Yuxarı

Prezidentlər Bakı-Qarsa qarşı birləşir

Prezidentlər Bakı-Qarsa qarşı birləşir

Noyabrın 9-da Rusiyanın Çelyabinsk şəhərində Rusiya Federasiyası və Qazaxıstan Respublikasının regionlararası əməkdaşlıq üzrə 14-cü Forumu keçirilib. Rusiya prezidenti Vladimir Putin bu plenar iclasın sonunda Bakı-Qars dəmiryoluna alternativ olacaq yeni marşrut xəttini elan edib. Putinin qeyd etdiyi nəqliyyat dəhlizi Çin-Qazaxıstan və Rusiya ərazisindən keçməklə, Avropaya uzanacaq yeni dəmiryol xəttidir.

Putin bu yeni nəqliyyat dəhlizindən söz açaraq deyib: 

"Çindən Rusiya və Qazaxıstan əraziləri vasitəsilə Avropaya yeni dəmiryolunun işə salınması ölkələrin sənayesinə və logistikasına müsbət təsir edəcək. Mən Çin Xalq Respublikasından Qazaxıstan və Rusiya vasitəsilə Avropaya dəmiryolu magistralının böyük tikinti layihəsinin mümkün reallaşdırılması haqqında Nursultan Nazarbayevin dediklərinə qoşuluram. Bu, istehsalın bütün sahələrinin inkişafında çox yaxşı stimul ola bilərdi".

Ekspertlər hesab edir ki, bu Rusiyanın birbaşa olaraq Bakı-Qarsa qarşı atdığı addımdır. Bu məsələ gündəmə gəldikdən sonra Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin Rusiyanı hədəf alması gözdən yayınmayıb. "Biz bu birliyə həddən artıq böyük ümid bəsləmişdik. İqtisadi inkişafda özümüzü aldatmağa və birliyə ümid etməyə  dəyməz. Bir nəfərdən asılı olan qurum etibarlı  müttəfiq ola bilməz, əgər hətta həmin adam dünyadakı ən güclü şəxsdirsə...". Hesab edilir ki, Atambayevin Rusiya və Qazaxıstan prezidentlərini  nəzərdə tutur. Onun daha çox Putini qəsd etdiyi qeyd olunur. Amma böyük ehtimallar Putinin üzərində cəmləşir. Ölkəsinin iki yeni bazar- Özbəkistan və Çin üzərində daha çox düşündüyünü deyən Atambayev həmçinin Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun çəkilişini sürətləndirməyi vacib hesab edib. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması Qırğızıstan prezidentində ümid yaradıb.

Rusiyanın bu prosesdən kənarda qalması isə təbii ki, şimal qonşumuzu müəyyən addımlar atmağa vadar edib. Bu addımlardan biri də məhz Rusiyanın yeni dəmiryol layihəsidir.

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində Rusiyanın belə addımının gözlənilən olduğunu deyib: 

"Əlbəttə ki, bu bir rəqabətdir. Təbii ki, Rusiya Bakı-Tbilisi-Qars dəmiryol xəttini sadəcə kənardan izləyəcək, buna göz yumacaq bir ölkə deyil. Buna bir alternativin yaradılmaması, bütün yüklərin yalnız bu istiqamətdə daşınmasına rəvac verəcəkdi ki, bundan da qazanan ölkələr məhz bu kommunikasiya sistemini quranlar olacaqdı.  Bakı-Qars Rusiyadan yan keçən qlobal layihədir. Ona görə də Rusiya dərhal hərəkətə keçdi. Artıq Rusiyada bir neçə aydır ki, bu istiqamətdə konkret müzakirələr gedirdi. Təbii ki, yeni bir alternativin yaradılması, Rusiyanın itkilərlə üzləşməməsi üçündür. Bu istiqamətdə də çox böyük yüklər, ticarət malları məhz Rusiya üzərindən Avropaya daşınacaq. Eyni zamanda Avropadan gələn yüklər Rusiya üzərindən Uzaq Şərq istiqamətinə göndəriləcək. Bu daşımalardan Rusiya çox böyük məbləğlərdə pullar qazanır. Təbii ki, yeni Rusiya-Qazaxıstan xətti, Bakı-Qars dəmiryol xəttinin gəlirlərini nisbətən azaldacaq. Ancaq hər bir halda burada əsas rəqabət tariflərə qoyulan qiymət və yüklərin ən qısa zamanda ünvanına çatdırılması olacaq. Bu məsələdə rəqabət əsas olacaq və düşünürəm ki, hansı istiqamətdə daha məhdud sayda qiymətlər və az zaman çərçivəsi olacaqsa, yüklərin də böyük hissəsi məhz bu istiqamətdə daşınacaq. Ona görə də bu yöndə rəqabətə dözmək üçün dözümlü kommunikasiya sistemi yaratmaq vacibdir. Həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstan daşıma xərclərində mütləq mənada razılaşmalı və aşağı hədd tətbiq etməlidir. Ayrıca xidmətdən tutmuş zaman məsələsinə qədər bütün detallar düşünülməlidir. Əks tədqirdə, bu rəqabət üçün dözümlü xətt olmayacaq ki, bu da daşınacaq həm yüklərin, həm də sərnişinlərin sayını azaldacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları