisinin - Rusiyanın bu qərarının Əsəd rejiminin gələcək taleyini müəyyən edəcəyi də labüddür. Nəzərə alsaq ki, müxaliflərin Suriya Azadlıq Ordusu, İŞİD, "Ən-Nüsra” terror təşkilatları və İŞİD əleyhinə ABŞ liderliyində qorumuş koalisiya qüvvələri hələ Suriyadadır, bu baxımdan Rusiyanın geri çəkilməsi Əsədi pis vəziyyətdə qoya bilər. Bundan əvvəl İran və "Hizbullah” öz silahlı birləşmələrinin geri çəkməsi amili də vəziyyəti fərqli məcraya yönəldə bilər.

Analitiklər Rusiyanın geri çəkilmək qərarından sonra Bəşər Əsədin yerinə başqa bir siyasi qüvvənin gələcəyi ehtimalını da gündəmə gətiriblər. Hesab olunur ki, Rusiyadan verilən dəstəyin kəsilməsi, hazırda hücum mövqeyində olan Əsəd ordusunu müdafiə mövqeyinə geri çəkə bilər ki, bu, Suriya Azadlıq Ordusu və digər silahlı qruplaşmalarını hücumlarının sayını artıracaqları deməkdir.Bu baxımdan ehtimal olunur ki, İran və "Hizbullah”dan sonra Rusiyanın geri çəkilməsi Əsədin gücünü xeyli dərəcədə zəiflədəcək ki, bu da onu devirməyə çalışan qüvvələrin manevr imkanlarını genişləndirə bilər.

"Əsəd hakimiyyətini saxlayacaq”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Suriyadan hərbi kontingentinin əksər hissəsini çıxaracağı  barədə əvvəldən anons verilmişdi. Politoloqun sözlərinə görə, Putin hakimiyyətinə yaxın siyasi təhlilçilər dəfələrlə deyiblər ki, Moskva SSRİ-nin Əfqanıstandakı səhv strategiyasından imtina edəcək. Yəni, İŞİD və "Ən-Nüsra”dan azad olunan ərazilər tamamilə Bəşər Əsəd hakimiyyətinin  nəzarətinə veriləcək. Başqa bir məsələ isə İran amili ilə bağlıdır. Rusiya  Əsəd hakimiyyətinə dəstəyin verilməsinin  məsuliyyətini xeyli dərəcədə İranla bölüşməyə çalışır. Digər tərəfdən ruslar bütün dünyaya göstərməyə çalşırlar ki, Əsəd hakimiyyəti özü ölkəyə nəzarət etmək iqtidarındadır və suverendir. Digər yandan, ruslar Türkiyə, İran, İordaniya  və Suriyadakı müxalif gücləri bir araya gətirməklə, danışıqlar masasında Əsəd hakimiyyətinin ən azı de-fakto tanınmasına çalışırlar. Artıq Astanada Suriya böhranının nizamlanması çərçivəsində müzakirələrin 7-ci mərhələsi başlayır.  Hərbçiləri geri çəkməklə, Moskva Əsəd hakimiyyətinin legitimliyi və suverenliyinin tanınması üçün maksimum səy göstərir. Türkiyə də de-fakto bununla barışıb. Bütün bunların fonunda Əsəd hakimiyyəti yaxın perspektivdə ən az keçid mərhələsində öz mövcudluğunu saxlayacaq”.

"Ruslar bu 3 məsələni həll etməyə çalışırlar”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ruslar 2015-ci ildə Suriyaya girdilər, qışda isə bu ölkədən çıxmaq məsələsi ortaya atıldı. Lakin ekspert bu ehtimalın real olmadığına inanır:

"Bunun da iki əsas səbəbi var. Əvvəla, ruslar indi yox, 1971-ci ildən Suriyadadırlar.Tartusda hərbi dəniz bazaları var. Digər yandan, bu əlaqələr qırılmayıb, Suriyada vətəndaş müharibəsindən sonra bu əlaqələr daha da inkişaf edib.Belə olan halda, niyə Rusiya itki verərək, milyardlar xərcləyərək savaşdığı Suriyadan yarımçıq çıxmalıdır?Söhbət münaqişənin həllindən sonra hərbi qüvvələrin bir hissəsini çıxarmaqdan gedir.Çünki Rusiya dövlət rəsmiləri və Müdafiə Nazirliyi bəyan edib ki, bu ilin sonuna qədər böyük müharibə bitəcək.Bundan sonra Rusiya aktiv əməliyyat qüvvələrini geri çəkə, Suriyada minaxtaran, hərbi polis və hərbi-hava və dəniz bazaları ilə qala bilər.Bu da aydındır.Müharibə başa çatandan sonra aviasiya və əməliyyat qüvvələrini orada saxlamağın adı yoxdur.Amma bunun üçün ilk növbədə Suriyada böyük əməliyyat başa çatmalıdır.Doğrudur, hazırda böyük ölçüdə ölkəyə Əsəd nəzarət edir, ancaq Deyr əz-Zor və İdlibdə əməliyyat başa çatmayıb.Cənubda da vəziyyət dəqiqləşməyib.Yəni, rusların çıxarılması ən azı bu 3 məsələ həll olmamış mümkün deyil”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları