Yuxarı

Yeni Qarabağ manevri

Yeni Qarabağ manevri

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün yeni mərhələ açıla bilər. Bu Cənubi Qafqazda baş verən son geostrateji proseslərlə bağlıdır. Bakı-Tiflis-Qars, Şimal-Cənub dəmiryolu dəhlizlərinin və tarixi İpək Yolunun üzərində yerləşməsi Azərbaycanın yalnız geoiqtisadi deyil, həm də siyasi çəkisini artırır. Sözügedən meqalayihələrin reallaşması rəsmi Bakıya Rusiya ilə münasibətlərdə geniş manevr imkanları yaradır.  Belə ki, Avropadan Mərkəzi Asiya və Çinə, eləcə də əks istiqamətdə yüklərin daşınması tranzit ölkə kimi Azərbaycana tələbatı artıracaq. 

Həmçinin, Rusiya və İran da bu nəqliyyat şəbəkəsi vasitəsilə Türkiyəyə və Avropaya yükdaşımaları Azərbaycan ərazisindən həyata keçirə bilər. Bu da öz növbəsində, Cənubi Qafqazda Ermənistanla strateji müttəfiqliyə üstünlük verən Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. Yəni Ermənistanla müqayisədə Azərbaycanın geoiqtisadi əhəmiyyətiinin artması bölgədə geosiyasi balansın dəyişəcəyi barədə proqnozları artırıb.

 Qərbin sanksiyaları fonunda iqtisadi blokada şəraitinə düşən Rusiya üçün həm Bakı-Tiflis-Qars, həm də Şimal-Cənub nəqliyyat dəhlizi nəfəslik rolunu oynaya bilər. Moskva eyni zamanda, Avrasiya İqtisadi Birliyinin Azərbaycan üzərindən keçən regional dəmir yolları qovşağı vasitəsilə İran və Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. Lakin AİB-nin üzvü olan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması ittifaqın Cənubi Qafqazda tranzit dəhlizlərindən istifadə imkanlarının qarşısını alır. Ona görə də Ermənistanın ən azı Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonları geri qaytarması Rusiyanın bölgədə geoiqtisadi fəallığının artması üçün yeni imkanlar aça bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirakdan bir neçə gün sonra Moskvaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etməsi çox güman bölgədə yaranmış dəyişməkdə olan situasiya ilə bağlıdır. İşğal edilmiş ərazilərin qaytarılması müqabilində Azərbaycan-Rusiya-Türkiyə-İran iqtisadi əməkdaşlıq formatının qurulması Moskvanın geostrateji əhəmiyyəti artmağa başlayan bir tranzit məkanın əsas iştirakçılarından birinə çevirə bilər. Ərazilərin qaytarılması üçün İrəvanı razı salmaq Rusiyaya AİB-ə daxil olan Ermənistanı blokada vəziyyətindən çıxartmaq üçün lazımdır. Digər tərəfdən, Rusiyanın Bakı-Tiflis-Qars dəmiryolu ilə tranzit daşımalara qoşulması Qərbin təsir dairəsində olan Gürcüstana Kremlin çıxış imkanlarının təmin edilməsi deməkdir.

Bütün bunlarla yanaşı, Azərbaycan ərazisindən keçən meqalayihələr Rusiyaya ciddi təsir imkanı da yaradır. Əgər Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında güzəştə getməsə, o zaman yüklərin Rusiya ərazisindən yan keçməklə, yəni Azərbaycan vasitəsilə tranziti işə salına bilər. Söhbət Ukrayna, Belarus, Moldova və Baltikyanı ölkələrlə Çin və Mərkəzi Asiya arasında yüklərin Rusiya ərazisindən daşınmasına son qoyulmasından gedir. Şərqi Avropa ölkələri Rusiyanın iqtisadi təzyiqlərindən xilas olmaq üçün yeni tranzit dəhliz axtarışındadır.  Azərbaycan ərazisindən daşımalar həm alternativ məkan kimi, həm də  tarif və vaxt baxımından daha az olması ilə Avrasiya nəqliyyat dəhlizinə ehtiyacı olan dövlətlərin diqqətini cəlb edir. Avrasiya nəqliyyat qovşağının böyük hissəsinə nəzarət edən Rusiyanın adıçəkilən ölkələrə əsas iqtisadi təsir vasitələrindən biri öz ərazisindən yükdaşımalara məhdudiyyət tətbiq etməsi və tarifləri artırmasıdır. Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Moskva ilə Ankara arasında yaranmış diplomatik gərginlikdən sonra analoji qadağalar Türkiyəyə tətbiq edilmişdi. Həmin vaxt rəsmi Bakının Rusiya ərazisindən keçməli olan tranzit yüklərin Azərbaycan ərazisindən aşağı tariflərlə Qazaxıstanın Aktau limanına daşınmasına şərait yaratması Türkiyənin üzləşdiyi böhrandan çıxmasında ciddi rol oynamışdı.  Rusiya  bu tip məhdudiyyətləri Ujraynaya da tətbiq edir. Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsindən sonra Türkiyə ilə Mərkəzi Asiya ölkələri və Çin arasında yüklər artıq Rusiya ərazisindən deyil, Azərbaycandan keçməklə daşınacaq. Eləcə də Belarus, Moldova, Litva, Latviya, Ukrayna ilə Çin arasında daşınan yüklər Rusiyadan yan ötməklə  Gürcüstanın Qara dənizdəki Poti limanı ilə Azərbaycana və əks -istiqamətdə yola salınacaq. Artıq bu layihə reallığa çevrildiyindən digər Avropa ölkələrinin də diqqətini cəlb edir. Bu isə Rusiyanın qonşu dövlətlərə iqtisadi təsir imkanlarını aşağı salır. Ona görə də Azərbaycan yeni geostrateji layihlələrin mərkəzinə çevrilməklə Kremllə münasibətlərdə yeni manevr imkanları əldə edib. Rusiya özünün regional maraqlarını nəzərə alıb Dağlıq Qarabağ probleminə yeni yanaşma nümayiş etdirməsə, Azərbaycan Moskvanın qonşu dövlətlərə təsir üsullarını aradan qaldırmaq istiqamətində səyləri işə sala bilər.

Son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danlışıqlar Rusiya ilə münasibətlərdə növbəti mərhələ açır. Noyabrın 6-7-də Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində strateji tərəfdaşlığa dair saziş layihəsi barədə danışıqlar aparılacaq. Rəsmi Bakının sözügedən müqavilənin imzalanmasına razılıq verməsi Rusiya ilə Qərb arasındakı münasibətlərdə Azərbaycanın manevr imkanlarını genişləndirə bilər. Təbii ki, mövcud durumun gələcək istiqaməti rəsmi Bakının AB-nin təkliflərini necə dəyərləndirməsindən asılıdır.

Lakin Assosiasiya Sazişinin təkliflərinin əks olunduğu müqaviləni imzalamaqdan son anda imtina etmiş Ermənistanla yanaşı, Azərbaycanın da birmənalı şəkildə "yox” cavabı verməsi Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirmiş olar. Ona görə də son vaxtlar meqalayihələr hesabına Rusiya ilə xeyli yaxınlaşan Azərbaycan Qərblə də strateji tərəfdaşlığa üstünlük verməklə Dağlıq Qarabağ probleminin həllində daha ciddi oyunçuya çevirmiş olar. Bu da Rusiyanı kompromisə sövq etmək üçün tutarlı vasitədir.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları